SEPAH-da nə baş verir? FAKT+FOTO

Cənubi Azərbaycan informasiya resursları bu güc strukturunun daxilində parçalanma yaşandığını iddia edirlər

İranda kütləvi xalq etirazları başlayandan bəri qiyamları silah gücü və amansızlıqla yatırmağa çalışan, yüzərlə insanların həyatlarına son qoyan, etirazçıları həbs edərək zindanlara atan, işgəncələr verən əsas güc strukturu SEPAH (digər adı İslam inqilabı keşikçiləri korpusu) barədə ilginc məlumatlar gəlməkdədir. Artıq Cənubi Azərbaycana bağlı olan informasiya resursları da iddia etməyə başlayıblar ki, SEPAH-da parçalanmalar yaşanır və bunun da bir sıra səbəbləri var. SİA xəbər verir ki, bununla bağlı “Təbriz Turan TV” də diqqətçəkən xəbər yayıb.

Ərdəbil vilayəti üzrə SEPAH zabitləri mərkəzinin rəisi vəzifəsində çalışmış Rzaqulu Məhdəvi kimdir?

Məlumata görə, aşağıda əks olunan iki mesaj SEPAH polkovniki, 90-cı illərin birinci yarısında briqada komandiri, 2000-ci illərdə, islahatçılar hakimiyyətdə olan illərdə Ərdəbil vilayətinə nəzarət edən SEPAH-ın komandiri və İranın ali dini lideri Əli Xamneyinin Ərdəbil vilayətindəki nümayəndəsinin (əyalət mollasının) müavini, eləcə də on ildən bəri ehtiyatda olan Ərdəbil vilayəti üzrə SEPAH zabitləri mərkəzinin rəisi vəzifəsində çalışmış Rzaqulu Məhdəvi tərəfindən yazılıb. Belə ki, hökumətə qarşı aksiyalar başlayandan bir qədər sonra - 15 oktyabr 2022-ci il tarixində ehtiyatda olan bütün zabitləri həmin aksiyaçıları yatırmaq üçün rəhbərlik etdiyi mərkəzə çağırmış və polkovnik Mustafa Hüseynini də SEPAH-ın “Sarəllah” adlı bazasında yerləşən “Hüseyniyyəsində” öz müavini təyin edərək repressiya işlərinə rəhbərlik etməyi ona tapşırmışdı. Rəisin çağırışına rəğmən, həmin vaxt bu çağırışa müsbət reaksiya göstərən olduqca az olmuşdu.

Futbol üzrə dünya çempionatında İranın İngiltərəyə böyük hesabla (6:2) uduzması SEPAH üzvlərinin bu strukturu tərk etməsi ilə nəticələnib?

Etirazların səngimədiyi və daha geniş miqyas aldığını görəndən, xüsusilə ölkənin milli futbol komandasının İngiltərə qarşısında 6:2 hesabı ilə sarsıdıcı məğlubiyyətindən sonra xalqın etirazçı qisminin sevindiyini görəndən bir qrup SEPAH üzvü artıq geri addım atmağa və guya repressiyada iştirak etməmək barədə qərar verdiyi bildirmək istəyir.

Adıçəkilən informasiya resursu daha bir maraqlı məqama toxunub. SİTAT: “SEPAH-ın tanınmış fiquru bundan əvvəl ehtiyata çıxmağa belə qarşı olaraq “bir Sepah üzvü ölənə qədər xidmətə hazır olmalıdır” ifadəsi ilə çıxış etdiyi hamıya məlumdur. Qapıda qovulanda bacadan girən bu SEPAH zabitinin düşüncəsində nə baş verdi ki, artıq öz istəyi ilə yaxasını sevdiyi qurumdan qurtarmaq istəyir? Bu İran İslam Respublikasının içəridən dağıldığının göstərir və bu günə qədər belə fanatik zabitləri meydanda saxlayan ideologiyanın artıq puça çıxdığının əyani göstəricisidir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə