“KTMT-dən təhlükə gözlənilirmi?” AÇIQLAMA

“KTMT-dən təhlükə gözlənilirmi?” AÇIQLAMA

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) noyabrın 23-də İrəvanda sessiyası keçiriləcək. Tədbirdə Ermənistan baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğız prezidenti Sadır Japarov, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, sessiyada beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq: “O cümlədən, üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin faşizmin, neofaşizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi ilə bağlı qətnamə qəbul edəcəkləri planlaşdırılır. Siyasi ironiyaya bax ki, Ermənistanda Qaregin Njdeyə qoyulan heykəli sökmürlər, ancaq gəlib İrəvanda faşizmin abidəsinin əbədiləşdirilməsinin yolverilməzliyi ilə bağlı qətnamə qəbul edirlər. Bir adam gəlib demir ki, ay ermənilər, faşist Njdenin 6 metrlik heykəlini niyə sökmürsünüz? Kanoyan Drastamatın adını daşıyan universitetləri niyə yığışdırmırsınız? Axı bütün bunlar nəzərdə tutulan qətnamənin məzmunu ilə uzlaşmır, bir-biri ilə tamamilə tərs mütənasibdir”.

Elşən Manafov onu da bildirib ki, KTMT-nin məlum tədbirində bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənilir: “Azərbaycanda KTMT-nin yüksək səviyyədə keçiriləcək görüşünə maraq əsasən burada müzakirəyə çıxarılacaq iki məsələ - bu hərbi blokun Ermənistana yardımla bağlı göstərəcəyi dəstəyin məzmun və forması, habelə, beynəlxalq müstəvidə tuğyan etməkdə olan faşizm və ona qarşı mübarizənin gücləndirilməsi zərurəti ilə bağlıdır. Ermənistanın istər 44 günlük müharibə, istərsə də bu ilin sentyabrında təxribatçı hərəkətləri nəticəsində KTMT-ni Azərbaycana qarşı müharibəyə cəlb etmək səyləri səmərə vermədi. Bu dəfə də yeni bir şey gözlənilmir. Ona görə ki, KTMT-də həlledici mövqe və nüfuza malik olan Rusiyanın Azərbaycanla ikitərəfli və regional çərçivədə olan münasibətləri fonunda belə bir təhlükə gözlənilən deyil. KTMT-də olan dövlətlərdən ikisi türk dövlətləri olaraq Azərbaycanla qardaş ölkələrdir. Belarus və Tacikistan isə rəsmi Bakı ilə münasibətlərə böyük önəm verirlər”.

E.Manafovun fikrincə, tədbirdə faşizm və onunla bağlı problemlərin müzakirəsi artıq 1 ilə yaxındır gedən Rusiya-Ukrayna müharibəsinin ideoloji tərəfləri ilə bağlıdır: “Bəllidir ki, Rusiya Ukraynaya qarşı xüsusi əməliyyatları bu ölkədə Qərbin dəstəyi ilə hakimiyyətə gələn qüvvələri iqtidardan uzaqlaşdırmaq məqsədilə aparır. Belə bir qərarın İrəvanda qəbul edilməsinin planlaşdırılmasında məqsəd KTMT-də yekdil mövqenin olduğunu Qərbə nümayiş etdirməkdir. Zira ehtiyatlı və təmkinli siyasət yeridən Qazaxıstan prezidenti Tokayev, Azərbaycan kimi, problemin Ukraynanın ərazi bütövlüyü konteksində həllinin tərəfdarı olduğunu bildirib. Lakin Azərbaycanın qələbəsi ucbatından hələlik Rusiyaya sığınmağa məcbur olan Paşinyan iqtidarının faşizmi pisləyən qətnaməyə Moskva faktoruna görə dəstək verməsi suallar doğurmaya bilməz. Belə ki, faşizmi pisləyən dövlətin hökuməti niyə İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ilə əməkdaşlıq edən Njdeni qəhrəman edib, onun şərəfinə İrəvanda abidə ucaldıb? Bu sualı Prezident İlham Əliyev hələ 2019-cu ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB dövlət başçılarının sammitində Paşinyana ünvanlayıb. Həqiqət naminə demək lazımdır ki, həmin heykəl İrəvanda Qarabağ klanının təmsilçilərinin hakimiyyəti dövründə ucaldılıb. Lakin demokrat və insan haqlarının carçısı olduğunu bəyan edən Paşinyan niyə sələflərinin bu səhvini aradan qaldırmaq istəmir? Ermənistanda bununla bağlı sənədin qəbulunun nəzərdə tutulması paradoksal olmaqla yanaşı, ikrah doğurur. Faşizm Nürnberq məhkəməsinin 1947-ci ildə qəbul etdiyi hökmlə bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunsa da, ona qarşı bugünkü siyasi isteblişmentlərin münasibəti daha çox idarə etdikləri dövlətlərin geosiyasi, özlərinin isə konyunktur maraqlarından irəli gəlir. Belə olmasaydı, Rusiyanın özündə Njde ilə bağlı hələ 2013-cü ildə eyni adlı tammetrajlı film çəkilməzdi. Üstəlik, həmin film Rusiya kinoteatrlarında nümayiş olunub. Görünür, ona abidə ucaldanlar da Njdenin "ikili xidmətlərinin" olduğunu öz ağalarına çatdıra biliblər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə