PREZİDENT İLHAM ƏLİYEV: "Bakı-Tbilisi-Qars dəmir yolu qitələri birləşdirir"
2007-ci il noyabrın 21-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli qoyulduğu tarixi gün. Düz 15 il öncə 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin təməli qoyuldu. 1993-cü ildə Türkiyə Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana dəstəyi çərçivəsində Ermənistanla sərhədi bağladı və bununla da Qars-Gümrü-Tbilisi dəmiryolu da fəaliyyətini dayandırdı. Elə həmin il Azərbaycanla Türkiyə arasında bağlanan bu yola alternativ olaraq Gürcüstan üzərindən dəmiryolu xəttinin çəkilişi məsələsinin müzakirəsinə başlanıldı. Tikintiyə dair razılaşma üç ölkə arasında 2005-ci ilin yanvarında imzalandı, lakin maliyyə çatışmazlığı layihənin gerçəkləşdirilməsinə əngəl yaratdı. O zaman ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə bu layihəyə qarşı çıxdılar və tikintinin maliyyələşdirilməsindən imtina etdilər. Onlar Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi əvəzinə, Qars-Gümrü-Tbilisi dəmir yolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycanla Ermənistan arasında olan münaqişəyə görə bu tələblər rədd edildi və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürdü. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verdi. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 2005-ci ilin may ayında keçirilən açılış mərasimində hər üç ölkənin prezidenti yeni dəmir yolu xəttinin tikintisində maraqlı olduqlarını bir daha bildirdilər.
TARİXİ QARDAŞLIQ, TƏBİİ RESURSLAR, TRANZİT İMKANLAR VƏ MÖHTƏŞƏM PERSPEKTİVLƏR BAXIMINDAN BTQ
Azərbaycan Respublikasının müasir geosiyasi müstəvidə əhəmiyyətini artıran əlamətdar hadisələrdən daha biri milli inkişaf tariximizə qızıl hərflərlə həkk olundu. Müasir dünyada beynəlxalq nəqliyyat qovşaqlarının strateji xassəyə malik olduğu bir dövrdə Bakı-Tbilisi-Qars dəmir yolu işə başladı. Onun açılışına bir sıra ölkələrin ən yüksək siyasi səviyyədə qatılması Azərbaycan xarici siyasətinin konseptual əsaslarının möhtəşəmliyini ortaya qoydu. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.
BAKI-TBİLİSİ-QARS DƏMİR YOLUNUN İŞƏ DÜŞMƏSİ, İLK NÖVBƏDƏ, QİTƏLƏRİ BİRLƏŞDİRİR
Bəli, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi, lk növbədə, bu, ölkəmizə imkan verir ki, özünün qitələrarası birləşdirici rolunu gücləndirsin. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 iyun 2004-cü ildə Gürcüstana rəsmi səfəri zamanı Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləmiş və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirmişdir. Sevindirici hal odur ki, bütün bu fəaliyyətin avanqardı iki qardaş ölkə Azərbaycan və Türkiyədir. Bakı-Tbilisi-Qars dəmir yolunun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyini vurğulayan Prezident İlham Əliyev deyib: “Bu yolun istifadəsi zamanı, əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq və təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaqdır. Biznesin inkişafı üçün, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti vardır”. Türkiyənin dövlət başçısı isə bildirib ki, yatırdığımız bu sərmayələrlə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üstünlüyünü və cəlbediciliyini daha da artırdıq: “Azərbaycanın Ələt limanı ilə də yalnız üç ölkəni deyil, bütün Orta Asiya respublikalarını Qərb nəqliyyat marşrutları ilə birləşdiririk. Eyni qaydada Türkmənbaşı limanı vasitəsilə Türkmənistanın, Aktau limanı vasitəsilə Qazaxıstanın Avropaya çıxışını təmin edirik”. Hər iki çıxışa diqqət yetirdikdə görmək olur ki, dövlət başçıları layihəyə tək iqtisadi aspektlərlə baxmamaqdadırlar. Onlar layihənin geosiyasi əhəmiyyətinə vurğu edirlər. Əslində, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi gələcəkdə türk dünyasının real birliyinin yaranması üçün iqtisadi əsasa çevrilə biləcəkdir. Burada bir məqamı da qeyd edək ki, BTQ Azərbaycanın və Türkiyənin geosiyasi və geoiqtisadi təsir imkanlarının artmasını istəməyən bütün ölkələrin planlarını pozdu. Asiya və Avropa bazarları arasında mal mübadiləsi üçün şimala getmədən alternativ imkanlar açıldı. İtirənlərin içərisində isə yenə Ermənistandır.
BAKI-TBİLİSİ-CEYHAN, BAKI-TBİLİSİ-ƏRZURUM, CƏNUB QAZ DƏHLİZİ, TANAP VƏ TAP KİMİ LAYİHƏLƏRİN TƏŞƏBBÜSKARI, ONUN HƏYATA KEÇİRİLMƏSİNDƏ ƏSAS SÖZ SAHİBİ OLDUĞUNUN TƏSDİQİDİR
Bəli, 5 il əvvəl istifadəyə verilən və dünyanın 100 böyük layihəsinə daxil olan BTQ ölkəmizin iqtisadi qüdrətinin artmasında mühüm rol oynayır. Belə ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi sayəsində imzalanan "Əsrin müqaviləsi" o illərdə Azərbaycanın müstəqilliyini və dünya birliyindəki yerini möhkəmləndirdi, ölkəmizin iqtisadi inkişafına rəvac verdi. Bu gün isə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi qlobal layihələr Azərbaycanı Qafqazın liderinə, dünyanın sayılıb-seçilən dövlətinə çevirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi məhz ölkəmiz olmuşdur. Və hər yeni layihə müstəqil Azərbaycanın təkcə regionda yox, beynəlxalq arenadakı siyasi və iqtisadi çəkisini daha da artırır. Azərbaycan bu gün özünü dünyaya təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Xüsuilə vurğulamaq lazımdır ki, son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan Dövlət proqramları Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Beləliklə, Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Və Azərbaycanın təşəbbüsü ilə 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də qlobal əhəmiyyətli tarixi hadisədir. Bir sözlə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Tanap və Tap kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi olduğunun təsdiqi olmaqla dostluq və qardaşlıq, qitələri birləşdirən layihələrdir. Dövlət başçımız Prezident İlham Əliyev cənablarının dediyi kimi: "Bakı-Tbilisi-Qars dəmir yolu dəmir yolu qitələri birləşdirir".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB