YAP mütəşəkkil siyasi qüvvə kimi özünü təsdiq etdi ŞƏRH

YAP mütəşəkkil siyasi qüvvə kimi özünü təsdiq etdi ŞƏRH

O dövrdə sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Ulu Öndər Heydər Əliyev kimi lider xilas edə bilər. Bunun üçün isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi zəruri idi, hakimiyyətə sivil yolla gəlməyin metodu isə siyasi partiya yaradaraq siyasi mübarizə aparmaq idi. 1992-ci il oktyabrın 16-da 91 ziyalı bu məqsədlə Heydər Əliyevə müraciət etdi. Həmin müraciətdə Ulu Öndərimizdən onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verməsi xahiş olunurdu. Ziyalıların müraciəti əsasında ulu öndər Heydər Əliyev siyasi partiya yaradıb ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bundan sonra yerlərdə partiyanın təşkilatlanması işi başladı. Həmin ilin dekabrında YAP-ın Nəsimi rayon təşkilatının da təsis konfransı keçirildi və mən təşkilatın sədri seçildim. Bütövlükdə, vətəndaşlarımız partiyamıza axın edirdi. Müdrik, uzaqgörən xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. O dövrdə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də, Yeni Azərbaycan Partiyası respublikanın bütün bölgələrində böyük sürətlə təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi.Respublikada isə vəziyyət getdikcə gərginləşirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından 1993-cü ilin iyun ayında Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Vətəndaşların, ziyalıların çoxsaylı müraciətlərini nəzərə alan Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Əslində, reallığı anlayan o vaxtkı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etdi, onun ardınca Naxçıvana təyyarə göndərdi. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı baş verməsəydi, Azərbaycan, müstəqil dövlət olmayacaqdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq istəyənlər öz niyyətlərinə çata bilmədilər. Əlbəttə, ölkəmizdə hökm sürən xaotik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı.

Beləliklə, baş verən hadisələrin qanunauyğun nəticəsi kimi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa bir zamanda milli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişlərinin də qarşısı qətiyyətlə alındı. Bundan sonra ölkədə ictimai-siyasi sabitlik tam təmin olundu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. “Əsrin müqaviləsi” imzalanmaqla uğurlu neft strategiyasının əsası qoyuldu. Ölkəmiz beynəlxalq müstəvidə layiqli yerini tutdu, eləcə də sosial-iqtisadi sahədə dinamik inkişaf nəzərə çarpdı. Eyni zamanda, demokratik inkişaf baxımından vacib addımlar atıldı, kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Ölkəmiz tənəzzüldən tərəqqi yoluna çıxdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil dövlətə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.Yeni Azərbaycan Partiyası da avanqard qüvvə kimi ictimai-siyasi proseslərin önündə gedirdi, ideoloji təbliğat işində aparıcı rol oynayırdı. Bu dövrdə partiyamız daha da təşkilatlanaraq mütəşəkkil siyasi qüvvə kimi özünü təsdiq etdi.

2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin davamına - Cənab İlham Əliyevə səs verərək dövlət başçısı seçdi. Azərbaycan xalqı bununla da seçiciləri İlham Əliyevə səs verməyə çağıran, “İlham Əliyevə özüm qədər inanıram” deyən Heydər Əliyevin yoluna sadiqliyini bir daha nümayiş etdirdi. 2005-ci il mart ayında keçirilən YAP-ın III Qurultayında isə İlham Əliyev partiyamızın Sədri seçildi. Beləliklə, Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafının yeni mərhələsi başlandı. Azərbaycan böyük nailiyyətlər, zəfərlər qazandı. Bu zəfərlərin zirvəsi isə Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi, torpaqlarımızın erməni işğalından azad edilməsi oldu. Bu gün güclü müstəqil Azərbaycan regionda yeni reallıqlar yaradıb, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Deyə bilərik ki, bütün dünya müstəqil Azərbaycan dövləti ilə hesablaşır. Ötən dövrdə Yeni Azərbaycan Partiyası böyük nailiyyətlərə imza atıb. YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb, ona görə də qələbələr partiyası adlanır. Cənab İlham Əliyevin liderliyi ilə partiyamız çox böyük inkişaf yolu keçib. Amma Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin islahatlar kursu Yeni Azərbaycan partiyasını da əhatə edib. 2021-ci ilin mart ayında keçirilən VII qurultay partiyamızın həyatında yeni mərhələnin başlanğıcı sayıla bilər. Qurultayda YAP-ın yeni nizamnaməsi qəbul olundu, strukturunda ciddi dəyişiklər edildi, digər vacib qərarlar qəbul olundu. Bu gün partiyamız qarşıda dayanan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edib. Ötən 30 il ərzində keşməkeşli, şərəfli yol keçən partiyamız gələcək nailiyyətlərə doğru inamla irəliləyir!

Musa Musayev

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə