YAP siyasi sabitliyin və davamlı inkişafın təminatçısıdır ŞƏRH

YAP siyasi sabitliyin və davamlı inkişafın təminatçısıdır ŞƏRH

Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən 30 il ötür. Ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılan YAP yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Çox mürəkkəb bir dövrdə zamanın tələblərinə cavab vermək asan məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Müstəqiliyin ilk illərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətin yoxluğu ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, cəmiyyətin daxilində qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Azərbaycan dövlətinin mövcudluğunu şübhə altına alan ictimai-siyasi situasiya xalqda gələcəyə böyük inamsızlıq yaratmışdı. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub-saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Əlbəttə ki, bütün bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev idi. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu, xalqın istəyi ilə yaradılan bir siyasi aksiya idi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev 98.80% səslə qalib gəldi və YAP iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi. "Yeni, müstəqil Azərbaycan uğrunda" ideyasından çıxış edən partiyanın dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirakının qayəsi inam və etibar idi. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini və sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".
Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən YAP qısa bir zamanda Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində xalqın sabahına hesablanmış mütərəqqi siyasət həyata keçirildi. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı. "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail olundu. YAP qısa bir zamanda xalqın partiyasına çevrildi. Partiyanın yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır.Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Hər zaman fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilat olan YAP bu vəzifələri əməli və həyata keçirdiyi layihələri ilə gerçəkləşdirib. Bu gün artıq YAP-ın yaranma tarixinin 30-cu ildönümü dünyada öz sözünü deyən, Zəfər qazanmış bir dövlətdə qeyd edilir. Bu, hər bir azərbaycanlını qürurlandırır. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz Onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. O ağır vəziyyətdə, məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - Onun dəmir iradəsi, xalqın Ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik".
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 19 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu həqiqətin əsasını, Cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirib. Azərbaycanın gücü 30 ilə yaxın müddətdə Ermənistanın işağlı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı. Vətən müharibəsindən son¬ra işğaldan azad edilmiş bütün ərazilərin iqtisadi potensialını düzgün reallaşdırmaq baxımından Prezident İlham Əliyevin YAP-ın VII Qurultayında təqdim etdiyi konsepsiyalar xüsusi əhəmiyyətə malikdir. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu gün inamlı və uğurlu inkişaf yolundadır. Ötən 19 il, aydın şəkildə göstərir ki, Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində dövlət başçısı verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. YAP yaşadığı 30 illik uğurlu tarixinə bundan sonra daha böyük qələbələr yazmaq gücündədir.

NATİQ ALLAHVERDİYEV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə