YAP Azərbaycanın ictimai-siyasi həyatına və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi ŞƏRH

YAP Azərbaycanın ictimai-siyasi həyatına və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi ŞƏRH

Yeni Azərbaycan Partiyası ölkənin həyatında müstəsna rol oynayan, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan siyasi partiya olaraq dövlətçiliyimizin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərinin təmin edilməsində mühüm rol oynayıb. YAP siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiyadır. Azərbaycanın hər bir uğrunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. İllər keçdikcə partiyanın yaradıldığı dövrün reallıqlarını daha aydın dərk edir, bu günümüz üçün olduqca əhəmiyyətli tarixi addımın atıldığını qürurla vurğulayırıq. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin bacarıqsızlıqları, siyasi savadsıqlıqları, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanda xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın geniş vüsət almasına, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalına səbəb oldu. O zaman Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü. 30 il əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan tarixində mühüm hadisəyə çevrildi. YAP-ın yaradılması Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biridir. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının "91-lər" Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Tarixə məşhur “91-lərin müraciəti” kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, illərlə həsrətində olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi ilə qarşılaşacağımızı aydın dərk edirdilər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən xilaskar liderə - Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi. Həmin müraciət “Səs” qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilir. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. YAP-ın yaradılması məsələsi ortaya gələndə, təbii ki, mən də kənarda qala bilməzdim. Mən "Səs" qəzetinə baş redaktor vəzifəsinə gəlməli və Ulu Öndər Heydər Əliyevin ideyaları, dəsti-xəttini müdafiə etməli idim. "Səs"in Ulu Öndər Heydər Əliyevin tribunasına çevrilməsi üçün əlimdən nə gəlirdisə, etməli idim. O vaxtdan bu günə qədər "Səs" qəzetinin bir ana xətti olubdur. Bunu hər kəs bilir. Ulu Öndər Heydər Əliyev çox böyük dövlət xadimi və mütəfəkkir idi. Onun ideyaları çox böyük və əvəzsizdir. Həmin vaxt sırf siyasi-ideoloji qəzet kimi fəaliyyətə başlamaq çətin idi. Çünki o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Ulu Öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. O dövrdə Ulu Öndərə rəğbətin ifadə edilməsi olduqca təhlükəli idi.1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm - əlamətdar hadisə oldu. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək.

Əlbəttə ki, xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına və Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir. Vaxtı ilə Heydər Əliyevin dediyi, "Gün gələcək Azərbaycan dünyaya günəş kimi boylanacaq" fikri bu gün təsdiqini tapıb. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək tariximizə Qələbə yazdı. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. 44 günlük Vətən müharibəsinə Zəfər qazandıqdan sonra yeni reallıqlar yaranmışdır.
Yeniləşən cəmiyyət, müasir dövrün çağırışları, ictimai münasibətlərin inkişafı yeni reallıqlar yaradıb. Təbii ki, real mənzərənin yaranması öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmış oldu. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan böyük inkişaf yolundadır. Buna dövlətimizin gücü və potensialı var. Azərbaycanın bugünki və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.

Ağabəy ƏSGƏROV

Yeni Azərbaycan Partiyasının qurucularından, Milli Məclisin keçmiş deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə