Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin xarici siyasətinin əsas prinsiplərindən biri də Azərbaycana ehtiramla yanaşan bütün ölkələrlə münasibətlərin tənzimlənməsi, əlaqələrin qurulması, səmərəli əməkdaşlığın təmin edilməsidir. Məhz Albaniya Respublikası ilə əməkdaşlığımız da bu prinsiplər üzərində qurulmuşdur. Albaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Albaniya Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış və iki ölkə arasındakı diplomatik münasibətlər isə 23 sentyabr 1993-cü ildə qurulmuşdur.
Azərbaycanla Albaniya arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Albaniya Prezidenti Buyar Nişani 2016 və 2017-ci ildə IV və V Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir. 2018-ci ilin və 2019-cu illərin mart aylarında isə Albaniya Prezidenti cənab İlir Meta VI və VII Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir. Yəni bu ölkə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə sübut etmişdir. Ancaq təəssüf ki, tərəflər arasında indiyədək imzalanmış rəsmi sənədlərin sayı o qədər də çox deyil. Fikrimizcə, Azərbaycan Prezidentinin 15 noyabrda Tiranaya reallaşdırdığı dövlət səfəri, məhz həmin istiqamətdə daha müfəssəl addımların atılmasını təmin etmək məqsədi daşıyırdı.
Politoloqlar əmindirlər ki, dövlət başçımızın bu səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər ölkələrarası münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada keçiriləcək “Azərbaycan Həftəsi”nə hazırlıqla üst-üstə düşdüyünə görə də əlamətdardır. Xarici İşlər Nazirliyinin məlumatlarında bildirilir ki, Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Bundan başqa, 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”.
15 noyabr səfərində dövlət başçımız yenidən Qarabağ məsələsinə toxunaraq bildirmişdir: "Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik. Siz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxundunuz. Qeyd etməliyəm ki, bu qətnamələr 1993-cü ildə qəbul olunmuşdur. Ancaq bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan, inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır. Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm".
Məlum olduğu kimi, Albaniya Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdən biridir. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Tiranada deyirlər ki, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Elə ona görə də, Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Xatırladaq ki, 2020-ci il dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası bu ölkədə məşğulluğun artmasına böyük töhfə verib. Layihə həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib.
Əməkdaşlığın artım tempini göstərən bəzi faktlar da mövcuddur. Məsələn, Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçmişdir. Yaxud 2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılmışdır.
Azərbaycan Prezidentinin növbəti işgüzar səfərləri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq. Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.
Gülşən Əliyeva
Xəzər rayonu, 334 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB