"Bu hücumu təşkil edənlərin kim olduğunu bilirik" - XARİCİ EKSPERTLƏR ARASINDA SORĞU
Bildiyimiz kimi, ötən gün Türkiyənin İstanbul şəhərində turistlərin daha çox ziyarət etdiyi İstiqlal küçəsində terror aktı törədilib. İnsanların daha çox olduğu yerdə bombanı partlada şəxsin kimliyi bəlli olub. Qadın terrorçunun partlatdığı bomba 6 nəfərin ölümünə, 81 nəfərin isə yaralanmasına səbəb olub. Bəs, bu terror arxasında kim və hansı məqsədlə dayanır? SİA mövzu ilə bağlı xarici ekspertlər arasında sorğu edərək onların fikirlərini öyrənib.
Türkiyəli politoloq Hakan Aktürk: "Dünya dövlətlərinin var olduğu gündən günümüzə qədər gözünün üzərində olduğu, Türkiyənin və dünyanın metropol şəhərlərindən biri olan İstanbulun Taksim meydanı İstiqlal küçəsində PKK YPG terror qrupunun təşkil etdiyi hücum nəticəsində Türk dövlətlərinin və bütün dünyanın gündəmi dəyişmişdir. Hücumun baş verdiyi gün Özbəkistanda baş tutan Türk Dövlətləri Təşkilatı iclasında Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi olaraq Türk birliyinə qəbul edilməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İndoneziyada G-20 sammitinə qatılmadan əvvəlcə baş tutan hücum Türkiyə Cumhuriyyətinə verilən mesajdır. Bu mesajı Daxili İşlər naziri Süleyman Soylu "Kimin etdiyini bilirik, ABŞ başsağlığını qəbul etmirik" sözü ilə bütün dünyaya mesaj verdi.
Baş verən hücum nəinki Türkiyə dövlətini, o cümlədən Azərbaycan, Özbəkistan, Qazaxıstan, Macarıstan və digər dövlətləri narahat edir. Hücuma dəstək olanlar böyüyən Türkiyə, yanındakı qardaş Azərbaycan və digər türk dövlətlərinin birləşməsilə NATO gücündə bir birliyin formalaşacağının fərqindədirlər. Xüsusilə, Şimali Kipr Türk Cümhuriyyətinin bütün dünyaya tanıtılması üçün Türk birliyinə qəbulundan sonra yunan və erməni tərəfi narahat edir. Necə ki, inkişaf edən Azərbaycanı istəmirlərsə, Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasınıda istəmirlər. Çünki Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Dədəağacda olanları bilirəm, Suriyada olanları bilirəm, Qarabağda olanları bilirdim müdaxilə etdim".
Azərbaycanda 46 km-lik Zəngəzur dəhlizinin açılmasında bütün türk dövlətləri bir-birlərinə bağlanacaq. NATO-dan daha güclü olacağını bilərək Türkiyəyə mesaj vermək istədilər. Lakin, vəzifəsini layiqincə icra edən polislərimiz 5-6 saat içərisində hücumu təşkil edən terror qrupu üzvləri saxladı.
Rəcəb Tayyib Ərdoğan dünyaya mesaj göndərdi və mesajı net ifadələrlə bildirdi ki, "Bu hücuma sərt şəkildə cavab verəcəyik, bu hücumu təşkil edənlərin kim olduğunu bilirik, lazım olan tədbirləri görəcəyik".
Bu hücumda həyatlarını itirən türk vətəndaşlarının ailələrinə başsağlığı diləyirik. Başda Azərbaycan olmaqla digər türk dövlətlərinə təşəkkürlərimi bildirirəm".
İstanbul Medeniyyet Universiteti, Xarici Siyaset ve Tehlükesizlik meseleleri üzre mütexessis Doçent Elnur İsmayıl: "Son illər baxdığımızda Türkiyədə xüsusilə müstəqil xarici siyasət yeritmək istənildiyi zaman ölkənin daxilindən və xaricindən sabitliyin pozulması cəhdləri özünü göstərir. Bu xarici və daxildəki bəzi destruktiv qüvvələrin fəaliyyətlərinin nəticəsində ölkədəki vəziyyəti gərginləşdirmək üçün terror vasitələrindən istifadə edirlər.
Ən son baxdığımız zaman İstanbul şəhərində olan terror hadisəsinin əvvəlkilərdən heç bir fərqi olmadığını görürük. Xüsusilə 2015-ci ildə silsilə terror hadisələrini vurğulamaq lazımdır. Amma digər tərəfdən baxdıqda Türkiyənin uzun illərdir həm daxildəki PKK terror qruplaşmasına qarşı fəaliyyəti, həm də Türkiyənin sərhədlərindən kənarda YPG və PYD terror qruplaşmalarına qarşı fəaliyyəti bəzi qüvvələri narahat edir. Bu bəzi qüvvələrin adını da çəkə bilərik. Qərbi Avropa ölkələri və bir çox ölkələrdə PKK-nın, PYD və YPG-nin ABŞ tərəfindən dəstəklənməsi də Türkiyə əleyhinə yönləndirilmiş siyasətin bir parçasıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə xüsusilə 2015-ci ildən etibarən terrorla mübarizə fəıaliyyətinə çox müstəqil və uğurlu fəaliyyət göstərir. PKK ilə son illərdəki uğurlu fəaliyyətinə baxdığınız zaman artıq ölkə daxilində PKK-nın fəaliyyət imkanları çox məhdud bir hala gəlib. Türkiyə ölkə sərhədlərindən kənarda, xüsusilə Suriyadakı müəyyən bölgələrdə sözdə kürd dövlətinin qurulması cəhdlərinin qarşısının alınması üçün PYD və YPG terror qruplaşmalarının fəaliyyətini yox etmək istəyir ki, bu da bir çox dövlətlərin narahatlığına səbəb olur. Türkiyənin təhlükəsizlik xidməti və polisləri bu sahədə əvvəlki illərlə müqayisədə daha uğurlu fəaliyyət göstərməkdədir. Onlar ölkə daxilində və sərhəd kənarında hər hansı bir ölkənin təhlükəsizliyinə qarşı olunan mənfi cəhdin qarşısını almaq istəyir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB