Qarabağın gözü Şuşa mərkəz şəhərə çevrilib

Qarabağın gözü Şuşa mərkəz şəhərə çevrilib

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. Tarixi Zəfərimizin ikinci ilini qeyd etdik. Artıq iki ildir ki, bayramları, həmçinin ərazilərimizin işğaldan azad edildikləri tarixləri sahibinə qovuşmuş torpaqlarımızda qeyd edir, Zəfərimizin yaratdığı reallıqları bir daha bu məkanlardan dünyaya çatdırırıq. 8 Noyabr-Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edərək Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. "Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi" söyləyən ölkə Prezidenti bildirdi ki, müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanda daxili sabitlik olmasa iqtisadi inkişafdan da danışmağa dəyməz. Cənab Prezidentin uğurlu daxili siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı güclü təməl üzrə qurulub və çoxşaxəli iqtisadi sistem yaradılıb. Eyni zamanda neftən asılılıq ortadan qaldırılıb və istər qonşu, istərsə də dünyanın bir çox dövlətləri ilə qarşılıqlı əlaqələr qurulub.Təbii ki, Ordunun gücləndirilməsi üçün güclü iqtisadiyyat lazım idi. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə həyata keçirilən siyasətin əsasında dayanır. Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində iqtisadiyyatımız daha da inkişaf edir. İqtisadi müstəqilliyin möhkəmləndirilməsi ölkəmizin siyasi müstəqilliyində də öz sözünü deyir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu günbəgün artır. Eyni zamanda ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz genişlənir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu atılan addımlarda, əldə edilən uğurlarda özünün aydın ifadəsini tapır. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Qələbəmizi şərtləndirən amillərdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimiz Vətənə bağlıdır və Vətən müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və getdilər. Cəmiyyətdə milli birlik, həmrəylik ideyaları üstünlük təşkil etdi. Azərbaycanda bir ailə kimi yaşayan bütün xalqların nümayəndələri Qarabağ uğrunda ölümə gedirdilər. Bu, Azərbaycanın böyük dəyəridir. 44 günlük Vətən müharibəsi ölkəmizdə milli həmrəyliyi, birliyi daha da gücləndirdi. Məhz bu amillər tarixi Zəfərimizə yol açdı.

Artıq Beynəlxalq tədbirlərə qalib ölkə kimi qatılan Azərbaycan işğal dövrü ilə yanaşı, Zəfərimizin reallıqlarından dünyaya bəhs edir, Qarabağın və Şərqi Zəngəzurun quruculuq meydanına çevrildiyini əsaslı şəkildə, iki ildə ölçüyəgəlməz dərəcədə görülən işlərin fonunda beynəlxalq ictimaiyyətə çatdırır. Bütün bu işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir. Azərbaycanın döyünən ürəyi Şuşanın timsalında digər işğaldan azad edilən ərazilərimizdə görülən işlərin miqyasının genişliyi barədə aydın təsəvvür yaratmaq mümkündür.Hazırda paytaxt Bakı ilə yanaşı, Şuşa da beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir.

Müharibənin ilk günündən sonadək Azərbaycan Silahlı Qüvvələri yalnız irəli getdi. Ermənistan bu zaman ərzində 10 mindən çox əsgər və zabit fərarisi olub. Lakin Azərbaycan ordusu isə "öldü var, döndü yox" prinsipi altında öz işlərini çox uğurla həyata keçirdilər. 2020-ci il sentyabrın 27-də - müharibənin birinci günündə altı kəndin azad olunması xalqımızda tarixi Qələbəmizə böyük inam yaratdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi. Rəşadətli Azərbaycan Ordusunun qarşısında Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. Bununla bağlı imzalanmış 10 noyabr bəyannaməsində əks olunan bir çox maddələri bu günə qədər də Ermənistan öz üzərinə düşən öhdəliklər olaraq yerinə yetirməyib. Dövlət başçısı da çıxışı zamanı sırf bu məqamlara toxundu. Azərbaycanın bu gün güclü ordusu var. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətlə quruculuq işləri aparılır. Uğurlu siyasət nəticəsində dünyada gedən proseslərə baxmayaraq iqtisadiyyatımız da günü-gündən inkişaf edir. Yaxşı olar ki, Ermənistan artıq bütün bunlardan nəticə çıxarsın. Bundan sonra törətdikləri təxribatlar zamanı ala biləcəkləri zərbəni götür-qoy etsinlər. Nəticə etibarı ilə isə imzalanmış bəyanatlarda göstərilən maddələrin icrasını vaxtında təmin etsin. Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsinin dünyaya təqdimatı oldu. Ərazi bütövlüyümüz bərpa edildi, işğala son qoyuldu. Bu sənədin imzalanmasından ötən iki ildə ölkəmizin siyasi, diplomatik və iqtisadi uğurlarının xronologiyasına diqqət yetirmək kifayətdir. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Azad edilmiş ərazilərimizin həyatında yeni dövr başlayıb.

Prezident İlham Əliyev çıxışında Şuşaya iki ildə ondan artıq səfər etdiyini xatırlatdı. Xüsusi vurğulandı ki, Zəfər yolu ilə Şuşaya yaxınlaşanda hərbçilərimizin 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlığının, şücaətinin bir daha şahidi oluruq. Ona görə ki, "Zəfər Yolu" adlandırılan yol cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman Azərbaycan oğulları dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdı. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla əlbəyaxa döyüşlərdə düşməni məğlub etdi, torpağımızdan qovdu, üçrəngli Bayrağımızı Şuşada qaldırdı. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı, şücaəti daha aydın görünür. Xalqımız yaşadığı bu qürurlu günlərə görə daim dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Fərid Mustafayev,

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə