Mətbuat Şurasının bundan sonrakı fəaliyyəti necə tənzimlənəcək? - İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ DANIŞDI

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir. SİA Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvlərindən Şuranın gələcək planları ilə bağlı fikirlərini öyrənməyə çalışıb:

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid bildirib ki, Azərbaycan Jurnalistlərin VIII qurultayı başa çatdı: "Qurultaya ictimaiyyət böyük maraq göstərirdi. Bildiyimiz kimi, Azərbaycan Mətbuat Şurasının idarə heyəti seçildi. İdarə heyətində gənclər də var. Mətbuat Şurası 19 ildir ki, fəaliyyət göstərir. 2003-cü ildən etibarən idarə heyətinin üzvü olmuşam. Bu illər ərzində Mətbuat Şurası mətbuatın özünün tənzimlənməsində böyük rol oynayıb. Həmçinin məmur-jurnalist, ictimaiyyət-jurnalist münasibətlərinin tənzimlənməsində böyük rola malikdir. Düşünürəm ki, yenilənmiş idarə heyəti daha çevik fəaliyyət göstərməlidir”.

Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, media eksperti Azər Həsrətin sözlərinə görə, Mətbuat Şurasının tərkibi yenidən formalaşdırıldı. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Mətbuat Şurasının idarə heyətinə bu səfər deputatlar seçilmədi. Bildiyimiz kimi, əvvəlki tərkiblərdə həmişə deputatlar olub. Düşünürəm ki, ölkədə aparılan islahatlar fonunda Mətbuat Şurasındakı bu dəyişikliklər yerinə düşür. Azərbaycan Mətbuat Şurası ümumi proseslərdən kənarda qalmır, yeniliklərə açıqdır və bu yenilikləri hər şeydən öncə öz üzərində tətbiq edir. Bundan sonrakı fəaliyyətlə bağlı Məbuat Şurası idarə heyətinin ilk toplantısında geniş müzakirələr olacaq. Ümumi olaraq Azərbaycan Mətbuat Şurası əvvəlki dönəmlərdəki fəallığını qorumaqla yeni üfüqlərin açılmasına çalışılacaq. Əlbəttə ki, ölkə içərisində medianın keyfiyyət dəyişikliyinə verə biləcəyimiz töhfələr ətrafında fikir mübadiləsi aparılacaq. Düşünürəm ki, Mətbuat Şurasındakı bu dəyişiklər ümumilikdə Azərbaycan mediasının daha da sağlamlaşdırılmasına çox ciddi töhfə olacaq.

Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, "Azxəbər.com" saytının baş redaktoru Hacıbəy Heydərli qeyd edib ki, Mətbuat Şurasında artıq yeni bir mərhələ başlayır: "Bildiyimiz kimi, son illər Mətbuat Şurasının aktivliyi azalmışdı. Bu da cəmiyyət tərəfindən tənqidlə qarşılanırdı. Yeni formalaşan idarə heyətindən çox böyük gözləntilər var. Bu gözləntilər daha çox mətbuatla sıx iş birliyində olmaq, mətbuatın problemini dilə gətirməkdən ibarətdir. Bu istiqamətdə təbii ki, Mətbuat Şurasının üzərinə çox böyük yük düşür. Yeni formalaşan idarə heyəti də məhz bu istiqamətdə işlərini quracaq. İdarə heyətindən çox böyük gözləntilərim var. Artıq 21-ci əsrdə yaşayırıq. Belə bir dövrdə təbii ki, əsas məsələ sosial şəbəkələrlə iş olmalıdır. Bildiyimiz kimi, sosial medianın cəmiyyətə çox böyük təsiri var. Bu istiqamətdə təbii ki, böyük işlərimiz olacaq. Biz Azərbaycan cəmiyyətinin gözləntilərini qarşılamağa çalışacağıq”.

Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun fikirlərinə görə, Azərbaycan Jurnalistlərinin VIII qurultayında Azərbaycan Mətbuat Şurası öz yeni tərkibini, idarə heyətini və sədrini seçdi: "Mətbuat Şurası təkcə ad olaraq yox, zehniyyət olaraq da yeniləndi. Azərbaycan Mətbuat Şurası 19 il əvvəl bundan yarandığı zaman aparıcı media print media idi. Hazırda vəziyyət dəyişib. Bu gün ictimaiyyətə daha çox təsir edən fenomenlər və amillər var. Artıq Mətbuat Şurası print mediaya aid bir qurum deyil. Hesab edirəm ki, bu heyətlə gələcəyə dair planlar qurmaq olar. Planlar Azərbaycanda media mühitinin, informasiya məkanının daha çevik olmasından, sağlamlaşdırılmasından ibarətdir. Mətbuat Şurasının yeni tərkibdə daha güclü iddialarla çıxış edəcəyini arzu edirəm".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə