Jurnalistlərə imtiyazların verilməsi onlara nə dərəcədə təsir edəcək? - BAŞ REDAKTOR DANIŞDI

“Ümumilikdə "Media haqqında" qanunda medianın inkişaf tendensiyalarını şərtləndirən eyni zamanda jurnalistlərin yaradıcılığının və peşəkarlığının artırılması, onların sosial rifahının yaxşılaşdırılmasına dövlətin dəstəyini şərtləndirən bir sıra maddələr nəzərdə tutulub”. Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Baş redaktor qeyd edib ki, zaman-zaman "Media haqqında" qanunun müddəaları həyata keçirildikdə jurnalistlər və redaksiyalar bunu praktikada görəcəklər: “Jurnalistlərin ipoteka kreditlərinə əlçatan olması yeni qanunun ən mühüm vəziyyətlərindən biridir. Maddələrin hər birini hazırda saymaq imkanımız yoxdur. Lakin mən birini deyə bilərəm ki, 5 ildən yuxarı təcrübəsi olan jurnalistlər ipotekalı mənzil almaq hüququna malik olacaq. Gənc ailə olan jurnalistlər ipoteka kreditləri ilə yanaşı həm də sosial ipoteka kreditlərindən bəhrələnə biləcəklər. Nəzərə almaq lazımdır ki, dövlət jurnalistlərə müəyyən şərtlər daxilində pulsuz mənzillər verir, eyni zamanda paralel olaraq gənc ailə olan jurnalistlərə və müəyyən qədər təcrübəsi olan peşəkarlara çox aşağı ipoteka faizi ilə mənzil sahibi olmaq imkanına şərait yaradır. Əlbətdə bu jurnalistlər üçün olduqca əhəmiyyətli perspektiv açır.

İpoteka kreditlərinin hesabına bir çox jurnalist mənzil problemini aradan qaldıra biləcək. Media və jurnalist reyestrinə daxil olmaq, yeni jurnalist vəsiqəsinə sahib olmaq və s. bütün bunlar jurnalistin bir peşəkar kimi fəaliyyət göstərməsinə yardımçı olur. "Media haqqında" qanunda jurnalistlərin bundan sonra sahib ola biləcəkləri imtiyazların hamısı bütün şəkildə göstərilməsə də, müəyyən maddələr bu qanuna istinad edərək yeni-yeni imtiyazların jurnalistlərə aid edilməsinə imkan verəcək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə