Televiziyada danışıq qaydaları NECƏ OLMALIDIR? - FİLOLOQ AYDINLIQ GƏTİRDİ

"Ölkəmizdə fəaliyyət göstərən televiziyalar Azərbaycan dövlət dilinin normalarını təbliğ etmək baxımından mədəni və önəmli tribunadır. Bu mənada televiziyanın nitq mədəniyyəti və ədəbi tələffüz nümunəsi kimi müstəsna rolu vardır. Televiziya verilişlərində ədəbi tələffüz məsələsinə ciddi fikir verilməli, hansı sahədə çalışmasından asılı olmayaraq, verilişə dəvət edilən şəxs öz nitqini mövcud ədəbi tələffüzün tələbləri əsasında qurmalı və nitq mədəniyyəti qaydalarına əməl etməlidir. Televiziya dilində müşahidə etdiyimiz meyillər, dilimizə keçən yeni alınma sözlər ədəbi dildə gedən proseslərin tərkib hissəsidir. Televiziya çap və elektron mətbuatla müqayisədə dil proseslərini daha qabarıq şəkildə əks etdirir, şifahi nitq meydanı üçün geniş üfüqlər açır. Televiziya cəmiyyətdə gedən proseslərin güzgüsüdür və ictimai fikrə təsir imkanları baxımından digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Bu güzgüdə nəinki ayrı-ayrı sahələrdə baş verən dəyişiklikləri, hətta dil proseslərini aydın şəkildə görmək mümkündür. Odur ki, ekrandan səslənən nitq anlaşıqlı, ədəbi tələffüz qaydalarına uyğun olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov deyib.

Onun sözlərinə görə, son zamanlar yazı və tələffüz qaydalarına ciddi şəkildə əməl olunmadığından az qala hər kəs danışır: "Əslində bu, müsbət haldır. Hazırda dil dilçiliklə müqayisədə daha sürətlə inkişaf edir. Dildə gedən proseslərlə ayaqlaşmaq üçün ictimai və milli fədakarlıq tələb olunur. Unutmayaq ki, şifahi kütləvi informasiya vasitələri daha təsiredici imkanlara malik olduğuna görə yazılı kütləvi informasiya vasitələrinə birbaşa təsir göstərir. Bu səbəbdən də yazılı kütləvi informasiya vasitələrinin dilində şifahi nitq xüsusiyyətləri daha çox müşahidə olunur. Dil qüsurlarının təhlükəliliyi ondadır ki, xüsusilə gənc nəsil həmin qüsurları bəzi hallarda norma kimi qəbul edib işlədir və nəticədə milli dil təfəkkürü zədələnir. Milli dil təfəkkürü nitqimizi əslində yersiz alınmalardan, başqa dillərin intonasiya və tələffüz xüsusiyyətlərindən, məhəlli, kobud və tüfeyli sözlərdən qorumaqda yad elementlərə qarşı sanki sipər rolunda çıxış edir. Milli dil təfəkkürü zədələndikdə milli heysiyyət zəifləyir, insanlar yad intonasiyanın, yersiz alınmaların, tüfeyli sözlərin, hətta mənən öz ana dilindən uzaqlaşaraq başqa dillərin əsirinə çevrilirlər. Deməli, problemlərin heç də hamısı nitq mədəniyyəti ilə bağlı deyildir.

Ədəbi dilimizdə olmasa da, xalq danışıq dilinin təsiri ilə efirlərdə işlədilən rus sözləri, ifadələri kifayət qədər geniş yayılmışdır. Bu cür sözlərin, ifadələrin, hətta cümlələrin işlədilməsi, ana dilimizə məxsus sözlərin efirdən sıxışdırılması cəhdi ədəbi normaya birbaşa təhdiddir və buna bir şəxsin nitq qüsuru kimi baxıla bilməz. Apardığımız monitorinqin nəticələri televiziyalarda ədəbi dilin bütün sahələrinə aid xeyli miqdarda pozuntu hallarının olduğunu göstərir. Son onilliklərdə dilimizə külli miqdarda yeni alınma sözlər daxil olub. Əlbəttə, dilin inkişafı baxımından bu, təbii və qanunauyğun haldır. Lakin öz sözlərimiz ola-ola, ehtiyac duyulmadan həmin sözlərin əcnəbi qarşılığının işlədilməsi, televiziya və radio kimi mədəni tribunalardan səsləndirilməsi yolverilməzdir. Efirdə səsləndirilən məlumat, yaxud da yersiz işlədilən hər hansı söz və ya ifadə işıq sürəti ilə evlərə daxil olur, tamaşaçı nitqinə nüfuz edir. Monitorinq zamanı qeydə aldığımız söz və ifadələrin tərkibinə nəzər saldıqda televiziyalardan ana dilimizə süni şəkildə müdaxilənin olduğu qənaətinə gəlirik. Məsələn: “makiyaj” əvəzinə “meykap”, “resept” əvəzinə “tarif”, “mövsüm” əvəzinə “sezon”, “inkişaf edir” əvəzinə “praqres edir”, “tullantı” əvəzinə “çöküntü”, “şərh yoxdur” əvəzinə “no komment”, “yaxşı”, “oldu” əvəzinə “okey”, “diqqətini cəmləmək” əvəzinə “konsantre olmaq” və s.

Şahlar Məmmədov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, aparıcı ana dilini yaxşı bilmədiyi üçün “daşıyır” sözünü də yerində, düzgün işlətmir: "“Kütləyə hüququ çatdırmaq fikrinə düşdük. Araşdırdıq ki, bunu hansı formada çatdıraq və qərara gəldik ki, bunu stori telinq formatında insanlara çatdıraq”. Problem təkcə stori telinq ifadəsi ilə bağlı deyil. Qonaq fikrini Azərbaycan dilində düzgün çatdıra bilmir, “insanlara hüquqlarını çatdırmaq” ifadəsini “kütləyə hüququ çatdırmaq” şəklində deyir. “Bizdə ən yaxşı metodika güzgü ilə danışmaqdır, güzgü bizdə selfkonfidens, özünə güvəni artırır. Ay kantakt, göz təması çox önəmlidir”. Aparıcı verilişə dəvət etdiyi qonağın, ekspertin danışıq manerasını nəzərə almalı, ehtiyac yarandıqda daha uğurlu sözlərin seçilməsində yardımçı olmalıdır. Qəribəsi odur ki, bəzi hallarda aparıcılar da nitq mədəniyyəti qaydalarının pozulmasında ekspertlərə “yardımçı olurlar”. Dilimizdə “özünəinam”, “göz təması” dil vahidləri varkən, nə üçün “selfkonfidens”, “ay kantakt” deyilməlidir? Aparıcı deyir: “Bylingual”, orada basırsan, pronansieyşn, hətta ingilis dilində necədir, amerikansayağı pronansieyşn necədir, onu da söyləyir”. Yenə həmin verilişdə aparıcı belə bir cümlə işlədir: “Biri var mənim neytiv lanqvic, bir də var neytiv deyil. Onlar deyirdi ki, biz heç belə iməcin etmirdik”. Aparıcı sanki Azərbaycan dili üzərində təcrübə aparır. Dilimizin ümumişlək sözlərini ingilis sözləri ilə əvəz edir. Görəsən, aparıcını “tələffüz”, “doğma dil”, “təsəvvür” söz və ifadələrini ingilis dilində səsləndirməsinə vadar edən nədir? Axı bunlar termin deyil, ümumişlək sözlərdir. Doğrudur, dilin varlığı üçün təhlükə törədən fəsadlar daha çox qrammatik qüsurlarla bağlıdır, çünki dilin mahiyyətini onun qrammatik sistemi müəyyən edir.

Dilin ən çox inkişaf etdiyi publisistikada leksik alınmalar daha çoxdur. Bəzi hallarda həmin sözlərə “Azərbaycan dilinin izahlı lüğəti”ndə və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə rast gəlmirik. Bu qəbildən olan sözlər sırasında türk dilinə məxsus leksik vahidlər də vardır. Belə sözlərə qarşılıq tapmaq cəhdləri də müşahidə olunur. Məsələn, aparıcı belə bir fikir səsləndirir: “Bir anlıq özüm düşündüm ki, önfikirlə, önmühakimə ilə mən fikirləşərdim ki, bu adam niyə belə ematsanaldır, bu adam niyə bu cür impulsiv reaksiya verir?” Aparıcı sanki qınağa tuş gəlməmək üçün süni şəkildə söz yaratmağa cəhd edərək “önyarğı” sözünün əvəzinə “önfikir”, “önmühakimə” sözlərini işlədir. Şübhəsiz ki, Azərbaycan dilinin lüğət tərkibi Orfoqrafiya lüğətində verilənlərdən daha genişdir. Aparıcı cümlədə “impulsiv reaksiya” ifadəsini işlədir. İfadə yanlış deyil, lakin kütləvilik və dilin saflığı baxımından, məsələn “düşünmədən” sözünü işlədə bilərdi. Son illər qardaş Türkiyə dövləti ilə əlaqələrin daha da genişlənməsi dilimizə öz təsirini göstərir. Doğrudur, dilimizin özləşməsində türk dilinin rolu böyükdür. Məsələn: dönəm (dövr), qaynaq (mənbə), çağdaş (müasir), yüzillik (əsr), durum (vəziyyət), özəl (xüsusi), olay (hadisə) və s. Özləşmə meyli dilimizi başqa dillərin təsirinə məruz qalmaqdan müəyyən dərəcədə qoruyur. Bu cür sözlər dildə öz qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır. Bəzən isə dildən çıxmış sözlər “dirilərək” yenidən işləklik qazanır. Lakin bu meyillər heç də həmişə özünü doğrultmur. Bəzi hallarda özləşmə meylinin təbii yolla baş vermədiyini müşahidə edirik. Sözün və ya ifadənin dilimizə xas olmayan tələffüz və intonasiya ilə işlənməsi süni müdaxilədir və dilimizdə özləşmə meyli sayıla bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə