“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - YENİLƏNİB/FOTOLAR

İyulun 8-də Bakıda Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda konfransın açılış mərasimi olub. SİA xəbər verir ki, konfransın başlamasından əvvəl "Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə" adlı foto sərgi keçirilib. Sərgidə Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərini, xarici jurnalistlərə verdikləri müsahibələr zamanı çəkilən fotoları, habelə Azərbaycan mətbuatının tarixi nəşrləri və Azərbaycan mətbuatının müxtəlif inkişaf mərhələlərini əhatə edən fotolar nümayiş olunub.

Konfransın açılış məraisimdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi iştirakçıların bir dəqiqəlik sükutü ilə yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açıq elan edən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, telejurnalist Rafiq Həşimov Heydər Əlievin mətbuat tariximizdəki rolundan bəhs etdi. Daha sonra Ümummili Lider Heydər Əliyevin mətbuatla bağlı düşüncələrini əks etdirən videoçarx nümayiş etdirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov öz çıxışında medianın sürətli inkişafını Azərbaycanın sürətli inkişafı, hər gün arealı böyüyən quruculuq prosesi, ölkəmizin dünyada lider mövqeyinin güclənməsi ilə əlaqələndirib. O bildirib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindən olub.

Prezidentin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı barədə danışan Əhməd İsmayılov bildirdi ki, II Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra başlanan islahatlar, o cümlədən "Media haqqında" Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyən əsas addımlardandır: "Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb".

Sonra panel müzakirələr başlayıb. Moderatorluğunu Rafiq Həşimovun etdiyi müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı, əməkdar jurnalist Vüqar Rəhimzadə, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə iştirak edib.

AQUPDK-nin sədri Bahar Muradova panel müzakirələrdə mətbuatın demokratiyada, inkişafda olan rolundan danışın. O bildirib ki, bir cəmiyyət inkişaf etdikcə, bu tərəqqi özünü mətbuat sahəsində də göstərir: "Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən bir şey nəzərə almalıyıq ki, müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan,müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir. Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində yaşayıb. Ulu Öndərin bu sahədə ən böyük xidmətlərindən biri senzuranın ləğvi olub. Heydər Əliyev hər zaman mətbuatı azad görmək istəyirdi".

Deputat Anar İsgəndərov öz çışında bildirib ki, bu gün ölkəmizdə, güclü və nüfuzlu mətbuat mövcuddur: "Media ordusu Azərbaycan tarixini və həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib və bu istiqamətdə mühüm fəaliyyət göstərib. Azərbaycan mətbuatı öz tarixi boyunca şərəfli yol qət edib, etimadları doğruldub".

Milli Məclisin deputatı, əməkdar jurnalist Vüqar Rəhimzadə öz çıxışında bildirib ki, jurnalistlərin bayramı həm də cəmiyyətin, vətəndaşların bayramıdır: "Juranlist hazırladığı materialı bütün insanlar üçün hazırlayır. Bu yubiley bayramı həm də bizim xalqımızın bayramıdır. Ulu Öndərimiz Heydər Əliyev hər sahədə olduğu kimi, mətbuata da böyük önəm verirdi. Mətbuata diqqət , qayğı hər zaman hakimiyyətin proritetlərindən olub. Buna görə də bu gün peşəkar jurnalistika mövzuddur. Zaman bizə göstərdi ki, senzuranın ləğv edilməsi çox vacib bir qərar oldu. Bu qərar bu gün jurnalistikanın inkişafına öz tövhəsini verdi. Bu gün Azərbaycan jurnalistikası peşəkar şəkildə fəaliyyət göstərməyi qarşısına məqsəd kimi qoyub və bu yöndə uğur qazanmağa davam edir".

"Təklif edirəm ki, Prezident İlham Əliyevin medianın inkişafında oynadığı rol barədə noyabr ayında ayrıca konfrans keçirək"-bu təklifi Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mixail Qusman verib. O bildirib ki, bu ilin noyabrında Azərbaycanın böyük Zəfərinin beş ili tamam olacağı üçün belə bir konfransa ehtiyac var: "Düşünürəm ki, noyabrda Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirmək məqsədəuyğun olardı. Bu, çox ədalətli və lazımi bir konfrans olar. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə verdiyi müsahibələr – peşəkar jurnalist diplomatiyasının möhtəşəm nümunəsidir. Mən bilirəm ki, bu müsahibələrin bir yerə toplandığı bir kitab var, lakin düşünürəm ki, bu, ayrıca müzakirəyə və təhlilə layiqdir. Əgər belə bir konfrans keçirilsə, mən çox sevinərəm. İştirak üçün də əvvəlcədən icazə istəyəcəyəm".

Konfrans çərçivəsində "Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu" mövzusunda dəyirmi masa da keçirildi. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan müzakirədə jurnalistika və kommunikasiya sahəsində tanınmış simalar iştirak etdilər. Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli jurnalistika ixtisasının adının və tədris proqramının müasir tələblərə uyğun şəkildə yenilənməsi barədə təklif səsləndirilib: "Adətən jurnalistika fakültəsinə birinci kursda daxil olan tələbələr romantik düşüncələrlə gəlirlər. Lakin bir müddət sonra anlayırlar ki, bu sahədə romantik yanaşmadan uzaqlaşmalı, reallıqları obyektiv şəkildə çatdırmaq lazımdır. Fikrimcə bu sahənin sürətlə dəyişməsi, rəqəmsal medianın inkişafı və jurnalistdən gözlənilən bacarıqların artması dəyişikliyi də zəruri edir. Klassik fənlərlə müasir jurnalisti yetişdirmək çətinləşdiyindən, proqram həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə etməli, istiqamətlər dəqiq müəyyənləşdirilməlidir. "Jurnalistika" adının "Kommunikasiya və jurnalistika" kimi anlayışla əvəzlənməsi bu sahədəki dəyişiklikləri daha yaxşı dolğun ifadə edər".

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ötən ildən bəri jurnalistikanın tədris proqramının dəyişməsini gözlədiyini dedi: "Tədris edilən proqram müasir dövrün tələblərinə cavab verməlidir. Bu, təkcə texnoloji yeniliklərə uyğunlaşma ilə məhdudlaşmır, həm də, informasiya cəmiyyətinin çağırışlarına, yeni peşə standartlarına və jurnalistikanın transformasiyasına cavab verən bir yanaşma tələb edir. Bizim "Media savadlılığı" ixtisaslaşması barədə təklifimiz də var və bu gün təkcə jurnalistlər deyil, cəmiyyətin bütün üzvləri üçün media savadlılığı zəruridir. Buna görə də bu sahənin gələcək jurnalistlərə ayrıca öyrədilməsi vacib şərtdir".

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə