Qarabağı cənnətə cevirən “BÖYÜK QAYIDIŞ” - TƏHLİL

Ölkəmizin çoxəsrlik tarixinin nadir hadisələrindən sayılan tarixi Zəfər, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində, Qarabağ savaşında qazanılan qələbə ən şanlı səhifələrimizdəndir. Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın 30 illik işğalına cəmi 44 gün ərzində son qoyması, ədalətli müharibə apararaq torpaqlarımızı geri qaytarması, eyni zamanda xalqımızın ədalətli mübarizəsinin təntənəsidir. Tarixi ədaləti bərpa edən Azərbaycanın “Böyük Qayıdış” proqramı bu ənənəni bu gün də uğurla davam etdirilməsidir.

Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilib. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin elan etdiyi “Böyük Qayıdış”, Vətən müharibəsindəki Zəfərdən sonra regionda və onun ətrafında yeni nəqliyyat-logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli bir proqramdır. “Böyük Qayıdış” dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkatdır və məhz buna görə də öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq əhəmiyyətli hadisədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Proqramı olan “Böyük Qayıdış”, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikası, 30 il işğal altında qalmış və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilmiş ərazilərin yenidən qurulması və həmin xarabalıqların üzərində yeni həyatın bərqərar edilməsi, işğaldan azad edilən ərazilərin istifadəyə verilməsi, həmin ərazilərdə çoxsaylı kəndlərin, şəhərlərin, tikililərin, yolların, körpülərin salınması, abadlaşdırma işlərinin aparılması deməkdir.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi, şəhər və kəndlərin bərpası, yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası, eləcə də yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlə azad olunmuş ərazilərin bərpası proqramına dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılıb. Prezidentin göstərişi ilə azad olunmuş beş şəhərin baş planı artıq öz təsdiqini tapıb. Uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması üşün hazırlıq işləri davam edir. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin dediyi kimi, “Qarabağı cənnətə cevirəcəyik”. Qarabağı cənnətə cevirən “Böyük Qayıdış” hamının, bütövlükdə Azərbaycan xalqının ürəyincədir, xalqımız bunu çox yüksək qiymətləndirir.

Pandemiyanın təsirləri səbəbindən hələ də dünya iqtisadiyyatı problemlər yaşadığı bir dövrdə, bütün dünyanın qlobal böhranla qarşılaşdığı bir məqamda erməni işğalından azad olunmuş ərazilərimizdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “Ağıllı Şəhər” və “Ağıllı Kənd” konsepsiyalarının reallaşdırılması, infrastriktur layihələrinin gerçəkləşdirilməsi, yolların, hava limanlarının istifadəyə verilməsi, quruculuq-abadlıq işlərinin uğurla aparılması dövlətimizin gücünü, qüdrətini nümayiş etdirir. Azərbaycan öz iqtisadiyyatının gücü, öz qüdrəti hesabına “Böyük Qayıdış” proqramını reallaşdırır və mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. Ölkə rəhbərinin, cənab Prezidentin “Böyük Qayıdış” proqramının uğurla icrası Qarabağı təkrarən cənnətə çevirir və biz bu prosesin canlı şahidləriyik.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “Böyük Qayıdış” proqramı ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğundan xəbər verir. Bu tərəqqi təkcə Qarabağın deyil, bütövlükdə bütün Azərbaycanın cənnətə çevrilməsi deməkdir.

İşğaldan azad edilən ərazilərdə Hava Limanlarının tikilib istifadəyə verilməsi, dəmir yollarının, avtomobil yollarının çəkilməsi, elktrik stansiyaları tikilməsi, digər infrastruktur layihələri həyata keçirilməsi “Böyük Qayıdış” proqramının əhəmiyyətini ortaya qoyur. Doğma Qarabağ ərazisində aparılan geniş miqyaslı qurucululuq işlərinin hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyəti və mənəvi dəyəri var. Ona görə ki, əvvəla, bu proqram vaxtı ilə həmin ərazilərdə yaşayan vətəndaşlarımızın öz ata-baba yurdlarına tezliklə qayıtmasını təmin edir, digər tərəfdən də “Böyük Qayıdış” həmin əraziləri yenidən cənnətə çevirir.

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə