Yanis Yukşa: ABŞ-ın İrəvandakı səfirliyində yüzlərlə kəşfiyyatçı işləyir – MÜSAHİBƏ

“Bu, sadəcə olaraq ABŞ-ın hegemonluğu naminə səslənən axmaq ritorikadan başqa bir şey deyildir”

Rusiyalı hüquqşünas və ictimai xadim, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Yanis Yukşa Caliber analitik mərkəzinə müsahibəsində Cənubi Qafqaz regionunda baş verən hadisələr və gedən proseslər haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bildiyiniz kimi, prezident Vladimir Putin xalqa televiziya ilə müraciəti zamanı Rusiya-Ukrayna böhranı ətrafında vəziyyətlə bağlı bir neçə mesaj səsləndirib, bununla yanaşı, qismən səfərbərlik elan edib. Onun Rusiyanın özünü qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyi ilə bağlı açıqlamalarını necə qiymətləndirirsiniz? Bu, Moskvanın kütləvi qırğın silahlarından istifadə etməyə hazır olması anlamına gəlirmi?

- Prezident Putin Qərb dünyası nöqteyi-nəzərindən sərt prezidentdir, baxmayaraq ki, Rusiyanın özündə daha radikal fikirlər var və bu halda mən onu böyük demokrat hesab edirəm. O, çox ehtiyatlı insandır, hər zaman danışıqlar aparmağa çalışır, ona görə də onu sərt siyasətçi kimi dəyərləndirən Qərb dərin səhvə yol verir.

Səfərbərliyə gəlincə, bizim kifayət qədər böyük ordumuz var- 1 milyondan çox, daha dəqiq desək, 1 milyon 200 min. Müvafiq olaraq, bu gün Ukrayna marşrutlarında kifayət qədər kiçik, məhdud kontingent var ki, bu da təxminən 120.000 nəfərdir. Deməli, hazırda bütövlükdə ordunun böyük müqavilə komponenti var. Problemi mümkün qədər tez həll etmək üçün öz potensialı və imkanları ilə rus qrupunun gücünü artıra bilən çoxlu peşəkar mütəxəssislər var.

Bu mərhələdə qismən səfərbərlik (300 min nəfər) bir çox sahələrdə çalışan mütəxəssisləri əvəz etmək və azad edilmiş qüvvələri Donbas istiqaməti kimi çətin bölgələrə göndərmək məqsədi daşıyır.

Hər bir dövlətin ən mühüm funksiyası öz müstəqilliyini və vətəndaşlarını qorumaqdır. Rusiya bunu istənilən yolla edəcək. “Rusiyanı məğlub edəcəyik və parçalayacağıq” kimi söhbətlər sadəcə olaraq ABŞ-ın hegemonluğu naminə səslənən axmaq ritorikadan başqa bir şey deyildir ki, bu, özlərini dünya hesab edən müəyyən qrup insan üçün bir alətdir. Hökuməti, tankları, gəmiləri öz istəkləri ilə hərəkət etdirə biləcəklərinə, insanları idarə edə biləcəklərinə, aclıq yarada biləcəklərinə, şəhərləri məhv edə biləcəklərinə və bütün ölkələri dağıda biləcəklərinə inanırlar və bütün bunlara yalnız onlara icazə verilir. Amma yanılırlar, əminəm ki, bütün bu qrupun necə iflasa uğrayacağını tarix göstərəcək və onlar cəzalandırılacaqlar.

- Rusiya paralel olaraq Cənubi Qafqaz gündəmini diqqətlə izləyir, bununla bağlı prezident Putin bildirib ki, KTMT vasitəsilə Bakı ilə İrəvan arasında gərginliyin azaldılması istiqamətində tədbirlər görülür. Ermənistanda yenidən müşahidə olunan anti-Rusiya isteriyası fonunda KTMT-nin xüsusi missiyasının işinin nəticələrindən gözləntiləriniz nədir?

- Qafqazın gündəliyinə gəlincə, bu gün onun niyə təbliğ olunduğu tam aydındır. Ermənistan Cənubi Qafqazda ABŞ-ın ən böyük varlığına, 1000-dən çox rəsmi işçisinə malik olan yeganə ölkədir ki, onların da əksəriyyəti ABŞ kəşfiyyat sistemini təmsil edir. Ona görə də təbii ki, müəyyən kənar qüvvələr Ermənistanı problem zonasına salmağa çalışacaqlar.

KTMT-nin missiyasına gəlincə, mən inanıram ki, o, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması yollarını təklif edən bəzi tövsiyələr hazırlayacaq. Ermənistanın bu təkliflərlə razılaşması çox vacibdir. Mənə elə gəlir ki, bu tövsiyələrin həyata keçirilməsi istiqamətində hərəkət qarşılıqlı olmalıdır. Bəli, təbii ki, Ermənistandan çox şey asılıdır, amma Azərbaycandan da asılı olan məsələlər var. Ona görə də ümid etmək istərdim ki, tərəflər hələ də regionda sülhün bərqərar olması üçün kompromis tapacaqlar.

- Yəni sizcə, Bakı ilə İrəvan arasında dinc dialoqa nail olmaq və hərtərəfli sənəd imzalamaq olar?

- Bəli, mən Ermənistanla Azərbaycan arasında hansısa dialoqa nail olmağın və sülh sənədinin imzalanmasının mümkünlüyünü istisna etmirəm. İnanıram ki, iki qonşu dövlət üçün belə həssas mövzunu sarsıtmamağa imkan verəcək qüvvələr və müəyyən düzgün düşüncə istiqamətləri olacaq.

- Ermənistan rəhbərliyi ölkənin KTMT-dən çıxması ilə bağlı rəsmi qərar qəbul etməyə qadirdirmi?

- Ermənistan KTMT-dən çıxmayacaq, bu, ölkəni bir çox imtiyazlardan məhrum edəcək çox ciddi addım olardı. Düşünürəm ki, Ermənistan rəhbərliyi də bunu başa düşür və xəbərdardır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə