Diaspor quruculuğu, lobbiçilik və həmrəyliyimizin gücləndirilməsi öz aktuallığını qoruyur - TƏHLİL

Hələ ötən əsrin sonlarında, daha dəqiq desək, 1991-ci ildə müstəqilliyini elan edan Azərbaycan, elə həmin dövrdən etibarən ciddi problemlərlə qarşılaşmalı oldu və məhz bu zamandan etibarən birliyə, həmrəyliyə ehtiyac olduğu, dünya azərbaycanlılarının həmrəyliyinə, diaspor quruculuğuna, lobbiçiliyə ehtiyac duyulduğu bəlli oldu. İstər sosial-iqtisadi böhran, istər daxili çəkişmələr, istərsə də xarici müdaxilələr, ələlxüsus işğalçı Ermənistanın fürsətdən istifadə edərək torpaqlarımıza göz dikməsi, təcavüz etməsi müstəqilliyimiz üçün təhdid hesab olunurdu və belə bir şəraitdə həmrəyliyimizə daha çox ehtiyac duyulmağa başladı, çünki birliyimiz sayəsində çətinliklərin öhdəsindən gəlinəcəyi aydın görünməyə başladı.

Təkcə hərbi mənada deyil, eləcə də informasiya müharibəsində Ermənistanın ölkəmizə qarşı həmlələr etdiyi, dezinformasiyalarla, yalan, təhrif olunmuş məlumatlarla haqlarımızı tapdalamağa çalışdığı zaman, bunun üçün də bütün dünyada erməni toplumundan istifadə etdiyi vaxt dünya azərbaycanlıları həmrəyliyə daha böyük ehtiyac duymuş oldu. Ermənistanın, eləcə də xarici havadarlarının, erməni təəssübkeşlərinin çirkin planlarının qarşısını almaq, vəziyyəti xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün isə qüdrətli dövlət, eləcə də güclü lobbinin yaradılması ən vacib məsələ hesab olunurdu və sevindirici haldır ki, hər ikisinə nail olundu.

Bütün sahələrdə olduğu kimi, həmrəyliyimizin, diaspor quruculuğumuzun, lobbiçilik fəaliyyətimizin təməlinin qoyulması da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əvvəla ona görə ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər digər məsələlərlə yanaşı diaspor quruculuğuna, lobbiçilik fəaliyyətinə də xüsusi diqqət ayırdı. Heydər Əliyev hər dəfə xarici səfərlərdə olduğu zaman səfərdə olduğu ölkədə yaşayan azərbaycanlılarla görüşməyə də xüsusi önəm verirdi və bunun üçün də vaxt ayırırdı. Görüşlər zamanı isə dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlılara bir-birləri ilə sıx əlaqə yaratmağı, birliyi, həmrəyliyi tövsiyyə edirdi. Ulu Öndərin bu tövsiyyələri də əlbəttə ki, səmimi şəkildə qəbul edilir, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində addımlar atılırdı. Məhz bu baxımdan da deyə bilərik ki, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi, diaspor quruculuğunda, lobbiçilik fəaliyyətinin yaranmasında Ümummilli Liderin rolu danılmazdır. Onu da unutmaq lazım deyil ki, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1991-ci il dekabrın 16-da məsələnin əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi və bundan sonra hər il 31 dekabr həmrəylik günü kimi bütün dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qeyd olunur. Ümummilli Liderimiz 23 may 2001-ci il tarixində “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” sərəncam da imzaladı və beş ay yarım sonra, daha dəqiq desək, həmin il noyabr ayının 9-u və 10-da Bakıda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağım iştirak etdiyi Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi tariximizə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Ulu Öndərin 2002-ci il iyulun 5-də imzaladığı «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında»kı fərmanla lobbiçiliyin mütəşəkkilləşmə dövrü başlandı.

Digər tərəfdən də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılara, diasporlarımıza dövlət dəstəyi də göstərilirdi və bu ənənə hal-hazırda da cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, erməni diasporu, erməni lobbisi Ermənistan dövləti üçün vəsait, yardım topladığı, ayırdığı halda və həmin dövlət hələ də bu yardımlar, bu ayırmalar hesabına ayaqda qaldığı halda, Azərbaycan dövləti diasporumuzun, lobbimizin daha da güclənməsi üçün xüsusi vəsaitlər ayırıb və hələ də bunu davam etdirir. Məqsəd də dünyanın bir çox ölkələrində olan diasporlarımızın imkanlarının artmasından ibarətdir. Lobbiçiliyin həyata keçirilməsi üçün ilk növbədə xarici dövlətlərdə güclü diasporun formalaşdırılması, eləcə də qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan cənab Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı və bununla da tam hüquqi baza yaradıldı.

Sirr deyil ki, hələ ötən əsrin sonlarında, Azərbaycan müstəqilliyini yenicə elan etdiyi zamanlarda erməni lobbisi çox güclü idi və kifayət qədər təsir gücünə də malik idi. Həmin dövrdə səriştəsiz hakimiyyət, yaxud da hakimiyyətsizlik səbəbindən idarəçilik də lazımi səviyyədə deyildi və Azərbaycan informasiya savaşında da, məlumatların dünyaya çatdırılmasında da qarşı tərəfə, işğalçı ölkəyə uduzurdu. Etiraf etmək lazımdır ki, Ermənistan öz yalan, təhrif olunmuş, həqiqətə uyğun olmayan məlumatlarını dünyaya yaydığı halda, Azərbaycan həqiqətləri çatdıra bilmirdi və bütün dünya bu həqiqətlərdən xəbərsiz idi. Belə olan halda haqlarımızın müdafiəsi haqqında danışmağa belə dəyməzdi, çünki bu mümkünsüz sayılırdı. Belə bir uğursuzluğun aradan qaldırılması, haqlarımızın, haqlı mövqeyimizin dünyaya çatdırılması tələb olunurdu və bunun üçün birliyimizə, həmrəyliyimizə, diaspor quruculuğuna, lobbiçiliyə əlbəttə ki, böyük ehtiyac duyulurdu və məhz Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı, eləcə də təşəbbüsü, rəhbərliyi, siyasi iradəsi ilə bu istiqamətdə də dövlətimiz tərəfindən müvafiq addımlar atıldı, müvafiq tədbirlər görüldü və bu tədbirlər hazırda da həyata keçirilir.

Təsadüfi deyil ki, artıq Azərbaycan digər istiqamətlərdə olduğu kimi, informasiya müharibəsində də Ermənistana qalib gəlir. Azərbaycanın haqq səsi dünyaya, dünya ictimaiyyətinə layiqincə çatdırılır. Bunun üçün həm bütün maneələr aradan qaldırılıb, həm də bu işdə birliyimiz, həmrəyliyimiz, diasporlarımız xüsusi rol oynayır. Dəfələrlə şahidi olmuşuq ki, artıq xarici ölkəlrdə yaşayan ermənilərin haqsız çıxışlarının qarşısı məhz həmin ölkədə yaşayan azərbaycanlıların, Azərbaycan diasporunun fəaliyyəti ilə alınır. Bir çox dünya ölkələrində səfirliklər qarşısında toplaşan erməni lobbisi məhz Azərbaycan diasporunun birliyi, gücü qarşısında tab gətirə bilmir. Artıq ermənilərin yalanları əvvəlki kimi ayaq tutub yerimir və bu məsələdə lobbiçilik fəaliyyətinin, diasporlarımızın da böyük, danılmaz rolu var.

Ermənistanın törətdiyi təxribatların fonunda başlayan müharibədə Azərbaycan qələbə qazandı və hamımız bilirik ki, qələbəmizin əldə edilməsində həmrəyliyimizin də böyük payı var. Xalqımız məhz həmrəylik sayəsində bir yumruğa çevrildi. Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, dəmir yumruq hər zaman öz yerindədir. Qeyd edək ki, bu dəmir yumruq birliyimizin, həmrəyliyimizin dəmir kimi bərk olması anlamına gəlir. Bu gün düşmən bu həmrəylikdən, bu birlikdən daha çox qorxur. İşğalçı ölkənin yuxusunu ərşə çəkən bizim həmrəyliyimiz, dünya azərbaycanlılarının həmrəyliyidir. Bu birlik, bu həmrəylik qarşısında düşmən tab gətirə bilməyəcəyini çox yaxşı başa düşür.

Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində qarşıya yeni vəzifələr qoymaqdadır. Məhz elə hazırda diaspor anlayışının beynəlxalq münasibətlərin vacib elementinə çevrilməsi də təsadüfi deyil və qarşıya qoyulan bu yeni vəzifələrdən irəli gəlir. Etiraf etmək lazımdır ki, xalqlar arasında sürətli inteqrasiya prosesləri gedtdiyi zamanda diaspor təşkilatlarının beynəlxalq siyasətdə rolu artır. Diaspor təşkilatlarının rolunun artması isə onların genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirir. Deməli, getdikcə diaspor quruculuğu, lobbiçilik və həmrəyliyimizin daha da gücləndirilməsi öz aktuallığını qoruyur.

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə