Qlobal mafiyanın ölüm biznesi: Orqan ticarətinin dəhşətləri – ARAŞDIRMA
Orqanların çıxarılması üçün insan qətl edilməlidir, çünki cəsəddən götürülən orqanlar heç nəyə yaramır
Xəbər verdiyimiz kimi, baş nazir Əli Əsədovun imzaladığı qərarla transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası təsdiqlənib. Qərar transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə alınması üçün müraciət edilməsi, müraciətlərə baxılma qaydasını, idxala və ixraca dövlət nəzarətinin həyata keçirilməsi məsələlərini tənzimləyir, donor orqanların idxalına və ixracına xüsusi icazə verilməsi barədə qərar formalarını müəyyən edir.
Azərbaycanda bu işlər 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna əsasən həyata keçirilir.
İlk orqanköçürmə əməliyyatı SSRİ-də olub
Orqan köçürmə halına qədim dövrlərdə də rast gəlinib. Müasir dövrdə isə, xəstənin həyatını başqa cür xilas etmək mümkün olmadıqda, ona digər bir insandan orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə SSRİ-də doktor Voronov tərəfindən reallaşdırılıb. İlk köçürülən orqan böyrək olub.
Azərbaycanda ilk orqan transplantasiyası əməliyyatı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. O Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq 1971-ci il martın 4-də pasiyentinə böyrək köçürüb. Elə bu nailiyyətinə görə də 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülən akademik 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı həyata keçirib.
Hər il dünyada təxminən 125 min orqan transplantasiyası həyata keçirilir. Bu rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə böyükdür və bu ticarətin qlobal dövriyyəsi trilyonlarla ölçülür. Söhbət ölüm diaqnozu qoyulan şəxslərdən orqanların götürülməsi ilə bağlıdır. Bir müddətdir ki, Azərbaycanda da orqan transplantasiyası məsələsi aktualdır. Lakin bu mövzuda fikirlər fərqlidir. İlk baxışda humanist bir addım kimi görünsə də, əslində, heç də elə deyil...
Məsələnin alt qatlarında daha dəhşətli faciələr yatır
Düzdür, kimisə xilas etmək üçün kiminsə orqanını bağışlaması humanist hərəkətdir. Lakin burada çox mürəkkəb məsələlər var. Əvvəla, tədqiqatçıların rəyinə görə, tam ölüm zamanı heç bir orqan götürülüb köçürülə bilmir, çünki o orqan yararsız olur- göz qişasından başqa. Həkimlər beyin ölümü diaqnozu qoyduqları xəstənin hələ tam ölməmişkən orqanlarını götürə bilərlər. Halbuki, adam hələ həyatdadır. Bundan qlobal orqan mafiyası necə lazımdır istifadə edir və orqan ticarətinin dövriyyəsi trilyonlarla ölçülür.
Çox zaman bunu donora "beyin ölümü" diaqnozu qoymaqla edirlər. Beyin ölümü və digər bu tip tibbi diaqnozları təsdiq edən elmi mərkəzlər də həmin qlobal mafiyanın nəzarətindədir. Üstəlik, beyin ölümünün təyin olunma mexanizmi və bunun tam ölüm sayılması barədə dünya elmi tibb mərkəzləri həmfikir deyil. Son illərdə "beyin ölümü" faktının əleyhinə daha çox elmi faktlar ortaya qoyulur.
Ölənlərin 14 faizinə beyin ölümü dianoqzunun qoyulması son dərəcə ciddi şübhələr yaradır. Beyin öülümü dianoqnu qoyulanların azı 70-80 faizinin orqanları köçürülmə üçün yararlı olur.
Hətta beyin ölümü belə insanın tam ölümü demək deyil. Bu halda sağ insanın orqanların götürülməsi xəstənin icazəsi olmadan, yəni, onu öldürərək alınma halıdır. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam var dünyada. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla götürülməsi cinayətdir. Yəni, hətta birini xilas etmək naminə belə digərini öldürmək cinayət faktıdır.
Şəxs xəstəliklə bağlı şüurunu itirmiş haldadırsa, hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ yoxdur, olmamalıdır. Yalnız bədən sahibi öz rəsmi vəsiyyəti ilə buna icazə verərsə, qəbul etmək olar, o da buna məcbur olması və ya bundan pul qazanmaq fikri haqda şübhələr olmadıqda. Öldükdən sonra isə, dediyim kimi, heç bir orqanı istifadə eləmək olmur, yalnız göz qişasından başqa.
Orqan ticarəti müharibələrə və terrora rəvac verir
Bəzi ölkələrdə bu qanunun qəbul edilməsi orqan qaçaqçılığına və ticarətinə vüsət verib. Hətta, bəzi müharibələr məhz bu məqsədlə törədilir. Müharibə regionlarında, yoxsul ölkələrdə böyük miqyasda cinayətlər törədilir. Misal üçün, Suriyada, Liviyada, İraqda, Əfqanıstanda, Ukraynada, Misirdə… yüz minlərlə uşağın və girov götürülmüş digər sağlam insanların orqanları zorla alınır və varlı ölkələrə satılır.
Dünyanın ən dəhşətli terror təşkilatı İŞİD də bu işlə fəal məşğul olur və əsir aldığı şəxslərin orqanlarını Qərb ölkələridəki varlılara satır. Bəzən isə, müharibə bölgəsindəki yoxsul insanlar özləri könüllü olaraq orqanlarını İŞİD-ə satırlar. Bu əməliyyatlardan ildə on milyonlarla pul qazanır.
Ümumən, Qərbin Suriyada törətdiyi terror və müharibədən sonra bu ölkədə orqanları sağ ikən çıxarılıb öldürülən insanların sayı yüz minlərlə ölçülür. Statistikaya görə, təkcə orqanları çıxarıldıqdan sonra cəsədləri dəfn olunmaq üçün yenidən Suriyaya göndərilənlərin sayı 60 mindən çoxdur. Eynilə, Ukraynada, Əfqanıstanda, İraqda və Liviyada da vəziyyət belədir.
Yunanıstanın keçmiş xarici işlər naziri Nikos Kotzias minlərlə qaçqın uşağa viza verildikdən sonra onların Avropada seks köləsi olduğunu və orqan mafiyasına təslim edildiyini bildirməklə, bütün dünyanı dəhşətə gətirən mənzərəni rəsmən etiraf edib. Kotzias bu məsələ ilə bağlı 93 hadisənin qeydə alındığını da vurğulayıb.
"Kimsəsiz uşaqlara viza verilməsinin nə demək olduğunu bilirsinizmi? Bu orqan ticarəti deməkdir! Öləndən sonra rahat yatmağıma səbəb olacaq yeganə şey isə bəzi canları xilas edə bilməyimdir”. söyləyən sabiq nazir bəyanatında açıqladığı rəqəmin sadəcə aysberqin görünən tərəfi olduğunu da vurğulayıb.
Çox təəssüf ki, bu qorxunc hesabata rəğmən, Avropada heç bir cinayət işi açılmayıb, uşaqların aqibəti qeyri-müəyyən olaraq qalmaqdadır.
Kasıb şərqlilərdən varlı qərblilərə gedən orqanlar
Qəsdən müharibə törədilən Yaxın Şərq ölkələrindən orqanlarının çıxarılması məqsədilə canlı insan daşındığı ölkələrin içində ABŞ, İsrail və Qərbi Avropa ölkələri ilk yerlərdədir.
Bir az da geniş kontekstdə baxsaq, terror, müharibə törədilmiş kasıb Şərq ölkələrində sağlam insanların orqanları zorakı və kütləvi şəkildə götürülüb varlı Qərb ölkələrində istifadə olunur. Kasıbların qurban verilməsi səbəbinə varlılar həyat qazanır. İnsana maddi qiymət qoyulur və o, hissə-hissə satılır. Bundan rəzil hərəkət və bundan böyük cinayət ola bilməz. Faktiki olaraq, dünyada orqan köçürülməsində vəziyyət belədir- varlılar alıcı, kasıblar donor rolunu oynayır! Bu da sosial-psixoloji, mənəvi böhranın son həddi, insan cəmiyyətinin ən rəzil sifətidir.
İtkin düşənlərin çoxunun orqan mafiyası tərəfindən qaçırıldığı haqda ciddi şübhələr var. Amerikada son 20 ildə çoxu uşaq olmaqla 400 min nəfərin itkin düşərək yoxa çıxması çox ciddi reaksiya doğurub. Son 10 ildə Azərbaycanda itkin düşənlərin sayı 10 min nəfərdən çox olub. Bu şəxslərin necə birdəfəlik yoxa çıxması çox ciddi şübhələr yaradır. Hərdənbir DTX və DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş idarəsi tərəfindən orqan ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələr aşkar olunur və onlar haqda istintaq aparılır.
İnsan orqanları bazar malı kimi qiymət qoyulub satılır
Bu biznesin qlobal dövriyyəsi trilyonlarla ölçülür, qurbanları isə milyonlarla. Bəs niyə müasir insanların öz orqanları sıradan çıxır və donor orqana möhtac qalırlar? Həkimlərin fikrincə, bu artıq həyat tərzi ilə bağlı məsələdir.
Qeyri-təbii qidalanma, qeyri-sağlam həyat tərzi, zərərli vərdişlər insanların orqanlarını sıradan çıxarır. Bu səbəblərin aradan qaldırılması ilə məşğul olmaq lazımdır. Biz bunu araşdırmalıyıq ki, niyə orqan çatışmazlığı yaranır və bunun qarşısını almaq üçün çalışmalıyıq. İnsanları sağlam həyat tərzinə, sağlam qidalanmağa, yeri gəlsə, məcbur etmək lazımdır. Qida təhlükəsizliyi maksimum təmin olunmalı, zərərli vərdiş və texnologiyalara qarşı mübarizə aparılmalıdır.
Yoxsa, kimsə heç bir qaydaya riayət etmədən yaşayır, kefini sürür, nəticədə orqanı sıradan çıxır, kimsə də insan kimi sağlam həyat tərzi sürür, sağlam orqanı olur, sonra o varlı və harın şəxsin kefcil və bivec həyat tərzinin ağır nəticələrinin əvəzini bu kasıb olan insan ödəyir. Burda ədalət hardadır?
Yalnız bir halda bunu etmək olar. Bir insan yalnız özü şəxsən və çoxsaylı şahidlərin iştirakı ilə öz orqanını kiməsə verə bilər, misal üçün, yaxın adamını, ya da hansısa bir şəxsi xilas etmək üçün heç bir pul tələb etmədən. Orqan bir şərtlə verilə bilər ki, o, bərpa olunan olsun, şəxsin ölümünə, əlilliyinə səbəb olmasın. Əks halda, bu qərar orqan ticarətinin çiçəklənməsinə stimul yaradacaq ki, bu da həyatda ən ağır cinayətlərdən biridir.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə