Milli ruhda, vətənpərvərlik ruhunda olan gəncliklə gələcəyə ümidlər böyükdür - TƏHLİL

Şərqi Avropada, eləcə də MDB məkanında əhalisinin çox hissəsini gənclər təşkil edən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə əhalinin 25 faizdən çoxunu 14-29 yaşlı gənclər təşkil edir və Azərbaycanın gələcəyi məhz bu yaş qrupunda olan insanların necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən bilavasitə asılıdır və belə bir tərbiyə alan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını daha da artırır. Elə buna görə də ölkəmizdə gəncliyin müsbət ruhda tərbiyəsinə xüsusə önəm verilir və bunun da faydası artıq özünü göstərməkdədir.

Ölkəmizdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin tərbiyə edilməsinə, inkişafına, eləcə də milli maraqlarımıza xidmət edən gənclər siyasəti aparılır. Bu siyasətin də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan, ictimaiyyətimizi bəlalardan qoruyan, təlatümləri adladan Ümummilli Liderimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra yeni gənc nəslin formalaşması istiqamətində mühüm tədbirlər görüb, ciddi addımlar atıb və bir sözlə, gənclər siyasətinin əsasını qoyub. Əsası Ulu Öndər tərəfindən qoyulan həmin gənclər siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu istiqamətdə, yəni gənclər siyasəti sahəsində davamlı olaraq Dövlət Proqramları qəbul olunur, mühüm tədbirlər həyata keçirilir. Məhz bu proqramların, bu tədbirlərin, bir sözlə, gənclər siyasətinin uğurlu olması özünü dəfələrlə təsdiq edir. Beləki, dövlətimizin gənclər siyasəti sayəsində bugünkü gənclərimiz istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar və beynəlxalq miqyasda keçirilən idman yarışlarının, müxtəlif müsabiqələrin qalibləri olan gənclər artıq Azərbaycanın hüdudlarından xeyli kənarda da ictimai, elm, mədəniyyət və digər bütün sahələr olmaqla ölkəmizi yüksək səviyyəli kürsülərdə təmsil edə bilirlər.

Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı artıb. Bu da ondan xəbər verir ki, gənclərimizin vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi daha da möhkəmlənib. Bu isə təbii ki, gənclərin hərtərəfli inkişafına şərait yaradılması sayəsində olub. Həmin şəraitin yaradılmasında məqsəd isə gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda yetişməsi, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsinin aşılanması olub. Artıq dəfələrlə şahidi olmuşuq ki, bu məqsədə nail olunub və gəncliyimiz ən yüksək səviyyədə bu tərbiyəyə yiyələnib.

“Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər”, deyə bəyan edən cənab Prezident İlham Əliyev gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verir və diqqətlə yanaşır. Məhz buna görə də ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir və öz bəhrəsini göstərir. Gənclərimizin həqiqətən də milli ruhda tərbiyə aldığını, vətənpərvər olduğunu torpaqlarımızın işğaldan azad olunması zamanı gördük. Bunu tək biz yox, bütün dünya ictimaiyyəti gördü və şahifi oldu ki, Azərbaycan gəncləri vətəni yolunda, hətta bir qarış torpağı uğrunda öz qanlarından, canlarından keçməyə hazırdırlar. Şəhid, qazi kimi yüksək ad qazanan gənlərimiz vətən üçün tərəddüd etmədən, qorxmadan, çəkinmədən ölümün gözünün içinə dik baxdıqlarını dünyaya bəyan etdilər.

Azərbaycanın gələcəyi məhz gənclərə həvalə edilir və ölkəmizin gəncləri dəfələrlə sübut ediblər ki, gələcəyimiz etibarlı əllərdədir. Aprel döyüşlərində, 44 günlük müharibədə Azərbaycan gəncliyi öz sözünü dedi, vətənpərvərliyini sübut etdi, milli dəyərlərin keşiyində necə dayandığını bir daha göstərdi. Göstərdi ki, torpaqlarımızın, vətənimizin keşiyindədir və lazım gəldikdə canı, qanı bahasına hər qarış torpağını müdafiə etmək əzmində, ruhundadır.

Öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirən Azərbaycan gəncliyi ölkədə gedən proseslərin önündə, dövlət idarəetməsində iştirak etməklə, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi təmsil etməklə yanaşı, səngərdə əlində silah torpaqlarımızı müdafiə və işğaldan azad etmək uğrunda mübarizə aparmaq əzmində olduğunu da 44 günlük müharibə zamanı bəyan etdi. Doğma torpaqlarımızın, Qarabağ torpaqlarının erməni işğalından, düşmən tapdağından azad edilməsində gənclərimizin müstəsna xidmətlərini, rolunu hər kəs gördü. Hər kəs gördü ki, vətənpərvərvər ruhda olan Azərbaycan gənci xüsusi şücaəti ilə seçilir. Mədəniyyət ocağımız olan və 30 ilə yaxın düşmənin işğalı altında qalan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər, bu döyüşlər zamanı gənclərin qayalarla dırmaşaraq düşmən üzərinə həmlə etməsi xüsusilə cəsurluq nümunəsi kimi yaddaşlara həkk olundu. Bu cəsarət əlbəttə ki, milli ruhda, vətənpərvərvərlik ruhunda tərbiyə alan, yetişən gəncliyə məxsus olmalı idi və bunun şahidi olanlar əmin oldular ki, həqiqətən də Azərbaycan gəncliyi məhz milli mənlik şüuruna malik, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb, yetişib.

Bu gün həmin o milli ruh, vətənpərvərlik ruhu yenə də Azərbaycan gəncliyinə aşılanır. Azərbaycan dövlətinin gənclərə olan dəstəyi nəticəsində gəncliyimizin yenə də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsi inkişaf edir, hətta təkmilləşir. Daha dəqiq desək, dövlətimizin apardığı gənclər siyasəti sayəsində Azərbaycan gəncliyinin daha da vətənpərvər olacağına zərrə qədər şübhə yoxdur. Bu isə o deməkdir ki, milli mənlik şüurunda, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alan, yetişən gəncliklə gələcəyə ümidlər daha böyükdür.

Müəllif: İnam Hacıyev

6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə