Məktəblərdə kişi müəllimlər niyə yoxdur? – KÜNCDƏN BAXIŞ

Ötən gün sosial şəbəkələrdə müəllimlərin işə qəbul müsahibəsində çəkilmiş bir foto yayıldı, istifadəçilər şəkli böyük məmnunluqla paylaşdılar. Bu müsahibədə iştirak edən II Qarabağ Müharibəsi veteranı Elmir müəllimin fotosu idi. Döşündə 4 medalı ilə müsahibəyə gələn gənc müəllimin simasındakı təvazökarlıq göz oxşayırdı.

Məktəblərdə kişi müəllimlərin azlığı həmişə müzakirə mövzusu olub, lakin əlaqədar nazirlik tərəfindən ciddi problem kimi qəbul edilməyib. Müəllim olmaq həvəsində olan gənclərin çoxu universiteti bitirdikdən sonra öz peşəsi üzrə yox, fərqli sahədə iş tapır. Səbəbini hərəsi bir cür izah edir, kimisi işə qəbul şərtlərinə qane olmur, kimisi maaş azlığı səbəbindən oxuduğu sahəyə gedə bilmir.

Hələ 10-15 il əvvələdək məktəblərdə pedoqoji heyətin yarısı kişi müəllimlərdən ibarət idi. Xatırlayıram, biz məktəbdə oxuyarkən 6 fənni kişi müəllimlərimiz tədris edirdi. İndi məktəblərdə kişi müəllimlər yox dərəcəsindədir. Hətta dəfələrlə idman və hərbi hazırlıq dərslərinin də qadın müəllimlər tərəfindən tədris edildiyinin şahidi olmuşuq.

Bütün fənləri qadın müəllimlərin tədris etməsi oğlan uşaqlarının psixologiyasına ciddi təsir edir. İndi sosial-iqtisadi vəziyyət məcbur edir ki valideynləri günün böyük hissəsini işdə olsun, dolayısı ilə atalar uşaqlarına daha az vaxt ayıra bilir. Bu səbəbdən də oğlan uşaqları məktəblərdə kişi müəllimlərlə ünsiyyətdə olmalı, o boşluğu doldurlmalıdır. Xüsusilə, oğlan uşaqların təlim-tərbiyəsində kişi müəllimlərinin inkar edə bilməyəcəyimiz qədər böyük rolu var. Onların həyata baxışı, kişi tərbiyəsi verməsi, kişilik aşılaması, yeniyetməlik, keçid dövründə kişi müəllimdən məsləhətlər almaq oğlan övladlarımız üçün əvəzedilməz bir tərbiyə üsuludur.

Düzdür, atalar evdə öz oğullarına lazımı həyat tərbiyəsini başa salır, amma hər kəs bilir ki, bu gün valideynlər ailə-məişət problemlərindən, iş qayğılarından yetəri qədər azad deyil, ona görə də saatlarla oturub nəyisə aşılamaq olmur. Eyni zamanda, uşaqlar günün yarısını məktəbdə keçirir. Lazımdır ki, həmin müddət kişi müəllimlərinin də nəzarəti ilə keçsin.

Qadın müəllimlərin çoxluğu oğlan uşaqlarının xarakterinə təsirsiz ötüşmür. Kiçik bir analiz etsək görərik ki yeniyetmə oğlanların əksəriyyətində qadına xas davranış və danışıq formlalaşır. Çünki uşaqların xarakteri əsasən məktəblərdə formalaşır. Ona görə də pedaqoji sahədə kişi müəllimlərinin sayının artırılması vacibdir.

Kişi müəllimlərin sayının az olma səbəbi kimi əməkhaqqının aşağı olması göstərilir. Amma indi müəllimlərin əksəriyyəti öz gəlirini əsasən repetitorluqdan qazanır. Məsələ burasındadır ki, gənclərin müəllim olmağa həvəsi var, lakin əməkhaqqı məsələsi onları narahat edir. Xüsusilə kişi müəllimin az əməkhaqqı müqabilində işləməsi ailə başçısı olduqdan sonra çətin olur. Problemin həlli kimi kişi müəllimlərə xüsusi imtiyazlar yaradıla bilər. Kişi müəllimlər daha çox dərs saatı ilə təmin olunsa və imtiyazları olsa, müəllim işləməyə maraq artar.

Əsla qadın müəllimlərinin əməyini, zəhmətini danmıram, övladlarımızın ikinci anası onun qadın müəllimləridir, buna baxmayaraq qadınlarla yanaşı kişi müəllimlərin də təlim-tərbiyəsinə, tədrisinə olduqca böyük ehtiyac var. İndi ən yaxşı halda texniki fənnin bəzilərinin kişilər tərəfindən tədris olunduğunun şahidi oluruq. Bəzi hallarda təlim-tərbiyə yaxud direktor müavinlərindən biri kişi ola bilir. Bunların da əksəriyyəti qadınlardan ibarətdir. Əgər bunun səbəbini müəllimlərin aldığı əmək haqqına bağlasaq, düzgün olmazdı. Çünki kişilərimiz digər yerlərdə o qədər də yüksək əmək haqqı müqabilində işləmir. Axı bizim məktəblərdə müəllim maaşı orta əmək haqqından aşağı ola bilməz. Digər tərəfdən, müəllimlərin əksər hissəsi repetitorluqla məşğul olur. Kişi müəllimlər də bu yolla öz maaşlarını balanslaşdıra bilər. Bəziləri hətta 2-3 maaş qədər pul qazanır.

Müşahidələr göstərir ki, kişi müəllimlərin tədris etdiyi fənni uşaqlar daha yaxşı mənimsəyirlər. Səbəb o deyil ki, kişi müəllimlər qadınlardan daha güclüdür, savadlıdır. Səbəb odur ki, şagirdlər kişi müəllimlərdən daha çox çəkinirlər, sakitliyə riayət edirlər, dərsə davamiyyətləri yüksək səviyyədə olur. Bütün bunların nəticəsi də, əlbəttə, dərsə öz təsirini göstərir.

Oğlanların nizam-intizamı, ümumiyyətlə, bir fərd kimi kişi olaraq yetişdirilməsində kişi müəllimlərin rolu əvəzedilməzdir. Hazırkı dövrdə də bu balansın bərabərləşməsi, qorunması vacibdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə