Azərbaycançılıq ideologiyası bizim üçün ən mühüm ideologiyadır - TƏHLİL

Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirir. Milli həmrəyliyi, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məhz azərbaycançılıq ideologiyasıdır. “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, deyən Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasını qoydu və artıq hər bir azərbaycanlının qürur mənbəyi onun milli mənsubiyyətidir.

Ərazi bütövlüyünü qorumaq, milli birliyi, həmrəyliyi təmin etmək azərbaycançılıq ideologiyasının qayəsini təşkil edir. Əvvəla ona görə ki, torpaqlarımızın bundan sonra bir daha işğala məruz qalmaması, ərazi bütövlüyümüzün qorunması ən ümdə vəzifəmiz sayılır və bunun üçün milli birliyimiz, həmrəyliyimiz olduqca vacibdir. Biz bunun İkinci Qarabağ müharibəsi zamanı şahidi olduq və gördük ki, həqiqətən də həmrəyliyimiz, milli birliyimiz sayəsində torpaqlarımız işğaldan ən qısa zamanda azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda milli birliyimiz, həmrəyliyimiz, bir sözlə, azərbaycançılıq ideologiyası Zəfər çalmağımıza əsaslı zəmin yaratdı və bizə qürur bəxş etdi. Biz bütün dünya azərbaycanlılarının xalqımızın milli-mənəvi dəyərlərini, xalqımıza məxsus olanları müdafiə etdiyinin, qoruduğunun əyani şahidi olduq və azərbaycançılıq ideologiyasının bizi, bütün azərbaycanlıları milli maraqlar ətrafında birləşdirən ən vacib amil olduğunu bir daha gördük.

Xatırladığımız kimi, ötən əsrin sonlarında, daha dəqiq desək, 1992-1993-cü illərdə bəzi qüvvələr etnik separatizmin vüsət almasına rəvac verirdi və bu zaman Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə idi. “Talış-Muğan Respublikası” yaratmaq istəyinə düşənlər, Sadvalçılar və digər etnik-milli toplumlar etnik separatizmə geniş meydan açmışdılar ki, bu da Azərbaycanın parçalanması, vətəndaş qarşıdurması, xaosa gətirib çıxarırdı. Belə bir məqamda məhz Azərbaycan xalqının təkidli tələbi ilə dahi rəhbərin, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı, onun irəli sürdüyü azərbaycançılıq ideologiyası bütövlükdə ölkəmizi, dövlətimizi xilas etdi, xalqımızı təhlükələrdən qorudu və bu günkü qüdrətli, qalib Azərbaycanın əsası qoyuldu. Azərbaycançılıq ideologiyası ölkəmizdəki bütün milli-etnik toplumları birləşdirdi və bu ideologiyanın daşıyıcıları dövlət və millət amalında birləşməklə, qazandığımız Zəfərin təməlini qoydular.

Sirr deyil ki, İkinci Qarabağ müharibəsində döyüşənlər, canlarını torpaqlarımız uğrunda fəda edənlər arasında talış, avar, ləzgi və digər etnik mənsubiyyəti olanlar da az deyildi. Etnik mənsubiyyətindən asılı olmayaraq, müharibədə iştirak edən hər kəs torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, bütövlükdə Azərbaycan naminə canından keçməyə hazır olduğunu isbatladı. Bunun isə məhz elə azərbaycançılıq ideologiyası ətrafında birləşmə olduğu özü gəstərdi. Ona görə də bu gün cəsarətlə deyə bilərik ki, İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər, əldə etdiyimiz qələbə həm də azərbaycançılıq ideologiyasının qələbəsidir. Hamımız şahidi olduq ki, azərbaycançılıq ideologiyası artıq öz töhvəsini verdi və deməli bu ideologiya, azərbaycançılıq ideologiyası bütün azərbaycanlılar üçün, bizim üçün ən mühüm ideolgiyadır.

Azərbaycançılıq ideologiyası azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Etnik mənsubiyyətindən asılı olmayaraq özünü azərbaycanlı sayanların həmrəyliyi üçün azərbaycançılıq ideologiyası ən güvənli istinad mənbəyi, eləcə də ideoloji əsasıdır. Bu baxımdan da azərbaycançılıq ideologiyası bizi birləşdirən dəyər olub. Hal-hazırda gənclər arasında azərbaycançılıq ideologiyasının təbliğinin aparılması da təsadüfi, yaxud əbəs yerə deyil. Məqsəd vahid Azərbaycan naminə, dövlətimizin suverenliyi, torpaqlarımızın bütövlüyü, xalqımızın həmrəyliyi, birliyi və bizim birlikdə qüdrətli olmağımızı təmin etməkdir. Məhz buna görə də azərbaycançılıq ideologiyası artıq dövlət siyasətində xüsusi, önəmli yer tutur, çünki qalib ölkə olaraq, qalib ölkədə yaşayan insanlar olaraq azərbaycançılıq ideyası ətrafında birləşməmiz və bu ideologiyanı daha da inkişaf etdirməmiz üçün qazandığımız Zəfər kimi bir tutarlı səbəbimiz, əsasımız var.

Ordu, xalq və Ali Baş Komandanın birliyi bizi dəmir yumruğa çevirdi və İkinci Qarabağ müharibəsində qələbəmizi tezləşdirdi. Cəmi 44 gün ərzində işğalçı tərəf bu birlik, eləcə də dəmir yumruq qarşısında məğlub oldu və həmrəyliyimiz bizi ən tez zamanda qələbədən qələbəyə apardı. Milli-etnik mənsubiyyətindən asılı olmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən, canından, qanından keçən, şəhidlik zirvəsinə ucalanlar azərbaycançılıq ideologiyasını da ucaltmış oldular.

İnam Hacıyev

6.3.9. Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə