"Heç kim yaxasını kənara çəkməməlidir" - BAŞ REDAKTOR AÇIQLADI

“Jurnalist adından sui-istifadə və digər bu kimi neqativlər tək medianın yox bütün ölkənin, cəmiyyətin problemidir. Mediadakı neqativ hallar bütün cəmiyyətin problemi olduğuna görə onlara qarşı bütün hallarda mübarizə aparılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Baş redaktor qeyd edib ki, hər bir vətəndaş, əlaqədar dövlət qurumları, dövlət və özəl sahə məmurları, media təmsilçiləri imkan daxilində dayanmadan mübarizə aparmalıdır: “Çünki media sahəsində jurnalist adından sui-istifadə təkcə medianın görkəmini korlamır, vətəndaş-dövlət münasibətlərinə də təsir edir. Həmçinin medianın dövlətçilik, eyni zamanda cəmiyyət üçün böyük missiyasının və funksiyasının tam əsaslarla fəaliyyət göstərməsinə təsir göstərir. Ona görə də heç kim yaxasını kənara çəkməməlidir.

Ümumiyyətlə neqativ hallarla mübarizə güclənməli və məsuliyyəti təkcə peşəkar medianın üzərinə atmamalıyıq. Təbii ki, peşəkar media insanları, qurumları başda da Mətbuat Şurası olmaqla biz illərdir bu sahədə çabalar göstəririk. Unutmaq olmaz ki, jurnalist adından istifadə və neqativ hallar medianın canında olan parazitlər və ziyanlı ünsürlərdir. Heç bir halda canlı orqanizmin daxilindəki neqativlərlə mübarizə aparmağı orqanizmin öz öhdəliyinə vermirlər. Mütləq ki, həmin parazitlərlə mübarizə aparmaq üçün kənar dəstəklər, müdaxilələr lazımdır. Sosial şəbəkə fəalları ilə peşəkar media jurnalistikası arasındakı fərqi görmək lazımdır. Çünki bir çox hallarda adi sosial şəbəkə fəalları da özlərini jurnalist kimi qələmə verərək onların yaradıcılığına maneçiliklərin törədiklərini bildirirlər. Bu halda onların özlərini reabilitasiya etməsinə şərait yaradır, eyni zamanda peşəkar medianın missiyasını və funksiyasını həyata keçirtməyə mane olur. Məhz bu səbəbdən sosial şəbəkə aktivləri ilə peşəklar jurnalistlər arasındakı incə sərhədi hər kəs görməli və bilməlidir. Peşəkar jurnalistlərdə sosial şəbəkələrdə çox aktiv şəkildə iştirak etməlidirlər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə