"Dövlətimizin ətrafında sıx birləşməliyik" - BAŞ REDAKTOR AÇIQLADI

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq rəsmi qurumlar, Mətbuat Şurasının tövsiyələrini və müraciətlərini qulaqardına vuraraq yalan məlumatlar, cəbhə ilə bağlı yersiz və lazımsız informasiyalar sosial şəbəkələrdə və mediada yayılır". Bu sözləri SİA-ya açıqlamasında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib.

Baş redaktor bildirib ki, bu məsələ ilə bağlı Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və media nümayəndələrinə xəbərdarlıq edib: "Edilən xəbərdarlıqlara baxmayaraq tanınmış sosial şəbəkə istifadəçiləri müəyyən gərginlik yaradan məlumatlar yayırlar. Amma bəzi məlumatlar düşmən tərəfindən Azərbaycanda narahatlıq yaratmaq istəyən qüvvələrin marağına xidmət edir. Həm media nümayəndələri, həm də sosial şəbəkə istifadəçiləri bu məsələyə hədsiz diqqətli və həssas yanaşmalıdırlar. Zəfərdən sonra quruculuq işlərinin getdiyi bir vaxtda bizim milli birliyə, dövlətimizin ətrafında sıx birləşməyə ehtiyacımız var. Hansısa ifadə və söz azadlığı şüarı altında bu cür narahatlıqlar yaradacaq, ölkədə birliyimizə və həmrəyliyimizə zərbə vuracaq, insanların etibarını azaldacaq informasiyalara yer vermək olmaz. Bu cür informasiyaları yayarkən şəxs özünə məsuliyyət hissi ilə yanaşmalıdır.

Mən də Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi media nümayəndələrini və bütün sosial şəbəkə istifadəçilərini bu yalan məlumatlardan çəkinməyə çağırıram. Bu məsələdə Mətbuat Şurası daha aktiv olmalı və daha kəsərli addımlar atmalıdır ki, dövlət qurumlarının müdaxiləsinə ehtiyac qalmasın".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə