“Söz və mətbuat azadlığı dövlətin başlıca prioritetlərindən biridir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan milli mətbuatı və informasiya məkanı Azərbaycan dövlətinin və cəmiyyətinin informasiya təhlükəsizliyini təmin edən əsas ictimai-siyasi institutdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan mətbuatı bütün imkanlarını səfərbər edərək cəmiyyətdəki ictimai münasibətlərin sağlamlaşmasına xidmət etdi: “Eyni zamanda media sahəsində köklü islahatlar aparılıb, yeni qanunlar qəbul edilib. Ancaq bütün bunlara baxmayaraq çox təəssüf ki, bəzi hallarda informasiyanın manipulyasiyası ilə əlaqədar fərqli nümunələr də gördük. Bunlar, əlbəttə yolverilməzdir.

Azərbaycanın informasiya məkanının keyfiyyətinə mənfi təsir göstərən bütün hallara qarşı mübarizə aparmaq lazımdır. Bu prosesdə iştirak edən bütün subyektlər həm hüquqi məsuliyyətə cəlb edilməli, həm də ictimai qınağa məruz qalmalıdır. Elə etmək lazımdır ki, mətbuatımızın nailiyyətləri gözdən düşməsin və buna çalışan qüvvələr öz məqsədlərinə çata bilməsinlər. Mətbuat kifayət qədər böyük gücdür və informasiya təhlükəsizliyimizi qoruyan institut kimi belə hallara qarşı mübarizədə səmərəli nəticə əldə edə biləcək potensiala malikdir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı dövlətin başlıca prioritetlərindən biridir: “Bu azadlıqların çox ciddi konstitusion əsasları var. Eyni zamanda hər bir informasiya mənbəyi, hər bir informasiya daşıyıcısı hüquq qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hər bir informasiya daşıyıcısı, informasiyanı manipulyasiya etmək istəyən hər bir şəxs başa düşməlidir ki, bunun hüquqi məsuliyyəti var. Deməli, hüquqi məsuliyyət yaradan addımlarla bağlı cəza tədbirləri də görülə bilər. Bu məsuliyyəti dərk etsək, "reket jurnalistika"nın kökünü kəsə, informasiyanı manipulyasiya aləti kimi istifadə etmək istəyənlərə qarşı uğurlu mübarizə apara bilərik”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə