"Yalan məlumat yayan qurumlar ictimai qınağa tuş gəlməlidir" - BAŞ REDAKTOR AÇIQLADI

"Bu gün media adına iddia edilən yeni saytlar, blogerlər, sosial şəbəkə istifadəçiləri var ki, onların yaydığı informasiyalar yoxlanılmamış və şişirdilmiş olur". Bu sözləri SİA-ya açıqlamasında "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid deyib.

Onun sözlərinə görə, bu “qurum”larda məsuliyyət hissi olmur: "Buna görə də yalan, mənbəyi məlum olmayan informasiyaların yayılması narahatlıq doğurur. Bəzi insanlar söz və fikir azadlığı şüarı altında doğru olmayan məlumatları yayırlar. Bununla bağlı Mətbuat Şurasının qəbul etdiyi peşə davranışı qaydaları var. Mətbuat Şurasının üzvü olan jurnalistlər həmin peşə davranış qaydalarını qəbul edirlər. Arzu edirəm ki, bu, daha böyük auditoriyaya yayılsın. Hesab edirəm ki, bu məsələlər daim gündəmdə qalmalı, Mətbuat Şurası bu prosesi izləməlidir. Belə hallarda ictimai qınaq güclü rol oynamalıdır. Yalan məlumat yayan, böhtan atan, şantaj edən qurumlar həmin an ictimai qınağa tuş gəlməlidir. Düşünürəm ki, problemin həlli yollarından biri də məhz budur”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə