Söz, fikir və məlumat azadlığı sivil cəmiyyətin atributudur - TƏHLİL

Söz azadlığı dünyada ən əvəzolunmaz nemətlər sırasındadır və demokratiyanın əsas göstəricilərindən sayılır. Təsadüfi deyil ki, söz, fikir və məlumat azadlığı demokratiyanın əsas göstəricisi olmaqla, dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Ümumiyyətlə, söz, fikir və məlumat azadlığı sivil cəmiyyətin atributu hesab olunur. Bu baxımdan da ölkəmizdə söz, fikir, məlumat azadlığına xüsusi həssaslıqla yanışılır və Azərbaycanda bu azadlıqlar qorunur.
Ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdən olan fikir, söz və məlumat azadlığı kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdəndir. Bu baxımdan deyə bilərik ki, cəmiyyətin əsas azadlıqları, daha dəqiq desək, fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır. Əvvəla ona görə ki, hərhansı dövrün gerçək təsvirini məhz mətbuat verir. Bu mənada mətbuat cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirən, cəmiyyəti olduğu kimi təsvir edən bir güzgü hesab olunur və bu güzgünün şəffaflığı da məhz mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi deməkdir.
Demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən olan azad media, insan hüquq və azadlıqlarının müdafiəsi məhz demokratik cəmiyyətin inkişafına xidmət edir. Cəmiyyətin, xüsusilə demokratik cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsi olan kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı, sosial fəallığı formalaşdırır və həmçinin də istiqamətləndirir. Bu baxımdan da dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün ölkəmizdə zəruri tədbirlər görülür.
Doğrudur, milli mətbuatımızın zəngin tarixi keçmişi vardır və Azərbaycan milli mətbuatı çətin, keşməkeşli yollar keçib, əsası da məhz “Əkinçi” qəzeti ilə qoyulub, amma müasir milli mətbuatımızın, azad medianın inkişafı, ümumiyyətlə, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əvvəla ona görə ki, “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız əvvəlcə Çar Rusiyasının təsiri altında, sonra isə 70 il Sovet imperiyasının senzurası, təzyiqi altında fəaliyyət göstərib və azad fəaliyyət göstərməsinə, müstəqilliyinə də məhz müstəqilliyin bərpasından, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyət yenidən qayıdışından sonra qovulub. Digər tərəfdən də, mətbuat azadlığının təmin edilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu və xidmətləri danılmazdır, çünki xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli mətbuatımız yeni mərhələyə qədəm qoydu, daha doğrusu, azad mətbuat olaraq istiqamətini müəyyənləşdirdi. Bundan sonra da Ulu Öndər milli mətbuatımıza qayğısını əsirgəmədi və məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və göstərişi ilə Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edildi, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlər, maneələr aradan qaldırıldı, senzura yığışdırıldı, müasir dünya standartlarına uyğunlaşdırıldı, maddi-texniki bazası möhkəmləndirildi, çox saylı müxtəlif güzəştlər tətbiq edildi. Xüsusən, 1998-ci ildə "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman məhz Ulu Öndər tərəfindən imzalandı və bununla da senzura birdəfəlik ləğv olundu. Bütün bunlar dahi rəhbərin, Ümummilli Liderimizin söz, fikir, ifadə, məlumat azadlığına, plüralizmə önəm verdiyini təsdiq edən faktlar, nümunələrdir və bu faktlar bununla bitmir, sadalanmaqla da qurtaran deyil.
Ulu Öndər Heydər Əliyevin söz və mətbuat azadlığının bərqərar olması istiqamətində ölkəmizdə başlatdığı işlər cənab Prezident İlham Əliyev tərəfindən hal-hazırda uğurla davam etdirilir və fikir, ifadə, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi dövlət rəhbərinin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Bu həm də mətbuatın inkişafına ölkə rəhbərinin göstərdiyi diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərin göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, sözün həqiqi mənasında mətbuatın inkişafı, söz, ifadə, məlumat azadlığı, plüralizm dövlət siyasətinin başlıca prioritetlərindəndir.
Azərbaycanın KİV haqqında qanunu Avropa şurasının ən ciddi ekspertizasından keçib və bu sənəd nəinki MDB məkanında, hətta Avropada ən yaxşı qanunlardan biri sayılır. Bu isə ondan xəbər verir ki, söz, fikir, məlumat azadlığı istiqamətində Azərbaycan qanunvericiliyi olduqca mükəmməldir. Hal-hazırda ölkəmizdə hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqe sərgiləmək imkanı varsa, deməli, Azərbaycanda fikir, söz və məlumat azadlığı qorunur. Sözsüz ki, sivil cəmiyyətin atributu sayılan bu azadlıqlar dövlətin diqqət və qayğısı, yaradılan şərait sayəsində formalaşıb və bunu təkzib etmək mümkün deyil. Ölkəmizdə fikir, söz, məlumat azadlığının tam şəkildə təmin olunması, bu istiqamətdə şəffaf fəaliyyət, eləcə də dinamik inkişaf onu deməyə əsas verir ki, gələcəkdə fikir, söz, məlumat azadlıqıarının getdikcə daha üstün səviyyədə olacağına tam əmin olmaq olar.
Müəllif: İnam Hacıyev
6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB