"Bütün bunlar Azərbaycan mediasının uğurudur" - BAMF SƏDRİ AÇIQLADI
"Bu gün dünya mediasında bir sıra yeniliklərə imza atılır. Yeni texnologiyaların inkişafı, internet imkanlarının əlçatanlığı media sahəsində də böyük dəyişiklərə yol açmaqdadır. Elə bir dövrdə yaşayırıq ki, artıq print media öz yerini elektron mediaya verib və demək olar ki, kölgədə qalıb. Bununla yanaşı, sosial şəbəkələrdən düzgün istifadənin imkanları da getdikcə genişlənməkdədir. Burada ən böyük üstünlük isə informasiyanın daha çox insana, daha tez çatdırılması ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, paylaşılan informasiya sürətlə yayılması ilə yanaşı, bir o qədər də tez köhnəlməsi ilə diqqət çəkməkdədir: "Bu imkanlardan istifadə edən əksər peşəkar jurnalistlər isə sərbəst çalışmaya üstünlük verir və frilans olaraq fəaliyyət göstərirlər. Onlar bu fəaliyyətləri ilə özlərinin şəxsi bloqlarını, internet kanallarını yaradaraq artıq şəxsi oxucu kütləsi də toplaya biliblər. Hətta, günümüzdə mobil telefonlar vasitəsilə asanlıqla sujetlər hazırlamaq və informasiyaları yayımlamaq da mümkündür.
Bu gün Azərbaycana nəzər salsaq dünya ilə ayaqlaşmış və özünün çoxəsrlik inkişaf yolu ilə seçilən media şəbəkəsini formalaşdığını görə bilərik. Artıq, qeyd etdiyim yeniliklər ölkə mediasına da nüfuz etməkdədir. Medianın bu istiqamətlərdə inkişafı üçün lazımi imkanlar var və bundan yararlananlar da az deyil. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi elektron medianın inkişafına öz dəstəyini göstərir və bu sahədə yeniliklərin tətbiq olunmasında maraqlıdır. Azərbaycan mediasının beynəlxalq aləmə nüfuz etməsini də ayrıca qeyd etmək olar. Bu gün bir neçə xarici dildə fəaliyyət göstərən xəbər saytlarımız var ki, artıq ölkənin hüdudlarından kənarda müəyyən oxucu kütləsi toplaya biliblər. Onu da əlavə edə bilərəm ki, İkinci Qarabağ zəfərindən sonra Azərbaycan mediasında fərqli bir canlanma müşahidə edilməkdədir.
Əlbəttə, bütün bunlar Azərbaycan mediasının uğurudur və gələcək üçün daha da inkişaf edə biləcəyinin göstəricisidir. Ancaq, bəzi problemlər də vardır ki, bunun da əsasında jurnalistlərin peşə kodeksinə əçəl etməmələri və peşəkarlıq, keyfiyyət çatışmazlıqları dayanır. Düşünürəm ki, zaman-zaman bütün problemlər aradan qaldırılacaq və mediamız daha da inkişaf edəcək".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB