Jurnalistlərin ŞUŞA TƏƏSSÜRATLARI - SORĞU

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi 22 iyul Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlim keçirib. Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin eləcə də İİTKM-in əməkdaşları iştirak edib. 2 günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb. Bəs, təlimdə iştirak edən jurnalistlərin Şuşada keçirilən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi yay məktəbi ilə bağlı təəssüratları nədən ibarətdir?

SİA mövzu ilə bağlı jurnalistlərin düşüncələrini öyrənib:


”Yeni Azərbaycan Qəzeti”nin əməkdaşı Günel Abbas
bildirib ki, 22 İyul - Milli Mətbuat Günü ərəfəsində Şuşada olmaqdan qürur və xoşbəxtlik hissləri keçirir: "Bu gün Şuşa şəhəri azaddır və biz Mətbuat Gününü azad Şuşada qarşılayırıq. Əminəm ki, Ulu Öndərin ruhu da şaddır. Çünki o da məhz bu günləri görmək istəyirdi. Bu günün reallaşmasını vəsiyyət etmiş, Şuşanın Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilməsini arzulamışdır. Müzəffər Ali Baş Komandan tərəfindən Şuşa şəhəri və torpaqlarımız işğaldan azad olunandan bu günə qədər Şuşada arzuların gerçəkləşməsi istiqamətində böyük işlər görülüb. Gördüklərimizə əsasən demək istəyərdim ki, dövlətimiz hazırkı mərhələ üçün qarşıya qoyulan məqsədə çatıb. Bu səbəbdən dövlətimizin başçısına təşəkkürlərimi bildirirəm. Mən deyərdim, səfərdə bərabər iştirak etdiyimiz bütün həmkarlarım eyni fikirdədir. Biz hamımız bu heyrətamiz mənzərə üçün Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarıq.

Şuşa şəhərinə ikinci səfərim olsa da, ilk dəfəki qədər həyəcanlıyam. Şuşa hər bir azərbaycanlının görmək istədiyi məkandır, xalqımızın ibadətgahıdır. Bu gün bizimlə bir yerdə səfərdə iştirak edən həmkarlarımızın hər biri Şuşa sevincini yaşayır. Şuşada aparılan quruculuq işlərinin xoş xəbərlərini eşidir, bu barədə yazırdıq. Artıq bu gün öz gözlərimizlə gördüyümüz yüksək səviyyəli yenidənqurma işlərindən öz dostlarımıza danışacağıq, çalışdığımız media orqanlarında işğaldan azad olunmuş ərazilərdə görülən işləri geniş işıqlandıracağıq. Buna görə özümüzü çox xoşbəxt hesab edirik".


AZƏRTAC İnformasiya Agentliyinin əməkdaşı Zaur Mirzəyev
qeyd edib ki, Şuşada jurnalistlər üçün belə bir təlimin keçirilməsi böyük əhəmiyyətə malikdir: “Biz bu təlim sayəsində həm iqtisadi sahədə təcrübələrimizi genişləndirəcəyik, həmçinin də işğaldan azad olunmuş Şuşanı gəzdik gördük. Jurnalistlər arasında Şuşaya ilk dəfə gələnlər də vardı. Bu səbəbdən düşünürəm ki, bu cür təlimlərin keçirilməsinə ehtiyac var. Jurnalistlər üçün Şuşada yay məktəbi təşkil olunduğuna görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinə və Medianın İnkişafı Agentliyinə minnətdarlığımı bildirirəm”.


“Modern.az” saytının əməkdaşı Aysel Aslanın
fikirlərinə görə, Şuşada jurnalistlər üçün təşkil edilən yay məktəbi biznes sahəsi ilə əlaqədar önəmli məlumatları özündə əks etdirən vacib təlimlərdən ibarət idi: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi 2 günlük təlimdə vergi, maliyyə və bank sektoru, gömrük, sığorta, həmçinin rəqəmsal iqtisadiyyat və digər mövzularda peşəkar ekspertlərin təqdimatlarını dinlədik, suallarımızı ünvanladıq.

Düşünürəm ki, iqtisadiyyatın ciddi əhəmiyyət daşıdığı bir dönəmdə jurnalistlərin məhz bu sahədə peşəkar təlimə cəlb edilməsi önəmli addım idi. Əldə etdiyimiz biliklərin hazırlayacağımız məqalələrdə çox köməyimizə gələcəyinə inanıram.

Yay məktəbini mənim üçün önəmli edən digər məqam da məhz Şuşada təşkil edilməsi idi. Vətən müharibəsindən sonra ilk dəfə Şuşanın möhtəşəmliyini canlı görmək imkanım oldu. Mədəniyyət paytaxtımızın hər daşında Vətən müharibəsində can qoyan igidlərimizin izləri, qeydləri var. Həmkarlarımızla birlikdə Şuşanın gözəlliyindən zövq alaraq, şəhidlərimizin ruhuna dualar oxuduq. Buna görə, jurnalistlərin Şuşada keçirilən Yay məktəbinin təşkilatçılarına təşəkkürümü bildirirəm”.


"Vision TV"nin əməkdaşı Orxan Kərimov
bildirib ki, hər bir azərbaycanlının görmək arzusunda olduğu bir şəhərdə - Şuşadayıq: “İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən yay məktəbi burada iştirak edən hər bir jurnalist üçün çox əhəmiyyətlidir. Çünki biz bu təlim sayəsində təcrübəmizi genişləndirəcəyik. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərdə jurnalistlər üçün bu cür təlimlərin keçirilməsinə böyük ehtiyac var. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinə və Medianın İnkişafı Agentliyinə öz təşəkkürlərimi bildirirəm”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Nigar Həsənli qeyd edib ki, bu, mənim Şuşaya ilk səfərimdir: “Qarabağ işğaldan azad olunan gündən bu günü arzulayırdım. Nəinki, Şuşa, ümumiyyətlə Qarabağa ilk dəfədir gəlirəm. İlk səfərdə məhz Şuşada olmağıma görə ikiqat sevincliyəm, qürurluyam. Cıdır düzündə gəzərkən, dərəyə baxdıqda bu qürur daha da artdı. İgidlərimizin bu qayalara necə qalxdığı haqqında çox eşitmişik. Gözlərimizlə görmək tamam başqa imiş. Dərəaşağı baxdıqda insan istər-istər vahimələnir.

Qəhrəmanlarımızın günlərlə davam edən müharibənin yorğunluğuna, ağırlığı artıran silah-sursata rəğmən o qayalara qalxdığını düşündükcə insan heyrətini gizləyə bilmir. Bu, necə mümkün olub axı? Bu qüruru bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə şəfa arzu edirəm.

Qarabağ artıq dirçəlir. Şuşa böyük tikinti meydanını xatırladır. İşçilər hətta gecələr də çalışırlar ki, layihələri vaxtında təhvil verə bilsinlər. Yollar çəkilir, binalar tikilir, şəhərdə infrastruktur müasir standartlara uyğun davam etdirilir.

Qarabağımızı, o cümlədən səfər edənlərin təhlükəsizliyini qoruyan əsgərlərin, polis əməkdaşlarının rolunu da vurğulamaq istərdim.

22 iyul Mətbuat günü ərəfəsində, "Şuşa ili"ndə Şuşaya səfər təşkil edən MEDİA və İİTM-yə yüksək səviyyəli təşkilatçılıq üçün təşəkkür edirəm”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə