MEDİA-nın müsabiqəsində qalib gələnlərin TƏƏSSÜRATLARI - SORĞU

Azərbaycan Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb.

SİA MEDİA-nın müsabiqəsində qalib gələnlərin təəssüratlarınınə öyrənməyə çalışıb:

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən növbəti 6 aylıq müsabiqənin media orqanları arasında elan olunması və bunun növbəti 6 aylıq dövrün başlanğıcı olan ilk günündə elan edilməsi təbii ki, yaxşı bir haldır: "Artıq Medianın İnkişafı Agentliyi öz missiyası çərçivəsində və nizamnaməyə uyğun fəaliyyətlərinin dəqiq şəkildə qrafikləşdiyinin şahidi oluruq. Bütün mərhələlərdə artıq gərəkli işlər gecikmədən həyata keçirilir. Bu da o deməkdir ki, MEDİA getdikcə öz nizamnaməsinə və missiyasına uyğun daha sistemli fəaliyyət platformasında qərarlaşır. Bu, onu deməyə əsas verir ki, Medianın İnkişafı Agentliyi öz missiyasında nəzərdə tutulmuş işləri gecikmədən həyata keçirəcək. Altı aylıq dövr üçün media orqanları arasında müsabiqənin elan olunması media orqanlarının fəaliyyətinə sistemlilik gətirir. Çünki müsabiqə nəticələrinin elə növbəti altı aylıq dövrün ilk günündə elan olunması artıq media orqanlarının işindı hər hansı bir fasilənin yaranmaması üçün etibarlı təminatdır. Artıq müsabiqəyə sənəd vermiş bütün media orqanları bilir ki, müsabiqə yekunlarında kimklərin əldə etdiyi nəticə nədən ibarətdir və hər kəs müsabiqənin yekunlarına uyğun olaraq öz fəaliyyətini davam etdirəcək. Medianın İnkişafı Agentliyi elan etdiyi müsabiqə şərtlərində yer almış media orqanlarına, həmkarlarımıza uğurlar arzu edirəm".

"Lent.az" saytının redaktoru Səbinə Əvəzqızının fikirlərinə görə, son illərdə, daha doğrusu Medianın İnkişafı Agentliyinin fəaliyyəti dövründə onlayn media subyektlərinə dəstəklə bağlı elan edilmiş müsabiqələr daha çox diqqətini çəkirdi: "Burada əsas məsələ müsabiqənin güvən verməsi idi. Agentliyin məsələyə fərqli yanaşması şübhələrə əsas vermir. Bütün hallarda sağlam müsabiqələr sağlam rəqabət üçün şərait yaradır. Bununla müəyyən etmək olur ki, ölkədə öz işi ilə ciddi məşğul olanlar hansı orqanlardır. Bu isə media sahəsində peşəkarlığın inkişafına səbəb olacaq.

Ümumiyyətlə, qurumun ölkədə media uğruna gördüyü bütün müsbət işləri dəyərləndirirəm. Mediamızın daha səmərəli fəaliyyət göstərməsi üçün veb-saytlara dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqə çox uğurlu addımdır. Müsabiqənin nəticələri demək olar ki, media cameəsində çox sevinclə qarşılandı. Bu siyahıda təmsil olduğum Lent.az saytı da var. Və bu bizim kollektiv üçün çox qürurvericidir. Hesab edirəm ki, agentliklə əməkdaşlığımız uğurlu alınacaq.

Son illərdə medianın əhatəsi o qədər genişlənib ki, bəzən oxucular seçim etməkdə çətinlik çəkirlər. Bəzən peşəkarlar bunun ciddi əziyyətini çəkirdilər. Agentliyin müsabiqəsinin nəticələri də bu problemin həllinə də müsbət təsirini mütləq göstərəcək".

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinə və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri sosial şəbəkələrdə çox müsbət qarşılanıb: "Qəzetlər sırasında “525-ci” qəzet də var. Bu, çox xoş oldu. Düşünürəm ki, son zamanlarda Medianın İnkişafı Agentliyinin üzərinə böyük yük düşür. Media subyektlərinin maliyyələşdirilməsi, “Media haqqında” qanunun hazırlanması, bir sıra müsabiqələrin təşkil olunması, bunlar hamısı çox ciddi məsuliyyət tələb edən işlərdir. Jurnalistlər istedadlı və fərqli insanlardır. Bu baxımdan jurnalistərlə ortaq nöqtə tapmaq, onları qane edəcək nəticələr ortaya qoymaq çətindir. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi bu işin öhdəsindən gəlir. Medianın İnkişafı Agentliyinin elan etdiyi çox müsbət reaksiya doğurur".

"Azxəbər.com" saytının baş redaktoru Hacıbəy Heydərli Medianın İnkişafi Agentliyinin ədalətli seçimə görə təşəkkür edir. Hacıbəy Heydərli bildirib ki, ümumilikdə saytlar və qəzetlər üçün müsabiqələrin təşkil olunması, konkret maliyyə yardımının göstərilməsi, üstəlik, bu zaman obyektivliyi maksimum təmin etmək heç də asan iş deyil. Agentlik artıq dəfələrlə keçirdiyi müsabiqələrdə sübut edib ki, media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir və ən nəhayət peşəkarlığa üstünlük verir.

Bu səbəbdən də MEDİA-nın müsabiqə nəticələri sosial şəbəkələrdə və cəmiyyətdə hər zaman təqdirlə qarşılanır. Bu müsabiqələr həm də Azərbaycanda peşəkar medianın formalaşmasına, jurnalistlərin daha da uğurlu şəkildə fəaliyyətinə hesablanıb. Sayt və qəzetlərin maliyyələşməsi ilə yanaşı jurnalistlər üçün təlimlərin, müsabiqələrin keçirilməsi bu sahədə peşəkarlığın artmasına töhfə verir. Qalib saytlara kriteriyaların qoyulması da mətbuatımızın inkişafına, oxucunun dəqiq və düzgün məlumat əldə etməsinə, eyni zamanda media subyektləri arasında sağlam rəqabətin yaranmasına yardımçı olur.

Ümumilikdə isə Azərbaycanda KİV-ə maliyyə dəstəyinin ayrılması dövlətimizin mediaya birbaşa qayğısının və dəstəyinin göstəricisidir Medianın İnkişafı Agentliyi bu müsabiqələrlə medianı yeni inkişaf mərhələsinə gətirib. Bu müsabiqənin bir müsbət tərəfi də odur ki, onlayn media subyektləri məhz MEDİA-nın dəstəyi ilə öz işlərini daha uğurlu və peşəkar səviyyədə qura bilirlər. Qalib olan bütün həmkarlarımızı təbrik edirəm, olmayanlara isə ruhdan düşməməyi və eyni əzmlə, eyni istəklə işlərini davam etməklərini arzu edirəm. Əminəm ki, növbəti müsabiqələrdə onların da adı qaliblər siyahısında olacaq".

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz qeyd edib ki, Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqələrdə obyektivlik görünür, yanaşma tərzi normaldır: "Saytlarda və qəzetlərdə dərc olunmuş yazılara görə hər altı aydan bir qrant layihəsi ayrılır. Medianın İnkişafı Agentliyi elan etdiyi müsabiqə şərtlərində yer almış media orqanlarına, həmkarlarımıza uğurlar arzu edirəm".

"Demokrat.az" saytının baş redaktoru Vasif Həsənli ədalətli seçimə görə MEDİA agentliyinə təşəkkür edir. O bildirib ki, siyahıya baxdıqda bunu görmək çətin deyil: "Siyahıda yer alanların əksəriyyəti mövcud imkanları zəif, əlavə gəlir yerləri olmayan saytlardır. Halbuki, bu media resursları istər xəbər istehsalında, istərsə dövlət maraqlarının müdafiə olunması işində peşəkar fəaliyyəti ilə seçilir.

Media Agentliyi də seçiminin də məhz peşəkar fəaliyyətin stimullaşdırılması yönündə olduğunu görürür. Ən vacib məqam isə mediaya dövlət dəstəyinin ədalətli və daha obyektiv bölünməsi prinsipinin qorunmasıdır. "Demokrat.az" saytının kollektivi, eyni zamanda həmkarlarımızın adından MEDİA Agentliyinə təşəkkür edirik".

Qeyd edək ki, layihə çərçivəsində həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstərilir. Müsabiqədə iştirak edən onlayn media subyektlərinə (veb-saytlara) hər birinə ayda 3 min manat maliyyə yardımı ayrılacaq.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...