Dövlətimizin gənclər siyasəti uğurla davam etdirilir – TƏHLİL

Uşaqlar və gənclər cəmiyyətin, ölkənin gələcəyini müəyyən edir və bu baxımdan onlar həmin cəmiyyətin və ölkənin inkişaf göstəricisi sayılır. Ona görə də gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi yetişməsi ən vacib məsələlərdən hesab olunur. Ulu Öndər Heydər Əliyevin, "Gənclər bizim gələcəyimizdir", kəlamı da yaddaşlardan silinən deyil və etiraf etmək lazımdır ki, müstəqillik qazandığımız zamandan etibarən Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri məhz Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilib.

Dövlətimiz uşaq və gənclərin təlim-tərbiyəsinə, inkişafına xüsusi diqqət və qayğı göstərir və son zamanlar bu diqqətin, bu qayğının daha da artdığı təkzib edilə bilməz. Xüsusilə yeni-yeni məktəb binalarının, idman komplekslərinin inşası, yenidən qurulması və təmiri deyilənləri təsdiq edir və sübut edir ki, ölkəmizdə bu sahəyə ayrılan diqqət yetərincədir. Bu da ondan xəbər verir ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlətimizin gənclər siyasəti, cənab Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir.

Ölkəmizdə uşaq və gənclərə dövlət qayğısı görülən işlərdə, atılan mühüm addımlarda, dövlət proqramlarının həyata keçirilməsində öz təsdiqini tapır. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə uşaq və gənclərin təlim-tərbiyəsi, fiziki və mənəvi inkişafı, ümumiyyətlə, gənclər siyasəti əsas prioritetlərdəndir. Məhz 2007-ci ilin “Gənclər ili” elan edilməsi bunu təsdiq edir və dövlət başçısının uşaq və gənclərə diqqət və qayğısının bariz nümunəsi hesab olunur.

Sözsüz ki, uşaq və gənclərin təlim-tərbiyəsində, onların sağlam yetişməsində ilk növbədə onların böyüyüb boya-başa çatdıqları ailənin rolu danılmazdır. Azərbaycanda isə heç yerdə analoqu olmayan ailə institutu mövcuddur və bunun da uşaq və gənclərin tərbiyəsinə təsiri olduqca böyükdür. Çünki Azərbaycanda ailələr milli-mənəvi dəyərlərə söykənən əsaslarla idarə olunur və əxlaqi dəyərlər, etik normalar, vətənpərlik hisləri, gənclərin fiziki cəhətdən sağlam yetişməsi hər zaman ön planda durur. Ona görə də birmənalı şəkildə hesab olunur ki, psixoloji, mənəvi və fiziki cəhətdən hər bir uşağın, gəncin sağlam böyüməsi birinci növbədə ailədən başlayır. Övladına düzgün tərbiyə vermək, onun sağlamlığının qeydinə qalmaq, onu düzgün istiqamətləndirmək hər bir valideynin müqəddəs borcu, hətta ən ümdə vəzifəsi sayılır.

Əlbəttə, ailə ilə yanaşı uşaq və gənclərin təlim-tərbiyəsinə, fiziki və mənəvi cəhətdən inkişafına, savadlı vətəndaş kimi yetişməsinə təhsil ocaqlarının, məktəblərin də böyük təsiri var. Çünki uşağın cəmiyyətlə ilk tanışlığı onun məktəbə qədəm qoyması ilə başlayır. Məhz bu baxımdan, uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına məktəblər, təhsil ocaqları birbaşa cavabdehdirlər və məsuliyyət daşıyırlar. Təhsil sistemində aparılan uğurlu islahatlar, ölkəmizdə olimpiya hərəkatının geniş vüsət alması onu deməyə əsas verir ki, son illər bu istiqamətdə bir çox irəliləyişlər var. Bilavasitə müəllimlərin də üzərinə böyük məsuliyyət düşür və gənc nəslin təlim-tərbiyəsində onların rolu əvəzsizdir. Məktəbin pedaqoji kollektivi hər bir şagirdin cəmiyyət üçün qəbul olunmayan xüsusiyyətlərini islah etməli, ona gələcəkdə vətəndaş kimi yetişməkdə lazım olanları aşılamalıdır.

Uşaq və gənclərin tərbiyəsinə, inkişafına, sağlam yetişməsinə əlbəttə ki, ətraf mühitin də təsiri nəzərə alınmalıdır. Beləki, ətraf mühitin necə olması uşaqların tərbiyəsində xüsusi rol oynayır. Əlbəttə ki, sağlam bir mühitdə, ərtaf aləmdə böyüyən uşaqlar daim sağlam həyat tərzi seçmiş olurlar və həmin mühit onların təlim-tərbiyəsinə müsbət təsir edir. Etiraf etmək lazımdır ki, dəyişən dünyada əxlaqi dəyərlərə ən çox sadiq qalan məhz Azərbaycan cəmiyyətidir və cəmiyyətimizdə əxlaq normaları daim ön plandadır. Bizdə qeyri-əxlaqi hərəkətlər elə cəmiyyətin özü tərəfindən qınanılır və ictimai qınaq gənclərin müsbət istiqamətdə formalaşmasına pozitiv təzir edir. Eləcə də cəmiyyətimizin normal şəkildə inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizə edilməsinə dövlətimizin də müsbər təsiri böyükdür. Azərbaycan dövləti tərbiyəli, sağlam, vətənpərvər, savadlı, bacarıqlı gənclərin yetişməsində olduqca maraqlıdır. Çünki sağlam gənclik sağlam gələcək deməkdir və bizim gələcəyimiz, dövlətimiz gələcəyi məhz gənclərə həvalə ediləcək.

Gənclərin xüsusilə vətənpərvər ruhda yetişməsi ölkəmiz, dövlətimiz və xalqımız üçün xüsusilə önəm kəsb edir. Hər bir xalq vətənpərvər gəncliyi ilə öz hazırki və gələcək təhlükəsizliyinin təminatına əmin ola bilər. Biz bunun 44 günlük Vətən müharibəsində də şahidi olduq. Şahidi olduq ki, Azərbaycan gənci həqiqətən də vətənpərvər ruhda yetişib və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təminatı, xalqımıza məxsus olana sahib çıxmaq gəncliyimiz üçün çox dəyərli hesab olunur. Əks halda Azərbaycan gəncləri Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovmaq üçün, işğal altında qalan torpaqlarımızı azad etmək üçün canından belə keçməyə hazır olmazdı. Biz isə şahidi olduq ki, gənclərimizin bir qismi hətta könüllü şəkildə bu müqəddəs amal uğrunda mübarizəyə qatıldı və canlarını da fəda edərək şəhidlik zirvəsinə ucaldılar.

Sadalanan məqamlar və faklar heç də təsadüfi hesab olunmur, əksinə, onu deməyə əsas verir ki, dövlətimizin gənclər siyasəti uğurla aparılıb və uğurla da davam etdirilir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsində döyüşən gənclərin böyük əksəriyyəti anadan olan zaman artıq Qarabağ əraziləri düşmənin işğalı altında idi və onlar bir dəfə də olsun həmin torpalları əyani şəkildə görməmişdilər və əgər onlar həmin torpaqlar uğrunda savaşa tərəddüd etmədən, böyük ruh yüksəkliyi, qələbə əzmi, vətənpərlik hisləri ilə qatıldılarsa, deməli, həqiqətən də dövlətimiz uğurlu gənclər siyasəti aparıb və həmin siyasətin bu şəkildə davam etdirilməsi ən doğru addımdır.

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...