Vətəni qoruyanları qoruyan dövlət - ANALİZ

Azərbaycanın sosial yönümlü dövlət olduğu məlumdur. Lakin 2-ci Qarabağ müharibəsindən sonra dövlətin sosial yükü xeyli artıb. Belə ki, Vətən müharibəsi iştirakçılarının, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi xeyli gücləndirilib və bu məqsədlə çox böyük xərclər həyata keçirilib. Bununla bağlı satistik məlumatlara baxdıqda vəziyyət aydın görünür.

Sosial ödənişlər: 93 min nəfərə 104 min xidmət

O cümlədən:

Şəhidlərin ailə üzvləri: 7 979 nəfərə 15 943 sosial ödəniş;

Müharibə əlilləri: 3 000 nəfərə 5 900 sosial ödəniş;

Müharibə veteranları: 81 856 şəxsə 81 856 sosial ödəniş.

Mənzil və avtomobil təminatı: 11,7 min nəfərə 3 714 xidmət

3 500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib;

214 avtomobil müharibə əlillərinə verilib.

Məşğulluq: 12,1 min nəfərə 12,1 min xidmət

Özünüməşğulluq proqramına cəlb olunub: 7,8 min nəfər;

Məşğulluq marafonu: 643 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub.

Sosial-psixoloji dəstək və reabilitasiya xidməti: 9,1 min nəfərə 27 min xidmət

2 954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib;

Reabilitasiya Müəssisələrində 2 500 qaziyə xidmətlər göstərilib;

Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı müasir protezlə təmin edilib;

1 419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib və s.

Şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid Əlaqələndirmə Mərkəzləri: 41 min nəfər.

AR Prezidentinin 25.06.21 Fərmanı ilə yaradılıb. 6 qurum və 33 YİH orqanı üzrə 26 xidmət;

Xidmətlə təmin olunub: 41 min nəfər.

Sosial ödənişlərdə artım, yeni sosial ödənişlər

01.01.2021-ci ildən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, 01.01.2022-ci ildən müavinətlər orta hesabla 60% artırılıb;

Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub;

Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa görə orta aylıq pensiya 75% artıb.

Ümumilikdə təqribən 100 min şəxsə 190 min xidmət göstərilib.

Göründüyü kimi, dövlətimiz müharibə iştirakçılarına, əlillərini və şəhid ailələrini qayğını xeyli artırıb. Onların və ailə üzvlərinin mənzil, avtomobil, iş, təhsil və tibbi xidmət hüquqları təmin olunub.

Əlbəttə, çox böyük və genişmiqyaslı bu prosesdə müəyyən yerlərdə bəzi neqativ hallara da rast gəlinib. Mətbuatda bununla bağlı şikayətlər işıqlandırılıb, lakin aidiyyatı orqanlar bu halların aradan qaldırılmasını təmin ediblər.

Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.

2018-ci il aprelində ölkə Prezidenti seçildikdən sonra onun imzaladığı ilk Fərmanın (19 aprel 2018-ci il tarixli) məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübut edir.

Fərmanla, həmçinin 2019-cu ilin yanvar ayında imzalanan Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının -12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.

Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təminatını nəzərdə tutur.

Eyni zamanda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi 2-ci Qarabağ müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi.

Şanlı tarixi Zəfər əldə etdiyimiz müharibəsdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı icra olunur. Bu proqram üzrə mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı cənab Prezidentin Sərəncamı ilə 2021-ci ildə 5 dəfə genişlənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə onlara 3 min mənzil və fərdi ev verilməsi proqramı uğurla icra olunub ki, bu da 2018-ci ilə nisbətən 5 dəfə çoxdur.

Ümumən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 13 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Eyni zamanda, dövlət başçısının 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Digər həssas qruplardan olanların (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da ardıcıl şəkildə mənzillə təminatı həyata keçirilir.

Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam edir. Son 4 ildə də 1500-dək, ümumilikdə 7600-dən çox müharibə əlili minik avtomobili ilə təmin edilib.

Bütün bunlar dövlətimizin vətəni qoruyan, onun uğrunda canını və sağlımlığını qurban vermiş şəxslərə və onların ailə üzvlərinə göstərdiyi qayğının yalnız maddi təzahürləridir. Lakin dövlətimizin, cəmiyyətimizn onlara sevgisi bunlarla bitmir. Müharibə qəhrəmanları haqda yüzlərlə kitab, film, sənət əsərləri hazırlanır, tədbirlər keçirilir, vətən uğrunda şəhid olanların adları küçələrə, məktəblərə və sair obyektlərə verilir, xatirələri əbədiləşdirilir. Mediada minlərlə yazılar, süjetlər hazırlanır. Gənc nəslə bu qəhrəmanlar əsil nümunə kimi göstərilir.

Bütün bunlar onu göstərir ki, bu xalq, bu dövlət öz qəhrəman oğullarını heç vaxt unutmayacaq. Nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var, onlar da yaşayacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə