Sərhəddə Ermənistanın təxtibatı nəyə hesablanıb? - MÜSAHİBƏ

İqor Korotçenko: “Bu, çox təhlükəli vəziyyət idi, lakin Azərbaycan hərbçilərinin və Rusiya sülhməramlılarının təmkinliliyi sayəsində mənfi ssenari ilə nəticələnmədi.

Rusiya politoloqlarından, Dövlət Dumasının deputatlarından, ictimai xadimlərdən ibarət nümayəndə heyəti bu günlərdə Azərbaycandadır. Nümayəndə heyəti Bakıda və Şuşada Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı regiondakı vəziyyətə həsr olunmuş konfranslarda iştirak edib.

Şənbə günü Rusiya nümayəndə heyətinin Şuşaya getdiyi Laçın dəhlizində erməni radikalı Azərbaycan postuna qumbaraatan atıb, nəticədə 3 hərbçi yaralanıb. Yaxınlıqda Rusiya sülhməramlılarının postu da olub və onlar yaraqlını saxlayıblar.

Bir neçə gündür ki, Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında insidentlər baş verir, Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutur. “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində terror aktı, Ermənistan-Azərbaycan münaqişəsi zonasında növbəti gərginlik dalğası, Ermənistanda müdafiə nazirinin dəyişməsi və Rusiya nümayəndə heyətinin Azərbaycana səfəri barədə maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, vəziyyətin bu açıq-aşkar dəyişməsində məqsəd nədir?

- Düşünürəm ki, bu, müəyyən dərəcədə aqoniyadır və rəsmi İrəvanın üçtərəfli bəyanatla bağlı öhdəliklərini yerinə yetirə bilməməsinin göstəricisidir. Hərbi təxribatlar, top atəşləri, qeyri-sabitlik onun nəticəsidir ki, Ermənistan müharibədə uduzduğundan bir il sonra heç bir konstruktiv gündəm təklif edə bilmir, əksinə təxribat, hədə-qorxu, terror aktları və təbliğat ittihamları kimi çirkin təcrübəni davam etdirir. Əslində bu, onun öz gücsüzlüyünə bir imzadır.

Terror aktı Rusiya nümayəndə heyətinin və Şuşaya getdiyimiz konfrans iştirakçılarının bu keçid məntəqəsindən keçməsindən bir neçə saat əvvəl həyata keçirilib. Mövzu, yeri gəlmişkən, tamamilə dinc xarakterli idi- biz regionda sabitliyin, sülhün və harmoniyanın yollarını müzakirə etdik. Konfrans başlamazdan əvvəl belə bir terror aktı baş verdi.

Biz bilirik ki, baş nazir Nikol Paşinyanın günahı ucbatından Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın ilk ongünlüyünə planlaşdırılan və çoxlu ümidlərin bağlandığı sammiti pozuldu. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev bu sammitə hazır idilər. Ancaq Paşinyan bunun hətta videokonfrans vasitəsilə də baş verməməsi üçün hər şeyi etdi. Beləliklə, Ermənistanın baş naziri İrəvanın Ermənistan-Azərbaycan nizamlanması üzrə öhdəliklərini yerinə yetirmədiyini təsdiqləyib. Ermənistan bu gün adekvat davranmaq iqtidarında deyil.

- Rusiya terrora daha sərt cavab verməli deyildimi? Yenə də ictimai qınaq və ya narahatlıq eşitməmişik. Yoxsa qınama olub, amma bağlı qapılar arxasında?

- Əminəm ki, Rusiya və Azərbaycanın xarici işlər nazirlikləri, eləcə də ölkələrin hüquq-mühafizə orqanları arasında baş verənlərlə bağlı xüsusi xidmət orqanları məsləhətləşmələr aparır. Bu cür məsləhətləşmələr, təbii ki, qeyri-ictimai formatda keçirilir. Bunun həlli yollarını axtarmaq lazımdır. Bu gün baş verən vəziyyət Ermənistandan başqa heç kimə yaraşmır. Rusiya üçün regionda sabitlik, proqnozlaşdırıla bilənlik və inkişaf vacibdir. Rusiya üçün Cənubi Qafqaz kimi mühüm və həssas ərazidə bizə qaynar nöqtə, gərginlik ocağı lazım deyil.

- Terror aktı növbəti dəfə, lakin indi çox yüksək səslə qeyri-qanuni erməni birləşmələrinin Qarabağdan çıxarılmaması problemini ortaya qoydu. Və bu vəziyyət artıq son həddinə çatır. Radikal elementlər təkcə Azərbaycan hərbçiləri və mülki şəxsləri üçün deyil, həm də Rusiya sülhməramlıları üçün böyük təhlükə yaradır...

- Nikol Paşinyan üçtərəfli bəyanata uyğun olaraq, Qarabağdan qanunsuz silahlı birləşmələrin çıxarılması ilə bağlı öhdəlik götürüb. Bu öhdəlik yerinə yetirilməyib. Erməni silahlı separatçılarının geri çəkilməməsi qeyri-sabitliyin əsas amillərindən biridir. Hücumun Laçın dəhlizində baş verdiyini görürük. Və bu, əlavə olaraq təhlükə yaradır. Düşünürəm ki, terror aktının məqsədi təkcə Azərbaycan hərbçilərinə qumbara atmaq deyildi, əslində bu, yaxınlıqda olan Rusiya sülhməramlılarına qarşı terror aktıdır. Mən bu keçid məntəqəsindən keçdim. Laçın dəhlizində Azərbaycan və Rusiya hərbçiləri arasında məsafə təxminən 5-8 metrdir. Vəziyyət başqa cür inkişaf etsə, Rusiya sülhməramlıları da zərər çəkə bilər. Əslində bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına qarşı terror aktıdır.

Bundan əlavə, hücumun məqsədi, sadəcə, adam öldürməyə cəhd deyil, Azərbaycan hərbçilərini, bəlkə də Rusiya sülhməramlılarını belə fors-major şəraitdə atəş açmaq, öldürmək üçün təhrik etmək istəyi olub. Və sonra bir neçə tərəfdən qurbanlar ola bilər. Belə olan halda Ermənistan öz təxribatının bəhrəsini götürəcəkdi – terrorçu az qala qurban kimi qiymətləndiriləcək, hadisə isə “Azərbaycan təxribatı” olacaqdı. Deməli, erməni agitprom bütün bunları bizə verəcəkdi. Bu, çox təhlükəli vəziyyət idi və təkcə Azərbaycan hərbçilərinin və Rusiya sülhməramlılarının təmkinliliyi sayəsində son dərəcə mənfi ssenari ilə nəticələnmədi.

Hesab edirəm ki, bu terror aktının istintaqı bütün tərəflərin iştirakı ilə aparılmalıdır. Terrorçu Rusiya Baş Prokurorluğuna və ya Azərbaycan Baş Prokurorluğuna təhvil verilməlidir. Yaxud birgə istintaq qrupu hadisəni araşdıra bilər. Yenə də bu iş son dərəcə təhlükəlidir, çünki terrorçular tərəfindən Laçın dəhlizində analoji terror aktlarının katalizatoruna çevrilə bilər. Heç kim radikalların onsuz da daha böyük terror aktı törətmək üçün kamikadzedən istifadə edə biləcəyi ehtimalını istisna etmir. Biz görürük ki, İrəvanda radikallar Rusiya əleyhinə mitinqlərə, üçtərəfli bəyanata qarşı mitinqlərə necə çıxırlar, necə anti-Rusiya şüarları səsləndirirlər. Laçın dəhlizi ilə hərəkət edən erməni nömrəli avtomobillər artıq istədikləri hər şeyi daşıya bilmələri baxımından təhlükə yaradır.

Yeri gəlmişkən, məncə, Paşinyan bu terror aktını pisləmək mövqeyindən çıxış etməli idi.

- Bu gün Ermənistanda yeni müdafiə naziri təyin edilib. Bu, baş nazirin müavini, 35 yaşlı Suren Papikyandır. Bu, müharibədən 1 il sonra Ermənistanın 4-cü müdafiə naziridir. Bundan əlavə, bu gün mətbuatda Ermənistan Baş Qərargahının rəhbəri Artak Davtyana qarşı keçmiş müdafiə naziri David Tonoyanla birgə keyfiyyətsiz silahların tədarükü ilə bağlı cinayət işi açıldığı xəbəri yayılıb... Paşinyan baş verənləri Azərbaycan qoşunlarının ölkəyə daxil olması ilə izah edib.

- Bütün bunlar Ermənistanda gedən daxili siyasi mübarizənin əksidir. Bankada hörümçəklər bir-birini yeyirlər- bu gün Ermənistanda baş verənlər belədir. Kadr qərarları, istənilən bəyanatlar, hər hansı şərhlər hakimiyyət uğrunda daxili mübarizənin və Paşinyanın hər vasitə ilə qalmaq istəyinin, o cümlədən Ermənistanda repressiyanın təşkilinin təzahürüdür. Təbii ki, Paşinyan açıq şəkildə cəzalandıracaq.

- Hazırda Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycandasınız. İşğaldan azad edilmiş ərazilərdə - Şuşada, Füzulidə yenidən oldunuz. Rusiya nümayəndə heyətinin səfərini necə qiymətləndirirsiniz?

- Təbii ki, Rusiya nümayəndə heyətinin- parlamentarilərin, ictimai-siyasi xadimlərin Azərbaycana və xüsusən də işğaldan azad edilmiş ərazilərə səfəri çox vacibdir. Çünki biz Ermənistanın işğalının nəticələrini öz gözlərimizlə görürük və azərbaycanlı həmkarlarımızla regionun inkişafını, ikitərəfli münasibətləri müzakirə edə bilərik.

Mən Şuşaya ikinci dəfə səfər etdim. Bu dəfə mən Heydər Əliyev Fondunun Şuşada milli mədəniyyət ocaqlarının və ziyarətgahların bərpasının ən yüksək keyfiyyət və inanılmaz sürətlə həyata keçirildiyini gördüm. Artıq çox şey bərpa olunub. Bu, Şuşanın tezliklə dirçələcəyinə və Azərbaycan mədəniyyətinin milli rəmzlərinin, Azərbaycan xalqının ruhunun qorunub saxlanması baxımından Azərbaycanın zəfərinə çevriləcəyinə sübutdur. Və əminliklə deyə bilərik ki, Azərbaycan xalqının nəinki mədəni irsi, hətta dünya əhəmiyyətli şah əsərləri onlara vurulmuş dəhşətli dağıntılardan sonra bərpa olunur.

İşğaldan sonra Şuşada hər şey dağıdılıb. Yalnız son dövrdə ermənilərin yaşadıqları, Sovet dövründə tikilmiş 5 mərtəbəli binalar toxunulmaz qalmışdır. Məscidlər dağıdılıb və təhqir olunub. Mən aşağı məsciddə idim- orada işğalçılar tərəfindən dini təhqir edən simvollar çəkilib.

Şuşada Rusiya nümayəndə heyəti “Qafqaz regionunda sülhün möhkəmləndirilməsi problemləri” adlı konfransda iştirak edib. Bu, Azərbaycanın mədəniyyət paytaxtında Dövlət Dumasının deputatlarının, Azərbaycan parlamentinin deputatlarının, ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən bu səviyyəli ilk beynəlxalq konfransdır. Ümid edirik ki, konfrans həm də Cənubi Qafqazda sülhün bərqərar olması üçün konkret yolların axtarışına mühüm töhfə verəcək.

Mən yenidən Şuşada olanda Azərbaycanın xüsusi təyinatlı 300 əsgərinin bütün silah-sursatını götürərək sıldırım qayalara dırmaşaraq, dağlıq və meşəlik ərazilərdən misli görünməmiş yürüş edərək onun azad edilməsi üzrə apardığı, indi əfsanəvi sayılan əməliyyatın nə demək olduğunu bir daha gördüm. Onlar bölgədə piyada döyüşə girərək, demək olar ki, əlbəyaxa döyüşdə qalib gəldi, tanklar, artilleriya və reaktiv yaylım atəşi sistemləri ermənilərin tərəfində olduğu halda. Ermənistan əsas qüvvələri, texnikası Xankəndi yaxınlığında idi, buradan da ermənilərin imkanları daim artırılırdı. Və Azərbaycan xüsusi təyinatlılarının bu sıx təmas döyüşündə qələbə qazanması misilsizdir. Bu, hələ də tədqiqatçılarını gözləyən inanılmaz bir əməliyyatdır. Və mən ona bəzi materiallar həsr etməyi planlaşdırıram. O, şübhəsiz ki, diqqətlə təhlilə layiqdir və bu cür əməliyyatların effektiv həyata keçirilməsinin ən bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin ağlını, istedadını, tarixi uzaqgörənliyini ancaq alqışlamaq olar. Təbii ki, o, beynəlxalq siyasətçidir. Azərbaycanın son illər inkişaf yolu, 44 günlük müharibə şəraitində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxındır icra olunmayan qətnamələrini yerinə yetirməsi hörmətə layiqdir. Azərbaycanın 2-ci Qarabağ müharibəsində qələbəsi əlamətdar beynəlxalq hadisədir.

Bakıda Şuşaya getməzdən əvvəl biz “Rossotrudniçestvo”nun ofisində Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələdə inkişafına dair dəyirmi masa keçirdik. Onun çərçivəsində biz Rusiya ilə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafının vacibliyini vurğuladıq, Azərbaycanın rus icmasının nümayəndələrinin, o cümlədən gənclərin suallarını cavablandırdıq. Rus icması Azərbaycan Respublikasında özünü əla hiss edir. Biz baş tutan ünsiyyətdən və çox səmimi qarşılanmadan çox məmnunuq. Azərbaycanda Rusiyaya münasibət mehribandır, xoşdur.

Bakı möhtəşəm şəhərdir, hər il hər şey daha da gözəlləşir. Bu, ən müasir qabaqcıl arxitekturanın və xüsusi maraq doğuran milli köhnə tikililərin ehtiyatla qorunub saxlanılmasının tamamilə unikal birləşməsinə malik olan Xəzər Dubayıdır. Şəhərin rəngi tamamilə valehedicidir. Əla sahil, müasir otellər. Bakı Azərbaycanın müasir inkişafının simvoludur.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə