Rus ekspert: “Qarabağdakı erməni quldur dəstələri xərçəng şişidir, onu çıxarmaq lazımdır... - MÜSAHİBƏ

...əks halda bu şiş terror aktları, təxribat şəklində metastaz verəcək”

Sülh razılaşmasından keçən 1 ildə Qarabağda və 2 ölkə arasındakı münasibətlərdə gərginlik davam edir. Müxtəlif xarici ekspertlər bölgədə sülhün təminatı üçün problemlər olduğunu və bu problemlərin məhz Ermənistandan qaynaqlandığını deyirlər. Rusiyanın nüfuzlu hərbi eksperti, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Caliber” analitik mərkəzinə müsahibəsində 2-ci Qarabağ Müharibəsi və ondan sonrakı sülh dövründə bölgədə yaranmış vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycanın bu qədər qısa zamanda itirilmiş ərazilərini geri qaytara bilməsi dünya ictimaiyyətini niyə təəccübləndirdi? Bu skeptisizmin səbəbi nədir?

- İlk növbədə, belə reaksiya Azərbaycan Silahlı Qüvvələrinin mövcud potensialının kəşfiyyat tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı idi. Bu, o deməkdir ki, Azərbaycan əks-kəşfiyyatı xarici dövlətlərə Azərbaycan Silahlı Qüvvələrinin imkan və potensialını aydın qiymətləndirməyə imkan verəcək kritik məlumatların sızmasının qarşısını almaq üçün kifayət qədər səmərəli işləyib. Hesab edirəm ki, bu, Azərbaycanın daxili təhlükəsizliyə cavabdeh olan xüsusi xidmət orqanlarının uğurlu fəaliyyətidir.

İkincisi, Ermənistan ordusunun çox effektli və istənilən müharibədə Azərbaycana müqavimət göstərməyə, Azərbaycan ordusunun irəliləməsinin qarşısını almağa qadir olduğu barədə fikir var idi.

Və nəhayət, dünya ictimaiyyətinin ümumi skeptisizmi ondan ibarətdir ki, Qarabağ məsələsi 30 ildir həll olunmamış qalıb, ona görə də 30 il daha həll olunmayacaq. Hər kəs öyrəşməyə başladı ki, bura de-yure Azərbaycan ərazisi olsa da, de-fakto ermənilər heç vaxt oranı tərk etməyəcək və Azərbaycan ordusu onları sıxışdırıb çıxara bilməyəcək.

Əslində, bütün bu amillər elə bir vəziyyətə gətirib çıxardı ki, əks-hücum əməliyyatı başlayandan sonra kənar müşahidəçilərin, ekspertlərin, siyasətçilərin, beynəlxalq liderlərin, demək olar ki, böyük əksəriyyətində sabit təəssürat yarandı ki, 5-7 gün keçəcək və Azərbaycanın hücumu boğulacaqdı, sülh danışıqları aparılacaqdı və əslində heç nə dəyişməyəcək, ən yaxşı halda, Azərbaycan hansısa kiçik ərazini azad edə bilər. Hamı 2016-cı il aprel döyüşlərinin təkrarlanacağını düşünürdü. Çoxlarının əhvalı belə idi. Erməni ordusunda keçilməz “Ohanyanın xətti” haqqında belə bir mif var idi ki, Azərbaycanın hücumu kəsiləcək.

- Ermənistan müxalifətinin hakimiyyəti ələ keçirməsi ehtimalı varmı və bu, üçtərəfli bəyanatın nəticələrinə təsir etmək iqtidarındadırmı?

- Məncə, Paşinyan dözəcək. Əgər o, bir il əvvəl tab gətirə bilibsə. Düzdür, o, Ermənistan Müdafiə Nazirliyinin binasının bunkerində və Ermənistanın o zamankı iyerarxiyasında 3-cü şəxs olan Ararat Mirzoyanın kortejində gizlənirdi, parlamentin spikeri saxlanılıb, özü də döyülmuşdü. Prinsipcə, Paşinyanı da eyni aqibət gözləyirdi, o, kütlənin əlinə düşsəydi, sadəcə, parça-parça olardı, amma gizlənməyi bacardı. Sonra o, seçkilərdə qalib gəldi və buna görə də inanıram ki, Koçaryanın tərəfdarlarının mitinqi heç bir uğur gətirməyəcək, çünki kritik idarələr- Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti Paşinyanın tərəfindədir. Ona görə də onun dözəcəyinə inanıram.

Koçaryanın hakimiyyətə gəldiyi belə bir ssenarini etiraf etsək belə, o, heç nə edə bilməyəcək, çünki İkinci Qarabağ müharibəsinin nəticəsi təkcə Ermənistanın məğlubiyyəti deyildi: onun hərbi dişləri qoparılıb, bu gün gücsüzdür, Azərbaycana qarşı hər hansı təcavüzkar hərəkət isə təcavüzkar üçün mümkün faciəli nəticəyə gətirib çıxaracaq. Bu baxımdan Ermənistanın istər təkbaşına, istərsə də kənar oyunçuların köməyi ilə indiki vəziyyəti dəyişmək şansı qətiyyən yoxdur- yeni geosiyasi reallıq gəlib çatıb və Ermənistanın hesablaşmaq istəməsi və ya istəməməsi ondan asılı deyil. Ya onu məcbur edəcəklər, ya da ona fikir verməyəcəklər, əslində o, artıq vəziyyəti dəyişə bilməyəcək.

- Vladimir Putinin mətbuat katibi üç liderin onlayn görüşə hazır olduğunu təsdiqləsə də, Paşinyan onun bəyanatını kəskin şəkildə təkzib etməyə tələsdi. Sizcə, bu dəyişkən davranışın səbəbi nədir?

- Dmitri Peskov dedi ki, görüş planlaşdırılır, bu, Kremlin rəsmi ruporudur. Biz ondan irəli gəlirik ki, Moskva uzaq formatda olsa belə bu cür bir sammit keçirməyə hazırdır, lakin Paşinyan bu barədə heç nə bilmədiyini söylədi. Ola bilsin ki, o, bugünkü mitinq ərəfəsində şəxsən ona qarşı hücuma keçmək üçün rəqiblərinə siyasi kozır verməmək üçün belə bəyanat verib. Ola bilsin ki, görüş bir neçə gün sonra baş tutsun. Hər halda belə bir görüşün keçirilməsi zəruridir, çünki əslində, üçtərəfli bəyanat icra olunmur, ilk növbədə, Ermənistanın mövqeyinə görə. O, nə bu sərhədin delimitasiyası, nə demarkasiyası, nə sülh müqaviləsi, nə də regionda nəqliyyat kommunikasiyalarının açılmasını istəyir. O, qəti şəkildə Zəngəzur nəqliyyat dəhlizinin əleyhinədir, baxmayaraq ki, əgər Laçın dəhlizi varsa, eyni rejimli Zəngəzur dəhlizi də tam olaraq eyni olmalıdır, lakin Ermənistan bu barədə eşitmək istəmir, erməni üslubunda bu cür manevrlər gedir- bir şey deyilir və başqa bir şey edilir. İrəvanın təbliğat ritorikası, isterikası, qeyri-konstruktiv davranışı hərəkətə gətirildi. Hər şey necə bitəcək, demək çətindir, mən şəxsən hesab edirəm ki, Rusiya Ermənistanın da bu işdə iştirak etməsini istəyirsə, ona iqtisadi təzyiq tədbirlərindən istifadə etməlidir.

- Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına və iki qonşu xalqın harmoniyada yaşamasına hansı şərtlər kömək etməlidir?

- Biz Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq ritorikasından belə istəyini görmürük. Azərbaycan və Türkiyə açıqdırlar və mehriban qonşuluq mesajları verirlər, özlərini düzgün aparır, müharibənin bitdiyindən, sülhün əlamətdar mərhələsindən, normal insani münasibətlərin qurulmasından, iqtisadi əlaqələrin inkişafından, mehriban qonşuluq əlaqələrinin qurulmasından danışırlar. Prezident Əliyev Ermənistan sakinlərini Azərbaycanın tamhüquqlu vətəndaşları hesab etdiyini, onlara bütün Azərbaycan vətəndaşlarının istifadə etdiyi hüquq və azadlıqlarının təmin olunduğunu bildirib. İrəvan tərəfdən Bakı və Ankaranın müsbət siqnallarına cavab yoxdur, sadəcə isteriya və hələ də revanşist mövqelər davam edir.

Verdiyiniz sual ritorikdir, məncə ona cavab vermək mümkün deyil. Hesab edirəm ki, Azərbaycan öz siyasətini Ermənistanın özünü necə aparmasından asılı olmayaraq, istənilən halda yeni siyasi reallığın gəldiyi, dövlətin ərazi bütövlüyünün bərpa edildiyi, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış ərazilərin bərpası ilə bağlı siyasətini əsas götürərək qurmalıdır. Ümumiyyətlə, Azərbaycana bir şey lazımdır: Ermənistanla sülh müqaviləsi və Zəngəzur nəqliyyat dəhlizi, vəssalam. Problem budur ki, erməni elitası bunu istəmir və bu nə qədər davam edəcək, burada proqnozlar çox fərqli ola bilər. Hesab edirəm ki, regionda sülh prosesinə alternativ yoxdur, rəsmi Kremlin mövqeyi dəqiq müəyyən edilib: nəqliyyat dəhlizlərinin açılması və buna uyğun olaraq mehriban qonşuluq, normal münasibətlər, üstəlik Moskva “3+3” formatını dəstəklədi. Bu gün əsas sabitliyi pozan amil Qarabağ bölgəsində erməni quldur dəstələrinin olmasıdır, onlar oradan çıxarılmalıdır, bu xərçəng şişinə bənzəyir, onu çıxarmaq lazımdır, əks halda bu şiş terror aktları, təxribat şəklində metastaz verəcək, biz bunu bu gün görürük.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə