Gintaras Visotskas: “Litvalılar elə bilirlər “Daşnaksütyun” və ASALA Azərbaycanın terror təşkilatlarıdır” - MÜSAHİBƏ

Litvalı jurnalist: “ABŞ və Avropa Ermənistandan öz qoşunlarını Qarabağdan çıxarmağı ciddi tələb etsəydi, münaqişə sülh yolu ilə həll oluna bilərdi. Amma Qərb son 30 ildə Ermənistanı dəstəklədi”

Litvalı jurnalist, publisist Gintaras Visotskas “Caliber” analitik mərkəzinə müsahibəsində Qarabağ həqiqətlərinin Litvada necə qəbul edildiyi və Litvanın Azərbaycana yanaşmasında ciddi səhvlərin olduğunu qeyd edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsini və Vilnüsün Cənubi Qafqazla bağlı siyasətini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz bir çox sahələrdə- siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq edə bilərdi. Lakin rəsmi Vilnüs Azərbaycanla dostluq etmək istəmir. Litva siyasətçiləri hələ də Ermənistanla geniş əlaqələr qurmağın yollarını axtarırlar.

Litvanın Cənubi Qafqazdakı rəsmi xarici siyasəti Ermənistanı dəstəkləməyə yönəlib. Qalan hər şey əhəmiyyətsizdir. Məncə, rəsmi Vilnüs özünü düzgün aparmır. Litvanın qərəzli davrandığını gizlətsəm, ürəyimi bulandırardım. Ermənistana himayədarlığı göz qabağındadır. Litva liderləri Cənubi Qafqaza uçarsa, ilk işləri İrəvana səfər etməkdir. Onlar Bakıya yalnız Litvanın həm ermənilərə, həm də azərbaycanlılara qarşı eyni dərəcədə ədalətli olması görüntüsü yaratmaq üçün uçurlar.

Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı artıq Litvaya səfər edib, onu Litvanın 1-ci xanımı, prezident Gitanas Nausedenin xanımı Diana Nausedeni qəbul edib. Paşinyan özü də Vilnüsdə olub.

Əgər Litva Cənubi Qafqaza humanitar yardım və peyvəndlər olan bağlamalar, həkim briqadası göndərirsə, bunu yalnız Ermənistana verir. Litva Vətəndaşlarının Soyqırımı və Müqavimətinin Öyrənilməsi Mərkəzində 1915-ci il hadisələrinin ildönümü münasibətilə təşkil olunan tədbirdə mərkəzin bütün rəhbərliyi iştirak edib. Amma orada Xocalı qurbanlarının xatirəsi ehtiramla yad ediləndə bir nəfər də olsun rəhbər olmayıb.

Ermənistan-Litva əməkdaşlığının son nümunəsi İrəvan və Vilnüs arasında iki ölkənin müvafiq idarələrinin rəhbərlərinin iştirak etdiyi aviareyslərin təntənəli açılışıdır.

- Litvanın 44 günlük müharibəyə münasibəti belə idi?

- Əlbəttə, nəyisə qaçıra bilərəm, amma mənə elə gəlir ki, litvalı siyasətçilərin, politoloqların və jurnalistlərin əksəriyyəti Azərbaycanı Qarabağı qaytarmaq üçün hərbi yol seçdiyinə görə tənqid edirdilər. Qarabağın beynəlxalq hüquqa görə Azərbaycana məxsus olması, rəsmi Bakının çox uzun müddət və səbirlə gözlədiyi, lakin Qərbin köməyini görmədiyi- bütün bunlar məharətlə arxa plana atıldı.

Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığına görə tənqid olunmayıb. Bu, mənim təəssüratımdır.

- Vilnüsdə Bakını münaqişənin hərbi yolla həllinə görə tənqid edirdilər. İndiki şəraitdə sülh yolu mümkün idimi?

- Fikrimcə, ABŞ, NATO və Avropa İttifaqı prinsipial hərəkət edərək Ermənistandan öz qoşunlarını Qarabağdan çıxarmağı ciddi tələb etsəydi, bu münaqişə sülh yolu ilə həll oluna bilərdi. Onda bəli, hər şey sülh yolu ilə həll olunacaqdı. Amma son 30 ildə Qərb mənim anlamadığım səbəblərə görə açıq şəkildə xarici əraziləri işğal etmiş Ermənistana üstünlük verib. Ona görə də Azərbaycanın başqa yolu yox idi.

Ya beynəlxalq hüquqa uyğun olaraq ona məxsus olanı zorla qaytarır, ya da daha 30 il “münaqişənin yalnız sülh yolu ilə həll edilməsi” zərurəti ilə bağlı Qərbin danışmağına qulaq asır. 2020-ci ilin payızında Azərbaycanın öz torpaqlarını hərbi yolla geri qaytarmağa məcbur edilməsi, dişsiz danışıqlar aparan Qərbin günahıdır.

Yeri gəlmişkən, Litva da bir vaxtlar çox oxşar vəziyyətdə idi. Mən 1923-cü ildə Klaypeda bölgəsinin azad edilməsi əməliyyatını nəzərdə tuturam. Sonra Litva Klaypedanın taleyini düzgün həll etməyin zəruriliyi ilə bağlı Qərbin cəfəngiyyatına qulaq asmaq əvəzinə, ordusunun gücü ilə limanı zorla geri aldı. Bu hərbi əməliyyat olmasaydı, Litva yəqin ki, Klaypedanı həmişəlik itirəcəkdi.

Ona görə də mən rusiyalı iqtisadçı Andrey İllarionovun dediyi ilə razıyam ki, işağl edilmiş əraziləri sülh yolu ilə qaytarmaq çox nadir hallarda mümkündür. Və bu cür cəhdlər çox vaxt nəticəsiz olur. İşğalçılar işğal etdikləri torpaqlardan könüllü olaraq əl çəkmirlər.

- Sadə litvalıların ümumilikdə Qarabağ münaqişəsindən xəbəri varmı?

- Litvalılar Qarabağın və Qarabağ münaqişəsinin əsl tarixini bilmirlər. Bir çox nüfuzlu litvalılar hələ də Qarabağın erməni torpağı olduğuna əmindirlər. Litva bilmir və ya bilmək istəmir ki, 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən müharibədə erməni qüvvələrinə Rusiya hərbçiləri kömək edib. Litva mətbuatında, xüsusən də Qarabağ münaqişəsi mövzusunda Azərbaycanın xeyrinə yazılar dərc etmək son dərəcə çətindir. Mən bunu şəxsi təcrübəmdən bilirəm. Çap etmirlər. Litvalılardan “Daşnaksütyun”, ASALA və ya “Hnçak” nədir deyə soruşsanız, çox vaxt cavab olaraq eşidəcəksiniz ki, bunlar “Azərbaycan terror təşkilatlarıdır”.

Təbii ki, heç də bütün litvalılar bilmir ki, Ermənistanda hələ də Rusiya hərbi bazası var və erməni hərbi təlimatçıları bu il Litva sərhədində keçirilən “Qərb-2021” Rusiya-Belarus təlimlərində iştirak ediblər. Yalnız mənim portalımda Ermənistan-Azərbaycan münasibətlərinə dair məqalələr tapa bilərsiniz.

Litvada təkcə Ermənistanın deyil, Azərbaycanın da xeyrinə arqumentlər verən bir neçə kitab nəşr olunub. Bu, tarixçi Algimantas Lekisin “XX əsrdə Qafqazda xalqların köçü” əsəridir. Bir də “Qara bağın faciəsi” və “Qara bağın işi” məqalə toplularım.

- Litva Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqmı? O, Qarabağın Ermənistanın deyil, Azərbaycanın ərazisi olması ilə razılaşırmı?

- Rəsmi olaraq, Litva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Amma pərdəarxası fəaliyyət tam əksinədir. Rəsmi Bakıdan yan keçərək Ermənistan vasitəsilə Qarabağa gedən və geri qayıdan litvalıların uzun bir siyahısını misal gətirə bilərəm ki, onlar mediada “qəddar azərbaycanlıların hücumları ərəfəsində bədbəxt ermənilərin hansı mənəvi və fiziki iztirablar çəkdiyini” təsvir edirlər.

Müzakirə iştirakçılarının azərbaycanlıların Qarabağdakı hüququnu mübahisələndirdiyi Litvanın nüfuzlu mediasında birdən çox televiziya şousunun və birdən çox nəşrin adını çəkə bilərəm. Qarabağın da İrəvan kimi vaxtilə çoxlu azərbaycanlının yaşadığı və onların öz yurd-yuvasından didərgin salınması ilə bağlı bir sətir belə yoxdur. Azərbaycanlı qaçqınların çəkdiyi əzablardan bir dəfə də olsun bəhs edilmir.

2020-ci ilin payızında Ermənistanın Qarabağa heç bir aidiyyatı olmayan Gəncə, Tərtər və Bərdə şəhərlərini xaincəsinə atəşə tutması və bu hücumlar zamanı Azərbaycanın mülki əhalisinin həlak olması barədə bir kəlmə də yoxdur.

Ermənistanın işğalı illərində Qarabağda bir çox Azərbaycan mədəniyyət, tarixi və dini abidələrinin təhqir olunaraq dağıdılmasından bir kəlmə də danışılmır. Sadəcə olaraq Qarabağı işğal edən müsəlman azərbaycanlıların indi xristian mədəniyyəti və tarixi abidələrini məhv edəcəyindən narahatdır.

- Sizcə, Azərbaycanla Ermənistan arasında sülh mümkündürmü?

- Ermənistan özünü erməni əsilli tarixçi-tədqiqatçı Filipp Ekzoyansın soydaşlarına tövsiyə etdiyi kimi aparmalıdır. Ermənistan saxtakarlıqlardan əl çəkməlidir. Tarixə ayıq nəzər salmaq lazımdır. Təkcə öz arxivlərimizi qərəzsiz araşdırmaq yox, başqa ölkələrin tarixçilərini, tədqiqatçılarını da oraya buraxmaq lazımdır. O zaman məlum olacaq ki, “dənizdən dənizə böyük Ermənistan” haqqında miflər nəyə dəyər.

Amma tarixə açıq fikirlə baxmaq o qədər də asan deyil. Hətta Litva heç də həmişə tarixi hadisələri obyektiv təhlil etməyi bacarmır. 2005-ci ildə Litva Seymi “Faciəli 1915-ci ildə erməni soyqırımı haqqında” xüsusi qətnamə qəbul etmişdir. Məncə, bu, rəsmi Vilnüsün dəhşətli səhvi idi. Qətnamənin qəbulu zamanı heç bir litvalı tarixçi, politoloq və ya jurnalist Türkiyə, Azərbaycan və Ermənistanın arxivlərinə belə baxmayıb (hələlik xaricilər Ermənistan arxivlərinə buraxılmır). İlkin mənbələri təhlil etmədən belə bəyanatları necə dərc etmək ağıl üçün anlaşılmazdır.

Litvanın daha bir hərəkətindən utanıram. 2019-cu ildə Litva Elmlər Akademiyasında ermənilər 1915-ci il faciəsi ilə bağlı müzakirə təşkil ediblər. Elmlər Akademiyasının rəhbərliyi erməni siyasətçiləri, tarixçiləri, erməni icmasının nümayəndələrini qəbul etməklə düzgün iş gördü. Amma bütün demokratik prinsipləri, ədəb ideyalarını ayaqlar altına atdı, türk səfirini və türk tarixçilərini oraya buraxmadı. Ermənilər qarşılandı, türklərə qapı göstərildi. Düşündüm ki, bundan sonra Türkiyə dərhal öz səfirini geri çağıracaq və bundan sonra türk qırıcılarının Litvanın hava məkanını müdafiə etməyəcəyini bəyan edəcək. Lakin türklər öz ləyqaətlərini qoruyub saxladılar- buna görə onlara “sağ ol” düşür.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə