Rus politoloq: Qarabağ nizamlanması İrəvanın günahından sıfır nöqtəsində qalıb - MÜSAHİBƏ

İqor Korotçenko: “Zəngəzur nəqliyyat dəhlizi Kremlin siyasətidir və bu məsələnin qarşısını almaq Ermənistanın Rusiyaya qarşı çıxmasıdır”

Rus politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Baku” platformasına müsahibəsində Qarabağ nizamlanması üzrə son sammitdən və yüksək səviyyəli görüşlərdən gözlənilənlər, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatın yenidən nəzərdən keçirilməsi haqqında təkliflərlə bağlı fikirlərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Minskdə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, “üçtərəfli sazişlərin icrasına baxış” keçirilib və Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşdə deyib ki, həll edilməli olan məsələlər var. Tərəflər hansı məsələləri müzakirə ediblər, nəyə gəliblər və Moskvanın Qarabağ nizamlanmasında vasitəçi kimi sazişin icrasında operativlik nümayiş etdirməsinin son dərəcə vacib olduğunu deyə bilərikmi?

- Rusiya üçtərəfli bəyanatın həyata keçirilməsində maraqlıdır. Nəzərə alsaq ki, sənədin hazırlanması Vladimir Putinin şəxsi nəzarəti altında baş tutub. Və deyə bilərik ki, bu, əslində onun siyasi layihəsidir.

Amma üçtərəfli bəyanatın imzalanmasından bir il sonra onun icra dərəcəsinin çox aşağı olduğunu deyə bilərik. Əslində, ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması ilə yanaşı, yalnız Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı bənd yerinə yetirilib. Onların yerləşdirilməsi vəziyyəti sabitləşdirdi, lakin təəssüf ki, biz Ermənistanın bütün digər məsələləri blokadaya aldığını görürük.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndiriblər. Putin də onları yüksək qiymətləndirib. Ermənistanın üçtərəfli Bəyanatın əsas bəndlərini yerinə yetirməməsi rəsmi İrəvanın anti-Rusiya mövqeyi kimi dəyərləndirilə bilər.

Üçtərəfli Bəyanat yerinə yetirilmir. Azərbaycanın Qarabağ bölgəsi ərazisində erməni qeyri-qanuni silahlı birləşmələrinin olması məsələsi hələ də həllini tapmayıb, nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması məsələsində irəliləyiş yoxdur. Üstəlik, buna Ermənistanın mina sahələrinin xəritələrini ötürməməsini də əlavə edə bilərik. Hazırda sərhədlərin demarkasiyası və delimitasiyası prosesi gedir. Aydındır ki, üçtərəfli görüşdə məhz bu hələ də həllini tapmamış məsələlər müzakirə olunub.

Amma İrəvan həmişə olduğu kimi, siyasi boşboğazlıqla məşğul olub və etməkdə də davam edir. Yerevan diqqətini üçtərəfli Bəyanatın əsas müddəalarının ermənicə şərhinə yönəldib. Ona görə də Ermənistana təzyiq etmədən İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini gözləmək çətindir.

Bu görüş, gözləntilərə baxmayaraq, əsasən ritual, protokol xarakterli idi- məhz rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyinə görə.

Deyək ki, tərəflər bəzi humanitar addımlar barədə razılığa gəliblər. Amma hələ ki, üçtərəfli Bəyanatın həyata keçirilməməsi fonunda bu, çox azdır. Hələlik Ermənistan sırf öz problemlərini həll edir.

Təəssüf ki, faktiki olaraq bir il ərzində Üçtərəfli Bəyanatın həyata keçirilməsində heç bir irəliləyiş əldə olunmayıb, o, demək olar ki, sıfır nöqtəsində qalıb. Bir il əvvəl düşmüş olduğumuz vəziyyətdəyik. Hərbi məğlubiyyət sindromundan qurtulan Ermənistan kifayət qədər təxribatçı siyasət yürütməyə başladı. Bundan əlavə, erməni lobbisi Üçtərəfli Bəyanatın həyata keçirilməsinə mane olan son dərəcə əhəmiyyətli faktordur. Bu amilin təsirinin gücü hətta İrəvanın üçtərəfli Bəyanata əməl etmək istəməməsi faktorundan da üstündür. Erməni lobbiçiləri Rusiyada fəal işləyir, sazişin mənaları, məzmunu, əsas tezisləri ilə bağlı öz şərhlərini verməyə çalışırlar. Onun yenidən nəzərdən keçirilməsi prosesinə başlamaq cəhdləri var. Erməni lobbisinin üçtərəfli bəyanatın müddəalarının icrasını ləngitmək imkanı var. Onun informasiya sahəsində aktiv fəaliyyətini görürük. Üçtərəfli Bəyanatın əsaslarını aşındırmaq üçün aktiv iş aparılır.

- Moskvanın Ermənistanın hələ də üçtərəfli Bəyanatın dəqiq icrası yolu ilə getməsini təmin etmək üçün hər hansı təsir aləti varmı?

- Yalnız bir təsir aləti ola bilər- siyasi iradə. Üstəlik, üçtərəfli Bəyanatın həyata keçirilməsi üçün “yol xəritəsi”nin mahiyyətini və mənasını dərk etmək üçün ekspert icmasının fəal analitik işi. Buna qarşı çıxmaq olar.

- Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli formatı Qarabağ nizamlanmasında öz effektivliyini göstərdi. Liderlərin yeni görüşü keçən il olduğu kimi bütün çətin məsələləri həll edə bilərmi?

- Keçən il fərqli, kritik vəziyyət yaranmışdı. Hesab edirəm ki, indi İrəvana əsasən iqtisadi təzyiq lazımdır. Biz İrəvanın mərkəzində ən son rusofobik çaşqınlıqları- “Sasna Tsrer” yürüşünü görürük. Bu, rusofobların Rusiyanın ən yüksək vəzifəli şəxslərini birbaşa təhqir edən yürüşü idi. Bunun arxasında nə olduğunu başa düşürük. Cənab Paşinyana sual: İrəvanda rusofobik nümayişi yatırmaq üçün niyə polisdən və təhlükəsizlik qüvvələrindən istifadə etmədi? Cənab Paşinyan harada idi? Qəhvə içirdi? Rusiyanın Ermənistanla bağlı illüziyası olmamalıdır. Ermənistan tərəfdaşların heç birindən artıq deyil. Formal olaraq müttəfiqdir. Amma əslində, situasiya tərəfdaşıdır. Rusiya isə Ermənistanla münasibətləri yalnız Rusiyanın milli maraqları əsasında qurmalıdır. Ermənistanın milli maraqları Rusiya üçün hətta ikinci dərəcəli də deyil, üçüncü dərəcəli olmalıdır.

Biz Ermənistanda baş verənlərə Ermənistandakı siyasi elitanın Rusiyaya münasibəti prizmasından baxırıq. Qoy qardaş xristian xalqı ilə bağlı bütün bu mantralar daxili siyasi istehlaka buraxılsın. Rusiya ilə Ermənistan arasında bütün təmaslar, o cümlədən iqtisadi sahədə praqmatizmə- qazın bazar qiymətlərinə, verilən kreditlərin bazar şərtlərinə əsaslanmalıdır. Ermənistana kreditlər yalnız qızıl-valyuta ehtiyatlarının təminatı əsasında verilməlidir. Və əgər borcları qaytarmaq iqtidarında deyilsə, o zaman qızıl-valyuta resursları ilə ödəməlidir.

Moskvanın kifayət qədər sərt mövqeyi olmalıdır- rusofobları qidalandırmaq lazım deyil, Ermənistanda isə rusofobiyanın növbəti dalğası var. Paşinyan tamamilə nominal fiqurdur. Bu gün- o, sabah- başqası. Ermənistan Rusiyadan resursları sovurmaq istəyir, əvəzində mantralardan başqa heç nə vermir. Ermənistan təkbaşına heç nə etmək iqtidarında deyil. Ermənistan hərbi əməliyyatlar teatrında baş verən dəyişikliklər, yeni silah və hərbi texnika növlərinin meydana çıxması səbəbindən Rusiya üçün əvvəlki strateji əhəmiyyətini itirib.

Bu gün regionda əsas çəkindirici “Kalibr” qanadlı raketləri olan Xəzər donanmasıdır. Erməni elitası Ağrı dağından aşağı- torpağa endirilməlidir ki, Rusiya üçün şabalıdı ocaqdan çıxarsınlar, əksinə yox.

Biz başqalarından asılı vəziyyətdə olan, Moskvadan nəsə almaq istəyən, əvəzində heç nə verməyən bütün ölkələrə qarşı sərt mövqe tutmalıyıq.

Postsovet məkanının özünü təmin edən ölkələri var- Qazaxıstan və Azərbaycan heç nə istəməyib, müstəqil, qarşılıqlı faydalı siyasət qururlar. Rusiya hesabına, Rusiya vergi ödəyicilərinin hesabına iqtisadi planda müxtəlif güzəştlər almaq istəyənlər isə ilk növbədə öz faydalılığını əməli ilə sübut etməlidirlər.

Ermənistanın maliyyə imkanları yoxdursa, bizə siyasətlə ödəsin. Amerika səfirliyinin sayı azalsın, Krımı açıq şəkildə Rusiya ərazisi kimi tanısın, amerikalıların, fransızların və digər dövlətlərin maliyyələşdirdiyi bütün qeyri-hökumət təşkilatlarını bağlasın. Və onu daim qidalandırmaq və İrəvanın hansısa hərbi ambisiyalarını qızışdırmaq indiki şəraitdə Moskvaya tamamilə lazımsızdır.

- Kremldə Putinlə Paşinyan arasında keçirilən görüşdə Ermənistanın baş nazirinin ifadəsi diqqət çəkdi. Ermənistan hökumətinin başçısı Putinə sözün əsl mənasında bunları deyib: “Gördüyünüz kimi, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış və bu aydındır”. Amma Putin bunu demədi...

- Putin Paşinyanı səmimi, hörmətlə qarşıladı. Sözün əsl mənasında bir həftə keçməmiş biz İrəvanın mərkəzində rəzil rusofob yürüşünün şahidi olduq. Buna görə məsuliyyəti Ermənistan daşıyır. Paşinyanın istəklər siyahısı Kremlin mövqeyi kimi qəbul edilməməlidir. Üçtərəfli Bəyanatda Kremlin mövqeyi aydın ifadə olunub. Hər şey aydın şəkildə təsvir olunub: qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması, kommunikasiyaların açılması. Bu, Kremlin rəsmi mövqeyidir. Paşinyanın Putinin sözlərini şərh etmək istəməsi isə... burada erməni lobbiçilərinin işlədiyini başa düşmək olar. Putinin mövqeyi bəllidir, bu, üçtərəfli bəyanatda öz əksini tapıb, qoy yenidən oxusunlar.

- Son həftələrdə Azərbaycanla Ermənistanın yaxınlaşması prosesi ilə bağlı bir neçə siqnal gördük. Beləliklə, Ermənistan öz hava məkanını Azərbaycanın əsas hissəsi və Naxçıvana hissəsi arasında uçuşlar üçün açdı. Azərbaycan və Ermənistan deputatlarının görüşü keçirilib, “erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası” üçün Azərbaycanda erməni dili kursları təşkil olunacaq. Bundan əlavə, ötən həftə Moskvada Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşü keçirilib...

- Dini liderlərin görüşü patriarx Kirilllə görüşdə “Azərbaycanın qanlı, fəlakətli təcavüzü” haqda danışan II Qareginin sayəsində uğursuz başa çatdı. Bu, katalikosun bir neçə dəfə səsləndirdiyi mövqedir. Bu dini lider barışmalı, sülhə çağırmalı olduğu halda, Azərbaycanın ünvanına sərt bəyanatlar verərək, Qarabağ münaqişəsinin atəşinə dəfələrlə yağ tökdü. Bu həm də ona işarədir ki, kilsələrarası dialoqda biz Ermənistanın mövcud reallıqlarla hesablaşmaq istəmədiyini görürük. Cavab, görünür, Rus Pravoslav Kilsəsinin Ermənistanda öz yeparxiyasını yaratmaq qərarı idi, hansı ki, faktiki olaraq Erməni Apostol Kilsəsinin sahəsinə daxil olur.

Ermənistanın Azərbaycanın uçuşları üçün hava məkanını açması faktı... Açdılar və bu yaxşıdır. Zəngəzur dəhlizi də açılsın. Bu müsbət siqnal olacaq. Zəngəzur nəqliyyat dəhlizi Kremlin siyasətidir və bu məsələnin qarşısını almaq Ermənistanın Kremlin siyasətinə qarşı çıxmasıdır. Onu açanda müsbət siqnal olacaq, amma hələlik, bağışlayın, bla bla bla... İndiyə qədər "müsbət" siqnallara şübhə ilə yanaşıram. Əsas odur ki, yerinə yetirilmir, eyni sərt bəyanatlar ənənəvi olaraq prosesi dayandırmaqdan xeyir götürən Ermənistandan da eşidilir.

- Və Nikol Paşinyanın MDB sammitində Ermənistanın Azərbaycan ərazisindən Rusiya Federasiyası və İranla, Azərbaycanın isə Ermənistan vasitəsilə Naxçıvan anklavı ilə əlaqə quracağı barədə bəyanatı...

- Ermənistan Üçtərəfli Bəyanatın konkret icrasına başlayana qədər siz istədiyinizi deyə bilərsiniz. Bu bəyanatların heç bir nəticəsi yoxdur.

- Bəs Moskvanın Azərbaycan və Ermənistan arasında daimi qarşılıqlı fəaliyyət platforması yaratması necədir?

- Hesab edirəm ki, ilk növbədə, ekspert və analitik sahədə edilməlidir. Qeyri-hökumət təşkilatları və beyin mərkəzləri vasitəsilə. Düşünürəm ki, ilk növbədə ekspert dialoquna ehtiyac var. Ekspertlər öz fikirlərində daha sərbəstdirlər və siyasətçilərə yol xəritəsi təklif edə bilərlər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinəçatdırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...