Əhatə dairəsi böyük olan layihələr Böyük Qayıdışın uğurla davam etdiyinin təsdiqidir – TƏHLİL
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan zəfərimizdən, 44 günlük müharibədə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi, həmrəyliyi ilə əldə edilən qələbəmizdən, torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Ermənistan tərəfindən vandallığa məruz qalan ərzilərimizdə bərpa və yenidənqurma işlərinin başlanması heç də təsadüfi sayıla bilməz. Dağıdılmış yaşayış məntəqələrimizin, kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin yerində ən qısa müddətdə quruculuq və bərpa işlərinə başlanılması, yeni yaşayış məntəqələrinin təməlinin qoyulması Böyük Qayıdışın başlanğıcı kimi tarixə düşdü. Çünki bununla da məhz Ermənistanın apardığı işğalçılıq siyasəti sayəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın öz ata-baba torpaqlarına qayıdışının, həmçinin, əhatə dairəsi böyük olan layihələrin təməli qoyulmuş oldu.
Dövlət büdcəsindən məhz ərazilərimizin bərpası üçün artıq böyük həcmdə vəsaitlər ayrılıb və həmin vəsaitlərlə bir çox infrastruktur layihələrinin, hava limanlarının, dəmir yollarının, avtomobil yollarının salınması, təhsil ocaqlarının, tibb müəssisələrinin, idman komplekslərinin, mədəniyyət ocaqlarının və digərlərinin tikilərək istifadəyə verilməsini və bir sıra uğurlu layihələrin həyata keçirildiyini də yaxşı bilirik. Bilirik ki, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesinin davam etdirilməsi və eləcə də yeni infrastruktur yaradılması üçün görülən işlər öz nəticələrini çox gözlətməyib. Artıq işğaldan azad edilən ərazilərimizə, Azərbaycan torpaqlarına, öz yürd-yuvalarına vətəndaşlarımızın qayıdışının dəfələrlə şahidi olmuşuq. Bu isə onu deməyə əsas verir ki, Böyük Qayıdış uğurla davam edir.
Etiraf etmək lazımdır ki, 2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” məhz yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızın, məcburi köçkünlərin yurdlarına qayıtmasında mühüm əhəmiyyətə malikdir və xüsusi rol oynayır. Sözsüz ki, hazırda biz bunun məntiqi nəticələrini müşahidə etməkdəyik. Görürük ki, dövlətimizin apardığı uğurlu və məqsədyönlü siyasət, eləcə də milli və dövlət maraqlarımızın qorunması istiqamətində görülən işlər öz nəticələrini verməkdədir və vətəndaşlarımızın öz yurd-yuvalarına dönüşü, qayıdışı uğurla davam etdirilir.
Əlbəttə ki, işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi yeni əkin sahələrinin də əkin dövriyyəsinə qatılmasına əsaslı zəmin yaradır. Ərazilərimizin işğaldan azad edilməsi və həmin ərazilərin Ermənistan tərəfindən basdırılmış minalardan təmizlənməsi kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərməkdədir. Artıq minlərlə hektar ərazilərdə dənli bitgilərin əkilməsinin, yüz minlərlə xırdabuynuzlu, on minlərlə iribuynuzlu heyvanların, eləcə də on minlərlə arı ailələrinin ərazilərə köçürülməsinin məhz kənd təsərrüfatının inkişafı üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil.
Onu da diqqətə çatdıraq ki, məhz işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin görülməsi, infrastruk layihələrinin gerçəkləşdirilməsi sayəsində turizm və yaşıl enerji potensialının da reallaşdırılmasına zəmin yaradıb və bu sadalanan istiqamətlərdə də mühüm işlərin görüldüyü artıq bəllidir. Xüsusən də, işğaldan azad edilmiş Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməlinin qoyulduğu, bu istiqamətdə işlərin uğurla davam etdirildiyi də məlumdur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” məhz Nazirlər Kabineti tərəfindən təsdiqlənib ki, bu plan çərçivəsində də işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu isə onu deməyə əsas verir ki, Böyük Qayıdışın reallaşması işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından mühüm mərhələdir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılmaqda olan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Zəngilan rayonunun Ağalı kəndində birinci “Ağıllı kənd” pilot layihəsi deyilənlərə misaldır. Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, əhatə dairəsi olduqca böyük olan layihələr elə məhz Böyük Qayıdışın uğurla davam etməsidir.
Cəsarətlə deyə bilərik ki, işğaldan azad olunmuş torpaqlara yeni bir həyat vermək üçün hazırdanbütün qüvvələr səfərbər edilib. Məhz Böyük Qayıdış proqramı ilə dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir. Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi məhz işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edir, eləcə də Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında, həmçinin davamlı iqtisadi inkişafın təmin olunmasında dövlətimizin məqsədyönlülü siyasəti kimi diqqətdən yayınmır. Həmçinin unutmaq lazım deyil ki, dövlətimiz tərəfindən görülən işlər ölkəmizə, bütövlükdə bölgəyə marağı günü-gündən artırır və bu da öz növbəsində xarici investorların marağına səbəb olur, onların investisiyalarının cəlb edilməsinə əvəzsiz tövhələr verir. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan enerji mənbələrinin, qiymətli yeraltı sərvətlərin, xammal yataqlarının və çoxlu sayda cəzbedici investisiya üstünlüklərinin hələ bundan sonra daha böyük maraq yaradacağını, ümumilikdə bölgəyə belə parlaq gələcək vəd etdiyini unutmaq lazım deyil. Məhz buna görə də “Böyük Qayıdışı” təmin edən infrastrukturun yaradılmasının ön plana çəkilməsi, mütərəqqi beynəlxalq təcrübəyə istinad olunması, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialının və dünya iqtisadiyyatının müasir çağırışlarının nəzərə alınması heç də təsadüfi deyil. Sadalananlar, əhatə dairəsi böyük olan layihələr məhz Böyük Qayıdışın uğurla davam etdiyinin təsdiqidir...
Müəllif: İnam Hacıyev
6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə