Riskəsaslı Gömrük Nəzarəti: ARA Sisteminin Logistikadakı Rolu

“Logistika Mərkəzinin Poçt Bağlamaları Şöbəsində gömrük rəsmiləşdirilməsi prosesi ölkənin idxal-ixrac əməliyyatlarında mühüm rol oynayan strateji mərhələlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında gömrük postunun rəisi Rövşən Mahmudov bildirib.

O, qeyd edib ki, gün ərzində təxminən 20–25 min poçt bağlamasının rəsmiləşdirilməsi həyata keçirilir ki, bu da həm iş həcminin, həm də sistemin operativliyinin yüksək olduğunu göstərir:

“2025-ci ilin yanvar ayından etibarən gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti proseslərinə süni intellektə əsaslanan ARA risk sistemi tətbiq olunub. Bu yenilik bağlamaların identifikasiyası, risklərin qiymətləndirilməsi və nəzarət prosedurlarının sürətləndirilməsinə əsaslı təsir göstərib. Nəticədə poçt göndərişlərinin rəsmiləşdirilməsi əvvəlki illərlə müqayisədə daha çevik və avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

Poçt bağlamalarının əsas idxal istiqamətləri Avropa, Amerika, Türkiyə və Çin bazarlarıdır. Bağlamaların saxlanma səbəblərinin böyük hissəsi malların yanlış bəyan edilməsi, məhsulun sayı və miqdarı ilə bağlı uyğunsuzluqlar, eləcə də bəyannamələrin natamam doldurulması ilə əlaqədardır. Bu cür hallar süni intellekt tərəfindən avtomatik risk olaraq qiymətləndirilir və həmin bağlamalar əlavə gömrük yoxlamasına yönləndirilir.

İdxal, ixrac və tranzit əməliyyatlarının rəsmiləşdirilməsi həm poçt bağlamaları, həm də yük göndərişləri üzrə eyni risk əsaslı yanaşma ilə aparılır. Süni intellekt sisteminin tətbiqi seçmə mexanizmini daha dəqiq etmiş, gömrük nəzarətinə təqdim edilən bağlamaların obyektiv meyarlar əsasında müəyyənləşməsini təmin etmişdir. Beləliklə, yüksək risk qrupuna daxil olan göndərişlər fiziki yoxlamaya cəlb edilir, aşağı riskli bağlamalar isə daha operativ şəkildə sahibinə çatdırılır.

Bu yanaşma həm gömrük prosedurlarının şəffaflığını artırır, həm də logistika sektorunda operativlik və etibarlılığı gücləndirən vacib addımlardan biri kimi qiymətləndirilir”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə