“Kəndlərin işığı sönür, şəhərlərin yükü artır: məşğulluğun görünməyən yarası” - SOSİOLOQ DANIŞDI

“Kənd yerlərində və regionlarda məşğulluq məsələsi ölkənin sosial-iqtisadi inkişafında həlledici problemlərdən biri olaraq qalır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq, əməkdar jurnalist Mətanət Məmmədova bildirib.

Sosioloqun sözlərinə görə, bu gün həm ali təhsilli, həm də təhsilsiz gənclərin əmək bazarına inteqrasiyası ciddi çətinliklərlə müşayiət olunur: “Məşğulluq sahəsindəki çətinliklərin kökündə bir sıra institusional və struktur problemlər dayanır. Bu problemlərdən biri dövlət qulluğuna qəbul prosesində müşahidə olunan bürokratik maneələrdir. Namizədlər imtahanlarda yüksək bal toplasalar belə, müsahibə mərhələsində obyektivliyi şübhə altına alan göstəricilərlə üzləşirlər. Müraciətçilərin redaksiyalara göndərdiyi məlumatlarda da tez-tez vurğulanır ki, imtahan və müsahibə mərhələlərini uğurla keçmələrinə baxmayaraq, vakant yerlərin olmaması səbəbindən işlə təmin edilə bilmirlər. Bu isə sual doğurur: əgər real vakant yerlər mövcud deyilsə, mütəmadi dövlət qulluğu imtahanlarının keçirilməsi hansı məqsədə xidmət edir? Bu sualın cavabı tapılmadan gənclərin məşğulluq probleminin azaldılması çətin görünür.

Digər mühüm aspekt regionlarda iş yerlərinin qıtlığıdır. İş imkanlarının məhdudluğu nəticəsində gənclər kəndlərdən böyük şəhərlərə, xüsusilə paytaxt Bakıya miqrasiya edir. Bu proses regionların boşalmasına, paytaxtda isə sosial sıxlığın artmasına səbəb olur. Bir iş yerinə 5–10 namizəd düşməsi əmək bazarındakı balanssızlığın göstəricisidir.

Son illərdə sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstəyi (subsidiyalar, vergi güzəştləri və s.) regionlarda biznes mühitinin genişlənməsi üçün müəyyən imkanlar yaradıb. Lakin inkişaf etmiş sahibkarların regionlarda yeni istehsalat sahələri, zavodlar, fabriklər açmaması məşğulluğun artmasına mane olur. Regionlarda genişmiqyaslı müəssisələrin yaradılması həm gənclərin işlə təminatını, həm də onların yaşayış şəraitinin yaxşılaşdırılmasını təmin edə bilərdi. Boş qalan kənd evlərinə baxmayaraq, şəhərlərdə kirayə mənzil problemi yaşayan gənclərin sayı durmadan artır.

Gənclərin işsizlik problemi onların sosial həyatına da ciddi təsir göstərir. Məşğulluğun zəif olması nəticəsində mənzil almaq imkanı məhdudlaşır, ipoteka kreditlərinə çıxış çətinləşir. Mövcud ipoteka mexanizmlərinin 17–18 şərt tələbi isə geniş kütlənin bu imkandan yararlanmasına mane olur. Dövlət qurumlarında işləməyən şəxslərin ipoteka üçün uyğun olmaması gənclərin böyük hissəsini bu sosial dəstəkdən kənar qoyur. Nəticədə ailə qurmada gecikmələr baş verir: əvvəl 25–27 yaş arasında qurulan nikahlar indi 30–37 yaş intervalına keçib. Bu isə ölkənin demoqrafik inkişafına, genefondun sağlamlığna da dolayı təsir göstərir.

Bu kontekstdə gənclərin məşğulluğunun regionlarda təmin edilməsi strateji zərurət kimi çıxış edir. Regionların iqtisadi canlandırılması, genişmiqyaslı iş yerlərinin yaradılması, yerli istehsal və sənayenin bərpası təkcə məşğulluq problemini deyil, həm də sosial və demoqrafik çətinlikləri həll etməyə imkan verərdi. Bir problemin həlli digəri üçün də yol açaraq, davamlı inkişafın təmin olunmasına şərait yaradardı. Bu, son dərəcə həssas və kompleks yanaşma tələb edən bir məsələdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə