“Avropa ölkələri Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı bəyanatlarla kifayətlənir” -ŞƏRH EDİLDİ

“Artıq bir neçə ildir davam edən Rusiya–Ukrayna müharibəsi fonunda fundamental dəyişikliklər baş verməsə də, qlobal sistemdə meydana çıxan digər hadisələr bu münaqişənin beynəlxalq gündəmdə nisbi olaraq arxa plana keçməsinə səbəb olur. Xüsusilə ABŞ–İran xəttində gərginliyin artması və ümumilikdə beynəlxalq münasibətlər sisteminin daha mürəkkəb mərhələyə daxil olması diqqətin müəyyən dərəcədə başqa istiqamətlərə yönəlməsinə gətirib çıxarıb”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Onun sözlərinə görə , mövcud vəziyyət göstərir ki, Rusiya Ukrayna ərazilərində hərbi əməliyyatları davam etdirir və mümkün danışıqlar prosesində daha güclü mövqedən çıxış etmək məqsədilə təsir imkanlarını genişləndirməyə çalışır:

”Eyni zamanda, Avropa ölkələri Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı əsasən siyasi bəyanatlarla kifayətlənir, lakin bu bəyanatları dəstəkləyən praktik və effektiv addımlar hələ də məhdud xarakter daşıyır.

Bununla yanaşı, NATO daxilində də müəyyən qeyri-müəyyənliklər müşahidə olunur. Xüsusilə ABŞ-nin alyansdakı rolu və mümkün dəyişikliklər ətrafında aparılan müzakirələr qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Belə bir ssenarinin reallaşması Ukraynaya göstərilən hərbi və siyasi dəstəyin zəifləməsi ehtimalını yarada bilər ki, bu da müharibənin gedişatına birbaşa təsir göstərə bilər.

Digər mühüm məqam Donald Tramp tərəfindən səsləndirilən bəyanatlarla bağlıdır. O, bir neçə ay əvvəl tərəflərə müəyyən vaxt çərçivəsi – xüsusilə may ayına qədər – təqdim olunduğunu və bu müddət ərzində danışıqlarda irəliləyiş əldə ediləcəyinə ümid etdiyini bildirmişdi.

Yaxın aylarda, xüsusilə yay dövrünə qədər münaqişə ilə bağlı müəyyən taktiki dəyişikliklərin baş verməsi ehtimal olunur. Lakin bu proses müharibənin tam başa çatması və ya danışıqların qəti uğurla nəticələnməsi kimi qiymətləndirilməməlidir. Daha real ssenari mərhələli transformasiyalar və qlobal geosiyasi dinamikanın təsiri altında formalaşacaq yeni güc balansıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə