“Şəhərin polisentirik inkişafı həyat keyfiyyətini artırır və tıxacları azaldır” - NƏRGİZ GÜLMALIYEVA

“Müasir şəhərsalma proseslərində əsas problemlərdən biri urban məkanın monosentrik strukturda formalaşmasıdır. Belə modeldə iqtisadi, sosial və nəqliyyat axınlarının böyük hissəsinin bir mərkəzdə cəmlənməsi tıxacların artmasına, zaman itkilərinə və ümumilikdə şəhər həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur”.

SİA xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva bildirib.

“Bu kontekstdə mövcud vəziyyətin optimallaşdırılması kompleks və sistemli islahatların həyata keçirilməsini zəruri edir.

Mövcud çağırışlara cavab olaraq strateji yanaşma şəhərin polisentirik inkişaf modelinə transformasiyasını nəzərdə tutur. Bu model şəhər daxilində funksional zonaların balanslı şəkildə paylanmasını təmin etməklə, mərkəzləşmədən qaynaqlanan təzyiqləri azaldır. Eyni zamanda, rəqəmsal texnologiyaların inteqrasiyası, vahid elektrik infrastrukturu üzərində qurulan ictimai nəqliyyat sistemləri və yaşıl enerji prinsiplərinə əsaslanan infrastruktur islahatları bu transformasiyanın əsas istiqamətləri kimi çıxış edir.

Strateji planlaşdırmada müəyyən edilmiş 2030 hədəfləri (KPI-lar) isə davamlı inkişaf məqsədləri ilə uzlaşır. Bu hədəflərə karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması, yol təhlükəsizliyinin 50 faiz artırılması və “20 dəqiqəlik şəhər” prinsipinin tətbiqi daxildir. Sözügedən prinsipə əsasən, şəhər sakinlərinin gündəlik ehtiyac duyduqları əsas xidmətlərə qısa zaman intervalında , maksimum 20 dəqiqə ərzində , çıxışı təmin olunmalıdır. Bu yanaşma urban mühitdə funksional əlçatanlığı artırmaqla yanaşı, sosial rifahın yüksəldilməsinə də xidmət edir.

Qeyd olunan model beynəlxalq şəhərsalma təcrübəsində “Transit-Oriented Development” və “20 dəqiqəlik şəhər” konsepsiyaları ilə sıx bağlıdır. Hər iki yanaşma insan mərkəzli planlaşdırmanı ön plana çəkir, nəqliyyat və yaşayış mühitinin inteqrasiyasını təmin edir və urban məkanın daha səmərəli istifadəsinə imkan yaradır.

Bununla yanaşı, qlobal mobilik tendensiyaları da şəhər nəqliyyat sistemlərinin transformasiyasını şərtləndirir. Ağıllı nəqliyyat sistemlərinin tətbiqi, nəqliyyatın “xidmət kimi” (Mobility as a Service) təqdim olunması, ağıllı parklama həlləri və ekoloji nəqliyyat vasitələrinə keçid müasir urban inkişafın əsas komponentləri kimi çıxış edir. Bu yanaşmalar həm nəqliyyat effektivliyini artırır, həm də ətraf mühitə mənfi təsirləri minimuma endirir.

Eyni zamanda, beynəlxalq səviyyədə həyata keçirilən uzunmüddətli proqramlar və təşəbbüslər bu istiqamətdə mühüm təcrübə bazası formalaşdırır. 2016–2035-ci illəri əhatə edən bu proqramlar çərçivəsində şəhər mobilikinin inkişafı üçün müxtəlif metodoloji yanaşmalar və praktiki tövsiyələr təqdim olunur. Bu təcrübələrin tətbiqi isə yerli səviyyədə həyata keçirilən islahatların effektivliyini artırmaqla yanaşı, onların qlobal trendlərlə uyğunluğunu təmin edir.

Şəhərlərin davamlı və inklüziv inkişafı üçün monosentrik modeldən polisentirik struktura keçid, rəqəmsal və ekoloji transformasiya ilə müşayiət olunan kompleks yanaşma tələb edir. Bu yanaşma yalnız nəqliyyat və infrastruktur problemlərinin həllinə deyil, həm də şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə