“Bu, Azərbaycanın nümunəvi əməkdaşlıq modelini təqdim etməsi baxımından olduqca əhəmiyyətlidir” - ŞƏRH

“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuata açıqlamaları bir daha sübut etdi ki, bir sıra prinsipial, beynəlxalq və regional məsələlərdə hər iki ölkənin maraqları və siyasi kursları əsasən üst-üstə düşür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycanla Ukrayna arasında tam anlaşılan bir siyasi əməkdaşlıq mühitinin olduğu özünü bir daha göstərdi:

“Ukraynanın, xüsusilə də müharibə dövründə məruz qaldığı humanitar problemlərin həllində Azərbaycanın nə qədər önəmli rol oynadığı bir daha ifadə olundu. Çox yaxşı haldır ki, Azərbaycanın göstərdiyi humanitar yardım həm Ukrayna dövləti, həm də Ukrayna xalqı tərəfindən məmnuniyyətlə qarşılanır. Bu, dünya miqyasında Azərbaycanın Ukraynaya yönəlik humanitar addımlarının heç bir ciddi və ya əks reaksiyaya səbəb olmadığını göstərir və belə bir reaksiya da doğura bilməz. Çünki Azərbaycan Ukrayna ilə münasibətlərdə beynəlxalq hüquq çərçivəsindəki məsələləri humanitar prinsiplərə aid məsələlərdən tam ayrı şəkildə dəyərləndirir və həyata keçirir.

Azərbaycanın Ukrayna ilə bağlı humanitar siyasətində diqqət çəkən əsas məqam bundan ibarətdir. İki ölkə başçılarının, xüsusilə də bundan sonra hərbi istehsal və hərbi sənaye sahəsində imkanların oxşar və eyni perspektivə malik olmasını qeyd etmələri çox əhəmiyyətlidir. Bu, o deməkdir ki, müharibə bitdikdən sonra iki ölkə arasında hərbi sənaye sahəsində yeni və geniş bir mərhələnin başlanacağı şübhəsizdir.

Eyni zamanda bu, çox müsbət haldır ki, hər iki ölkə müharibədən sonra, xüsusilə də hərbi sənaye sahəsində əməkdaşlığı davam etdirməklə bağlı razılıq əldə ediblər. Hazırda davam edən müharibə, təbii ki, Azərbaycan və Ukraynanın hərbi sahədə əməkdaşlıq imkanları qarşısında müəyyən obyektiv çətinliklər yaradır. Lakin müharibə başa çatdıqdan sonra həyata keçiriləcək əməkdaşlığın istiqamətləri İlham Əliyev və Zelenskinin mətbuata açıqlamalarında aydın şəkildə ifadə olundu.

Buna görə də iki ölkə liderinin bu açıqlamalarını, xüsusilə indiki mərhələdə və müharibədən sonrakı dövr üçün Azərbaycanla Ukrayna arasında strateji əməkdaşlığın davam etdirilməsi baxımından mühüm yol xəritəsi kimi qiymətləndirmək olar.

Eyni zamanda Azərbaycanla Ukrayna arasında artıq bu gün də humanitar və mənəvi dəyərlər baxımından təqdirəlayiq əməkdaşlığın mövcud olduğu qeyd olundu. Bu xüsusda Ukrayna uşaqlarının və tələbələrinin Azərbaycanda reabilitasiya keçməsi, eləcə də Azərbaycanın Ukraynaya mülki enerji daşıyıcıları ilə dəstək göstərməsi istiqamətində həyata keçirdiyi humanitar yardımların böyük önəmi vurğulandı.

Çünki bütün bunlar müharibə şəraitində olan bir ölkə ilə Azərbaycanın nümunəvi əməkdaşlıq modelini təqdim etməsi baxımından olduqca əhəmiyyətlidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə