“Gender bərabərliyi məsələsinə yanaşarkən milli mentalitet nəzərə alınmalıdır” -SOSİOLOQ DANIŞDI

“Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdən etibarən cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması əsas prinsiplərdən biri kimi formalaşmışdır. Bu dəyərlər sistemi çərçivəsində qadına münasibət hər zaman xüsusi yer tutmuş, Azərbaycan ailə modelində ana, bacı, xala, bibi və digər qadın obrazları yüksək mənəvi statusa malik olmuşdur. Qadına yanaşma ənənəvi olaraq hörmət və ehtiram üzərində qurulmuş, bu münasibət yalnız sosial praktikada deyil, həm də mədəni və ədəbi irsdə öz əksini tapmışdır”.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA- ya açıqlamasında bildirib ki, Qədim türk-Azərbaycan mədəniyyətinin mühüm qaynaqlarından olan “Kitabi-Dədə Qorqud” dastanında qadın və ana obrazlarının uca tutulması, onların ailə və cəmiyyətin dayağı kimi təqdim edilməsi bu yanaşmanın tarixi köklərini aydın şəkildə göstərir:

”Eyni zamanda klassik Şərq ədəbiyyatında qadın adlarının əsərlərin başlıqlarında yer alması , “Leyli və Məcnun”, “Xosrov və Şirin” kimi nümunələr , qadına verilən dəyərin mədəni müstəvidə də təsdiqidir. Bu faktlar göstərir ki, Azərbaycan sivilizasiyasında insanın dəyəri onun cinsinə görə deyil, mənəvi keyfiyyətləri və fərdi bacarıqları əsasında müəyyənləşdirilmişdir.

Diqqət çəkən məqamlardan biri də Azərbaycan dilində qrammatik cins kateqoriyasının olmamasıdır. Bu xüsusiyyət dil müstəvisində gender neytrallığının mövcudluğunu göstərir və cəmiyyətin mədəni yanaşmasının dilə də sirayət etdiyini sübut edir. Bu baxımdan, gender balansının tarixən müəyyən səviyyədə formalaşdığını qeyd etmək mümkündür. Avropa ölkələrində gender bərabərliyi daha çox hüquqi və institusional mexanizmlərlə tənzimləndiyi halda, Azərbaycanda bu anlayış uzun müddət ənənəvi və mənəvi dəyərlər üzərindən inkişaf etmişdir.

Müasir dövrdə gender bərabərliyi və qadın hüquqlarının qorunması ilə bağlı müxtəlif normativ sənədlər mövcuddur. Lakin rəqəmsallaşma və süni intellektin inkişafı ilə xarakterizə olunan yeni mərhələdə cəmiyyətin insanları yalnız cinsiyyət prizmasından qiymətləndirməsi tədricən aktuallığını itirir. Son illərin statistik göstəriciləri göstərir ki, əmək bazarında işsizlik səviyyəsi kişilər arasında daha yüksəkdir və bu, gender münasibətlərində yeni tendensiyaların formalaşdığını göstərir. Eyni zamanda, iş axtarışı prosesində psixoloji təzyiqlərə daha çox məruz qalan tərəfin kişilər olması da diqqət çəkən sosial reallıqlardandır.

Ali təhsil müəssisələrinə qəbul göstəricilərində qadınların say üstünlüyü, eləcə də onların elm, təhsil və idarəetmə sahələrində artan fəallığı müsbət dinamika kimi qiymətləndirilir. Bununla belə, bu proseslərin balanslı şəkildə inkişaf etdirilməsi vacibdir. Mövcud vəziyyət Azərbaycanda qadınların ictimai və vəzifə pillələrində təmsil olunmasına ciddi sistemli maneələrin olmadığını göstərsə də, bəzi sahələrdə struktur yenilənmələrinə ehtiyacın qalması da istisna edilmir.

Gender bərabərliyi anlayışı nə qadınların süni şəkildə üstün mövqeyə çıxarılması, nə də kişilərin hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Əks halda, bu yanaşma sosial tarazlığın pozulmasına səbəb ola bilər. Praktik müstəvidə bəzən genderə əsaslanan fərqli yanaşmaların müşahidə edilməsi, məsələn, qadınlara daha yumşaq, kişilərə isə daha sərt münasibətin göstərilməsi , hüquqi bərabərlik prinsipinin tətbiqində müəyyən mübahisəli məqamlar yaradır.

Boşanma statistikalarında qadınların daha çox təşəbbüskar tərəf kimi çıxış etməsi də gender münasibətlərinin dəyişən dinamikasını əks etdirir. Bununla yanaşı, Azərbaycan cəmiyyətində qadına, xüsusilə ana və ailə institutunun təməli kimi , verilən yüksək mənəvi dəyər tarixi-mədəni şüurun ayrılmaz hissəsi olaraq qalır. Bu xüsusiyyət bir sıra Qərb cəmiyyətlərində hüquqi mexanizmlərlə tənzimlənən münasibətlərdən fərqli olaraq, daha çox mental və ənənəvi əsaslara söykənir.

Gender bərabərliyi məsələsinə yanaşarkən milli mentalitet, tarixi təcrübə və müasir sosial reallıqların kompleks şəkildə nəzərə alınması daha balanslı və effektiv nəticələrin əldə olunmasına imkan yaradır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə