Fransada siyasi balans ciddi şəkildə dəyişib - Sorğu

“Journal du Dimanche” (JDD) qəzetinin sifarişi ilə Ifop sorğu mərkəzinin sosial sorğu barometrinin son nəticələri Fransada siyasi balansın ciddi şəkildə dəyişdiyini göstərir. Prezident Emmanuel Makron keçmiş qeyri-populyarlıq rekorduna yaxınlaşdığı halda Baş nazir Sebastyan Lökornü hələ də ictimai rəydə müsbət imicini qoruyur. Bu dinamika seçici sosiologiyası və siyasi mövqelər baxımından kəskin fərqləri üzə çıxarır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ifop-JDD-nin sorğusuna əsasən, Emmanuel Makronun məmnunluq göstəricisi 16 faizə enib. Bu rəqəm onu Fransua Ollandın V Respublika dövründə qeydə alınmış ən aşağı göstəricisi olan 13 faizə yaxınlaşdırır. V Respublikanın digər prezidentləri heç vaxt belə qeyri-populyar olmayıblar.

E.Makronun populyarlığının sürətlə geriləməsi, sadəcə, ümumi ictimai rəy deyil, onun 2022-ci ildə seçki qələbəsinin dayaqlarının da çökməsi ilə izah olunur.

Son iki ayda ümumi məmnunluq göstəricisi 25 faizdən 16-ya düşüb. Ən narahatedici məqam isə Makronun öz əsas elektoratını itirməsidir. 2022-ci ilin birinci turunda ona səs verənlərin yalnız 45 faizi indi ondan məmnundur. Bu, 22 faiz azalma deməkdir. Bu, eyni zamanda, Sarkozi və ya Ollandın ən çətin dövrlərində belə yaşamadıqları zəiflik göstəricisidir.

Baş nazir Sebastyan Lökornünün populyarlığı Makronla müqayisədə daha yaxşı görünür. Sentyabrda 40 faiz məmnunluqla başlayan Lökornü iki ay yarım ərzində 34 faiz düşsə də, bu, hələ də onun nisbətən təhlükəsiz mövqeyini qoruyur. Onun vəziyyəti digər Baş nazirlərlə müqayisədə orta səviyyədədir.

Lökornü isə hələ də “ictimai şübhənin kreditinə” malikdir. Hakimiyyətin büdcə müzakirələrindəki nəticələr isə onun üçün dönüş nöqtəsi ola bilər.

E.Makronun zəifliyi fonunda Lökornü ilə arasındakı populyarlıq fərqi rekord səviyyəyə çatıb, demək olar ki, ikiqat olub.

Bununla belə, Sebastyan Lökornünün sağçılar arasında mövqeyinin azalması onu əvvəlki Baş nazirlərdən - Barnyedən fərqləndirir, Bayrudan isə daha dayanıqlı edir.

Bütün xəbərlər Facebook səhifəmizdə