Sivil cəmiyyətlərin formalaşmasında fikir, söz və məlumat azadlığı müstəsna rol oynayır - TƏHLİL

Demokratiyanın əsas göstəricilərindən olan fikir, söz və məlumat azadlığı sivil cəmiyyətlərin formalaşmasında, dövlətlərin, xalqların hərtərəfli inkişafında müstəsna rol oynayır. Azərbaycan məhz fikir, söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşıldığı ölkələrdəndir və ölkəmiz sivil ölkə olaraq bütün dünyada qəbul olunur. Çünki sivil cəmiyyətin atributu fikir, söz, məlumat azadlığıdır və demokratik mexanizmlərin mövcudluğunu, işləkliyini təsdiq edən əsas şərtlərindən.

Azad mühitdə yaşamaq, fikri sərbəst ifadə etməkdən yaxşı heç nə ola bilməz və ona görə də aydın olur ki, fikir, söz, ifadə azadlığı, məlumat azadlığı dünyada ən əvəzolunmaz nemətlərdəndir. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması deməkdir. Bu isə onu deməyə əsas verir ki, sadalanan həmin o fikir, söz, məlumat azadlığı bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyərlərdir. Bu dəyərlər də sözsüz ki, öz növbəsində ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdən, əsas amillərdən sayılırlar. Ümumiyyətlə, hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyini və demokratik təsisatların nə dərəcədə uğurla işləməsini göstərən də məhz insan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatıdır.

Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunu şərtləndirən amillərdəndir. Heç də təsadüfi deyil ki, insan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ən ali nemət olaraq qəbul olunub. Cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin əsas tərkib hissəsi isə qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr olmaqla, kütləvi informasiya vasitələri hesab olunur. Əvvəla ona görə ki, həmin vasitələr cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, eyni zamanda da onları istiqamətləndirirlər. Digər tərəfdən də mətbuat dövrün güzgüsü olaraq qəbul edilməkdədir və belə də hesab olunur. Məhz bu baxımdan da dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi sayılır.

Çox yaxşı bilirik ki, Azərbaycanın milli mətbuatının olduqca zəngin keçmişi, ənənəsi,tarixi var və hal-hazırda ölkə mətbuatının uğurlu inkişafı da bu zənginliyin, bu ənənənin, bu tarixin məntiqi davamı və nəticəsidir. Hamıya çox yaxşı bəllidir ki, "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Tarixi faktlar da deyilənləri təsdiq edir. 1918-ci ildə özünün dinamik inkişafı üçün şans qazanan milli mətbuatımızın, eləcə də söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə, xüsusən də hazırki dövrdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin, müxtəlifliyinin, peşəkarlığın əsasını qoyub. Bu baxımdan cəsarətlə deyə bilərik ki, milli mətbuatımızın uğurlu inkişafı məhz onun zəngin keçmişinin mirasıdır.

Çox yaxşı bilirik ki, digər sahələrdə olduğu kimi mətbuat azadlığının təmin edilməsində də, milli mətbuatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin tarixi rolu olub. Ulu Öndərin bu tarixi rolunu təsdiq edən inkaredilməz faktlar mövcuddur və bu baxımdan da cəsarətlə deyə bilərik ki, sözün həqiqi mənasında, Azərbaycan mətbuatının öz müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması elə Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsası qoyuldu. Müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirən Ulu Öndər bu sahəyə də diqqətini əsirgəmədi və məhz onun rəhbərliyi, tapşırığı ilə Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edildi. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, xüsusən də, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çox saylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər keçirmək ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə və digər bu kimi məsələlər Ümummilli Lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Bu baxımdan da Ulu öndər Heydər Əliyevin Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülməsi heç də təsadüfi deyildi.

Hazırda ölkəmizdə söz azadlığına, fikir, ifadə, məlumat azadlığına xüsusi önəm verilir və bu azadlıqlar daha ciddi şəkildə qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi bizim ölkəmizdə ön planda durur və təsadüfi deyil ki, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşıldığı ölkələrdən hesab olunur. Dövrün gerçəklərini, həqiqətlərini özündə əks etdirən, cəmiyyətin güzgüsü hesab olunan media fikir, söz, məlumat azadlığı ölkəmizdə hər zaman qorunduğu kimi, hətta daha da yüksək səviyyədə yenə də mühafizə edilir və bu sahənin inkişafı üçün bütün imkanlar səfərbər edilir.

Müəllif: İnam Hacıyev

6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə