II Şuşa Qlobal Media Forumu tərtibatına, müzakirə olunan mövzunun aktuallığına, həmin tədbirdə iştirak edən media mənsublarının hansı qurumu təmsil etdiklərinə baxsaq baş verənləri dünyaların müzakirəsi də adlandırmaq olar. Yəni, Forumu mövzusu bir-birinə dost, neytral və düşmən olan ölkələrin nümayəndələrini bir araya gətirməyi bacarmışdı. Bir daha bəlli oldu ki, dünya dezinformasiyadan əziyyət çəkir. Çəkisindən, nüfuzundan asılı olmayaraq media qurumları yalan yazmağı da bacarırlar. Həm də bunu elə şəkildə edirlər ki, ölkələr arasında böyük qalmaqallar da yaşana bilər, hətta müharibələr də baş verər. Prezident İlham Əliyev bir neçə dəfə Qərb mətbuatında Azərbaycan haqqında dezinformasiyaların yer aldığına işarə vurdu. Və həmin yanaşma bu gün də davam edir. İkili standartlar hələ də həqiqətin gizlədilməsinə, ört-basdır edilməsinə xidmət edir.
Qarabağ münaqişəsi başlananda Azərbaycan ilk zərbəni mətbuatdan aldı, Qərb təmsilçiləri səhifələrində dərc etdirdikləri məqalələrdə Azərbaycan torpaqlarını ələ keçirən Ermənistanın əvəzinə Azərbaycanı işğalçı kimi təqdim etməyə çalışdılar. Bir müddət məqsədlərinə çatmış kimi göründülər, hətta Azərbaycan torpaqlarını hərbi yolla, zorla işğal edən Ermənistanla pay bölgüsü aparmağa cəsarət etdilər. Bir sözlə Qərb mətbuatı bu savaşda həqiqəti gizlətdi, işğalçını gizlətdi, beynəlxalq qanunları, norma və prinsipləri ayaqlar altına atdı.
İkinci Qarabağ savaşında Azərbaycan beynəlxalq güclərin fərsiz olduğunu anlayınca özü, həm də təkbaşına torpaqlarını erməni işğalından azad etdi, suveren ərazilərində hüquqlarını bərpa etdi. Azərbaycan yalnız öz torpağında təmizləmə, anti-terror əməliyyatı həyata keçirdi. Ermənistanın təmsil olunduğu hərbi blok – KTMT adlı qurum bu məsələdə çox aciz duruma düşdü, ermənilərin çağırışına biganə qalmalı oldu. Ermənistan rəhbərliyi düşünürdü ki, müharibənin ilk anındaca bütün KTMT üzvləri onun çağırışına qaça-qaça gələcək, Azərbaycana qarşı müharibəyə qoşulacaqlar. Ermənilərin yanlış məlumatlarına rəğmən heç bir ölkə İrəvanla onun apardığı ədalətsiz müharibədə yan-yana durmadı.
Forumun keçirməkdə məqsəd də həm yerli, həm də beynəlxalq media ictimaiyyətinin diqqətini bu sahədə görülə biləcək tədbirlərə cəlb etmək idi. Prezident İlham Əliyevin forum iştirakçıları ilə görüşü ölkəmizdə mediaya göstərilən diqqətin təzahürüdür. Sessiyada dezinformasiyaya qarşı mübarizə, eləcə də saxta xəbərlərin yayılması ilə bağlı məsələlər həm yerli, həm də beynəlxalq ekspertlərin diqqət mərkəzində oldu. Hər kəs bir daha əmin oldu ki, dezinformasiya ilə mübarizə üçün platformanın yaradılması vacibdir.
Azərbaycan regionda sülh yaratmağa çalışır, bunun üçün hətta 30 il torpaqlarımızı işğalda saxlayan Ermənistanla mehriban qonşuluq yolunu seçmək istəyir. Amma 44 günlük müharibədə ağır məğlubiyyətə baxmayaraq Ermənistan uzanan sülh əlini tutmaq istəmir, revanşa hazırlaşır. Baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan rəhbəri ilə görüşdən qaçması da buna bir işarə idi. Bununla da qətiyyətlə demək olar ki, Bakı ilə İrəvan arasında sülh danışıqları dalana dirənib, bunu artıq etiraf etmək lazımdır. “Böyük Britaniya “komediyası” danışıqların uğursuzluğunda əsl səbəbkarın Ermənistan olduğunu bütün çılpaqlığı ilə göstərdi. İrəvanın təəssübkeşləri indiyədək danışıqların nəticəsiz qalınmasında Azərbaycanı günahlandırırdılar və Ermənistanı təmizə çıxarırdılar. Bu gün isə Paşinyan Böyük Britaniyada görüşdən imtina etməsi ilə əsl günahkarın elə Ermənistan olduğunu sübuta yetirdi.
Başqa bir məsələ, region dövlətləri “3+2” formatında danışıqların uğur qazanacağına inandığı halda, Ermənistan yenə cığallıq edir. İlkin mərhələdə bu formatı müsbət qiymətləndirən İrəvan həlledici anda Paşinyana Makronun verdiyi “məsləhət”dən sonra. Fikrindən daşınır. Ermənistanın “3+2” formatına əvvəlcə müsbət yanaşdığını göstərir, iş son mərhələyə çatanda isə yenə də bundan boyun qaçırır və dialoqa hazır olmadığını subut edir. Sülh müqaviləsində də oxşar hadisə baş verir, Ermənistanın ən son anda imzalamadan imtina edəcəyi indidən bəllidir.
Bunun ardınca iyulun 20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcəri atəşə tutur. Əlbəttə, Ermənistanın təxribatları onun üçün yaxşı heç nə vəd etmir. Son aylarda sərhəddə sakitlik idi. Normallaşma istiqamətində işlər aparılırdı. Delimitasiya ilə bağlı müsbət nəticələr də əldə edilmişdi. Bu gün isə vəziyyət mənfiyə doğru dəyişir. Ermənistan tərəfi sülh sazişi üzərində irəliləmək istəyirsə, təxribatlardan çəkinməlidir. Əks təqdirdə bütün sərhəd boyu tam üstünlüyə malik olan Azərbaycan Silahlı Qüvvələri istənilən anda təxribatçı düşmənin cavabını verməyə qadirdir.
Ermənistanın törətdiyi çirkin əməllər beynəlxalq media tərəfindən şəffaf şəkildə, qərəzsiz, ikili standartlarsız işıqlandırılsa İrəvan bu qədər irəli gedə bilməz. İşğalçını daha tez ram etmək, ona qulaqburması vermək üçün beynəlxalq qanunların mexanizmi işə düşər, Ermənistanın şıltaqlığına, cığallığına son qoyular. Azərbaycan Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Forumunda dediyi kimi: “Əlbəttə, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə edilirsə, bu, Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir, bu, niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə