Öz-özünə danışmaq bir çox insanın gündəlik həyatında fərqinə varmadan etdiyi davranışlardan biridir. Bəzən səssizcə, bəzən isə ucadan öz fikirlərini ifadə etmək şəklində təzahür edən bu vərdiş uzun illər boyu həm maraqla qarşılanmış, həm də sual doğurmuşdur: bu hal normal psixoloji prosesin bir hissəsidirmi, yoxsa bir narahatlıq əlamətidir?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, bu əslində dərin psixoloji və emosional səbəblərin nəticəsi ola bilər:
"Belə hallar, xüsusilə də uzun müddət anlaşılmadığını, dinlənilmədiyini və diqqətdən kənarda qaldığını hiss edən insanlarda müşahidə olunur. Bu vəziyyət təkcə sosial münasibətlərdə deyil, həm də insanın daxili aləmində böyük təsir yaradır. Özünü ifadə edə bilməyən, fikirlərini bölüşmək üçün qarşısında anlayışlı bir dinləyici tapmayan şəxs tədricən daxilinə qapanır və nəticədə öz-özünə danışmağa başlayır. Əslində, öz-özünlə danışmaq müəyyən dərəcədə təbii və hətta sağlam bir davranış ola bilər. İnsan düşüncələrini səsli şəkildə ifadə edərək özünü sakitləşdirmək, diqqətini cəmləmək və ya qərar vermək istəyir. Lakin bu hal gündəlik vərdişə, hətta bir ehtiyaca çevrilirsə, bu zaman artıq bir xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir. Bu, insanın uzun müddət emosional təzyiq altında qalmasının, psixoloji yükün artmasının və sosial təcridin nəticəsi ola bilər.
İnsanın əsəb sistemi davamlı olaraq gərginlik altında olduqda, beynin rahatlama mexanizmləri işə düşməyə başlayır. Bəzən bu, ağlamaq, bağırmaq və ya təkbaşına düşünmək kimi təzahür edir. Bəzən isə bu gərginlik özünü "öz-özünlə danışmaq" şəklində göstərir. İnsan şüuraltı şəkildə öz fikirlərini paylaşmağa, dinlənilməyə və təsdiq edilməyə ehtiyac duyur. Qarşısında onu anlayacaq bir insan tapmadıqda, bu ehtiyacı özü-özünə danışmaqla kompensasiya etməyə çalışır.
Bu cür davranışlar çox zaman cəmiyyət tərəfindən yanlış anlaşılır və ya qeyri-adi hesab edilir. Halbuki, bu davranışın arxasında diqqət, anlayış və qəbul olunma ehtiyacı dayanır. Belə insanlar üçün ən vacib şeylərdən biri də empati və dəstəkdir. Onlara qulaq asmaq, dəyər verdiyini hiss etdirmək və sadəcə “yanındayam” demək bəzən düşündüyümüzdən daha böyük təsir yarada bilər. Öz-özünlə danışmaq təkcə psixoloji narahatlıqların göstəricisi deyil, həm də insanın daxili dünyası ilə təmas qurmaq formasıdır. Lakin bu hal artan şəkildə və davamlı olaraq təkrarlanırsa, bu zaman peşəkar psixoloji dəstəyə ehtiyac duyula bilər. İnsan, bir başqasının varlığına, anlayışına və diqqətinə ehtiyac duyan sosial varlıqdır. Ona görə də bir-birimizi dinləmək, başa düşmək və dəstək olmaq bu cür halların qarşısını almaqda böyük rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə