İnsanın depressiyada olduğunu necə anlamaq olar? - PSİXOLOQ İZAH ETDİ

"Çox zaman insanlar kefi-əhvalı az olan zaman "depressiyadayam" ifadəsini işlədirlər. Amma bir neçə saatlıq və ya bir neçə günlük əhval pozuntusu depressiyada olmaq demək deyil". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, depressiya diaqnozunu həkim-psixiatr qoyur. Bir insanın əhvalı günün böyük qismini əhatə edəcək səviyyədə aşağıdakı əlamətlərin ən az beşinə malik olmalıdır ki, depressiya diaqnozu qoyula bilsin:

1. Əvvəlki maraq kəsb edən fəaliyyətlərə artıq marağın qalmaması;

2. İştahda azalma və ya artma;

3. Çəkidə azalma və ya artma;

4. Gündəlik rutinlərdən, eləcə də sevgi münasibətlərindən zövq ala bilməmək;

5. Diqqətini hər hansısa şəxsə və ya obyektə cəmləyə bilməmək;

6. Yuxu azalması və ya artması;

7. Günahkarlıq, dəyərsizlik hissi;

8. Enerjidə azalma, yorğunluq, intihar düşüncələri.

Qadınların beyni elə şəkildə yaradılıb ki, onların əksəriyyəti çox və dərin düşünür. Ona görə qadınlar daha çox depressiyaya düşür".

"Sadalanan əlamətlərə əsasən deyim ki, depressiya hər insanda fərqli əlamətlərlə özünü göstərir. Şərt o deyil ki, sadalanan əlamətlərin hamısı olmalıdır. Onlardan ən azı beşi olmalıdır və fərqli formalarda olur.

Depressiyada olan insana çox zaman şablon ifadələrlə öyüd-nəsihətlər verilir. "Ayağa qalx, güclü ol" deyilir, onsuz da, güclü ola bilsəydi, olardı. Bu onun özündən asılı olmayan bir vəziyyətdir. Yaxud da, "artıq toparlan, ağlama, burada pis olmalı bir şey yoxdur" kimi ifadələrlə o insanın duyğularını sanki önəmsəməmiş olurlar. O insan düşünür ki, məni başa düşmürlər. Belə olanda onun vəziyyəti yaxşılaşmaq yerinə daha da pisə doğru gedir. Odur ki, bu kimi şablon ifadələrlə yaxınlarımızın vəziyyətini pisləşdirməkdənsə, professional yardım almaq yaxşıdır. Depressiyanın yüngül formalarında yalnız psixoloq işləyir. Amma dərin, ağır depressiv vəziyyətlərdə həm psixiatr antidepressant yazır, həm də psixoloq işləyir. İnsanlarda fərqli olur, biri bir aya, digəri iki aya düzəlir. Hərədə fərqli olaraq nəticə verir", - deyə psixoloq əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə