Fransanın 150 şəhər və qəsəbəsində Makrona qarşı etiraz nümayişi təşkil olunur

Sentyabrın 7-də Fransada Emmanuel Makrona qarşı tələbə və lisey təşkilatlarının təşəbbüsü ilə etiraz nümayişləri keçirilir. Bu nümayişlər bütün solçu partiyalar (NFP, LFI, PCF, Ekoloqlar) tərəfindən dəstəklənir. SİA xəbər verir ki, ölkənin 150-dən çox şəhər və qəsəbəsində keçirilən nümayişlər “Emmanuel Makronun çevrilişinə qarşı və demokratiya uğrunda yürüş” devizi ilə Tələbə və Lisey Həmkarlar İttifaqları tərəfindən təşkil olunur.

“Gəncləri ifrat sağçıların hakimiyyətə gəlməsinə və cəmi bir ayda üç seçkidə ağır məğlubiyyətə uğrayan Emmanuel Makrona qarşı səfərbər etmək bizim vəzifəmizə çevrildi. Makrona və ifrat sağa qarşı çox aydın səs vermişdik. İndi isə ifrat sağın dəstəyi olan Makron hökumətini görürük. Bu aktın əhatə dairəsi hələ dərk edilmir”, – deyə Tələbə və Lisey Həmkarlar İttifaqının sədri Manes Nadel bildirib.

Hazırda təxminən 150 yerdə nümayiş qeydə alınıb. Əvvəlcə nümayişlərə 15 min nəfərin qoşulacağı gözlənilirdi. Lakin polis mənbələrinin məlumatında paytaxt Parisdə nümayişçilərin sayının 8 minədək artacağı, ölkə üzrə isə 30 mindən çox olacağı bildirilir.

Solçuların baş nazir postuna namizədi Lüsi Kastet RTL televiziya kanalında müsahibəsində məsələ ilə bağlı belə deyib: “Hesab edirəm ki, fransızların qəzəblərini küçələrdə ifadə etmələri tamamilə qanunidir. Nümayiş demokratik vasitələrin bir hissəsidir. Bu, seçkilərdə səslərimiz nəzərə alınmadığı üçün etiraz nümayişidir”.

Xatırladaq ki, Prezident Emmanuel Makronun Mişel Barnyeni Baş nazir təyin etməsi ölkədə ciddi narazılıq doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə