"Heç kim rəsmi nikah bağlamadan ailə həyatı qurmasın" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əgər rəsmi nikah yoxdursa, amma uşaq varsa, atalıq müəyyən olunubsa, nikahın olub-olmamasından asılı olmayaraq, təbii ki, aliment tələb etmək olar". Bu sözləri SİA-ya açıqlamasında vəkil Anar Qasımlı deyib.

O bildirib ki, amma tərəflər arasında rəsmi nikah yoxdursa, ailə qanunvericiliyindən irəli gələn ər-arvadın hüquq və vəzifələri onlara şamil olunmur: "O cümlədən də əmlak bölgüsü birgə nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət hesab olunması ilə bağlı qanunvericiliyin müddəaları şamil olunmur və gələcəkdə onlar ayrıldıqda əmlak və sair mübahisələr aça bilmirlər.

Məsləhət görürəm ki, heç kim rəsmi nikah bağlamadan ailə həyatı qurmasın. Ailə həyatı qurarkən mütləq rəsmi nikah bağlanması zəruridir. Bundan əlavə məsləhətdir ki, rəsmi nikaha daxil olmaqla yanaşı, eyni zamanda nikah müqaviləsi bağlasınlar. Nikah müqaviləsi ilə öz şərtlərini özləri müstəqil şəkildə müəyyən etsinlər ki, gələcəkdə boşanma prosesi baş verərkən problem, çətinliklər, itkilərlə üzləşməsinlər.

Bir çoxları hesab edirlər ki, dini kəbin varsa, bu, kifayətdir. Hamı bilməlidir ki, dövlət dini kəbini rəsmən tanımır. Dini kəbinin olması hələ onların ər-arvad olması anlamına gəlib çıxmır, heç bir ailə anlayışını yaratmır. Ona görə də mütləq şəkildə nikaha daxil olarkən, yəni ailə həyatı quranlar aralarındakı nikahı rəsmiləşdirməlidirlər ki, ailə qanunvericiliyinin müəyyən etdiyi hüquq və vəzifələrə malik ola bilsinlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə