“Azərbaycan mətbuatı hər zaman xalqımızın istək və arzularını ifadə etməyə çalışır“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Əlbəttə ki, 149 il böyük bir yoldur. Azərbaycan mətbuatı xalqımızın milli düşüncəsinin formalaşmasında, milli kimliyinin qabardılmasında, XIX əsrin son rübündə ictimai və kollektiv şüurun ortaya çıxmasında çox böyük rol oynayıb. “Əkinçi” ilə başlayan, müəyyən mənada “Kəşkül”, “Kaspi”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-rus” qəzetləri həmin dövrdə bu baxımdan böyük əhəmiyyət kəsb ediblər. Artıq XX əsrin əvvəllərindən tamamilə yeni dalğa- milli burjuaziyanın iştirakı ilə ortaya çıxan milli intibah dövrü başlanır. Əlbəttə bu prosesə təsir göstərən başqa amillər də var idi. İqtisadi səbəblər, Bakının böyük neft şəhərinə çevrilməsi, işçi qüvvəsinin axını və digər səbəblər yeni məhsuldar qüvvələrin ortaya çıxmasına gətirib çıxartdı. Bu da ictimai münasibətlərin inkişafı və onun fərqli şəkildə meydana çıxması üçün şərait yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, erməni-müsəlman münaqişəsi, eyni zamanda milli zəmində toqquşmalar milli özünüdərk prosesi üçün böyük bir təkan oldu: “1905-ci il 17 oktyabr manifestindən sonra söz azadlığı sahəsində müəyyən addımların atılması, o cümlədən “Həyat”, “Füyuzat”, “Molla Nəsirəddin” kimi nəşrlərin meydana çıxması, siyasi partiyaların yaranması, cəmiyyətdə sosial demokratik ideyaların ortaya çıxması və s. milli düşüncənin formalaşmasına aparan yollardan biri idi. Bütün bunlar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına səbəb oldu. İki il yaşayan Cümhuriyyət Azərbaycanı coğrafi anlayışdan siyasi anlayışa çevirə bildi.

Daha sonra bolşevik istilası dövründə mətbuat daha çox ideoloji səciyyə daşımağa başladı. 70 il sürən prosesdən sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması mətbuatda öz əksini həm bir salnamə, həm də təsir gücünə malik olan ideoloji xətt kimi göstərirdi. Yəni sovet dövründə mətbuat bir tərəfdən mərkəzləşmiş siyasi hakimiyyətin əlində ideoloji silah idisə, digər tərəfdən xalqın milli mədəniyyətinin formalaşmasına öz təsirini göstərirdi”.

Q.Məhərrəmli bildirib ki, müstəqillik dövründə mətbuatın öz inkişaf mərhələləri var: “Teleradio yayımının, ümumilikdə KİV-in hüquqi bazasınən yaradılmasında böyük bir yol qət olundu. Qarabağ müharibəsi və bu kimi hadisələr mətbuata öz təsirini göstərməyə bilməzdi. Müasir dövrdə mətbuatın inkişafından danışarkən ilkin növbədə internetin texnoloji inqilab kimi böyük imkanlar açmasını, onlayn medianın yaranmasını, saytların meydana çıxmasını qeyd etmək vacibdir. Bütün hallarda hazırda mövcud olan şəraitdə Azərbaycan mətbuatı xalqımızın istək və arzularını ifadə etməyə çalışır. Azərbaycan mətbuatının inkişafı ilk növbədə mətbuat azadlığının olması ilə bağlıdır. Ona görə də biz azad mətbuatın inkişafına öz töhfəmizi verməliyik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə