Mətbuatın dünəni, bu günü və sabahı - SORĞU

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının, maarifçiliyin və milli kimliyi tanıtma prosesinin təməli qoyuldu. Artıq 149 ildir mətbuat maarifçilik prinsipləri ilə paralel addımlayır. Müasir dövrün mətbuat tarixçiləri də əslində milli mətbuatın deyil, milli kimliyimizn tarixini araşdırırlar. SİA mövzu ilə bağlı media kapitanlarının fikirlərini öyrənməyə çalışıb.

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Milli mətbuatımız təməli dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş əsas üzərində inkişaf edir. Hesab edirəm ki, daim inkişaf etmək və inkişafa can atmaq 149 illik milli mətbuatımızın əsas göstəricilərindən biridir. Əlbəttə, mediamız ənənələrə sadiqlik xəttini qorumaqla yanaşı, eyni zamanda, müasirləşir, dövrün, zamanın tələbləri ilə uzlaşan fəaliyyətə üstünlük verir.

Bu günün Azərbaycan mediası dünyada Cənubi Qafqaz regionu ilə bağlı etibarlı informasiya mənbəyi kimi qəbul olunur. Bu, adi məsələ sayıla bilməz. Nəzərə alaq ki, yaşadığımız region siyasi təlatümlərlə zəngindir, beynəlxalq ictimaiyyətin gözü bu bölgədədir. Mövcud durumda informasiya amili həm bizim, həm də bütövlükdə yaşadığımız coğrafiya üçün həlledici mahiyyət daşıyır. Fikrimcə, mediamız bu məsuliyyəti dərk edir.

Mediamızın gələcəyinə gəldikdə, onu deməliyəm ki, daim inkişaf etmək gələcək üçün də etibarlı təminatdır. İndiyədək mediamızın maddi-texniki, təşkilati cəhətdən güclənməsi, jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan dövləti tərəfindən bir sıra zəruri tədbirlər gerçəkləşdirilib. Əminəm ki, bu tədbirlər davamlı olacaq. Əlbəttə, görüləcək işlər çoxdur. İstər peşəkarlığın artırılması, istərsə də dünya mediasına inteqrasiyanın dərinləşdirilməsi son dərəcə vacibdir. Bu baxımdan da yeni nailiyyətlərə imza atılacağını söyləmək üçün əsaslar var. Çünki mediamızın inkişaf xətti fundamental təmələ malikdir”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yernisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Son illər gənc və istedadlı jurnalistlərin mətbuata axın etməsi müsbət haldır. Bir və ya bir neçə xarici dildə yazmağı və danışmağı bacaran, informasiya texnologiyalarının “dilindən” anlayan, tükənməz enerjiyə malik olan gənc həmkarlarımızın mediada təmsil olunması bütövlükdə bu sektorun gələcəyinə ümidləri artırır. Azərbaycan mətbuatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Yaxın illərdə ölkəmizdə yeni dövrün çağırışlarına cavab verən peşəkar mətbuat institutunun formalaşacağına şübhəm yoxdur.

Həllini gözləyən problemlər də var. Mətbuat daha ciddi mövzulara maraq göstərməlidir. Mövzu seçimi rəngarəng olmalıdır. Şablonlardan qurtulmağın vaxtı çatıb. Heç bir ictimai yükü olmayan xəbərlərlə vidalaşmaq lazımdır. Təəssüf ki, bu gün saytların ekranından, qəzetlərin səhifəsindən Elgiz, Elza, Zaur kimi şou-biznes nümayəndələri boylanır. Ucuz xəbər arxasınca qaçmaq mətbuatı da ucuzlaşdırır. Oxucunun rəyini əsas götürmək başa düşüləndir. Amma bunu bəhanə edib saytları, qəzetləri sarı rəngə boyamaq təslim olmaq, kütlənin arxasınca sürünməkdir. Sürünməkdən, iməkləməkdən qurtulub yerimək, həm də iri addımlarla yerimək lazımdır”.

Editor.az saytının baş redaktoru Fərid Şahbazlı: “Bu il artıq 149 yaşını qeyd edən Azərbaycan mətbuatı uzun və tarixi bir yol keçib. Milli mətbuatımızın əsası 1875-ci ildə “Əkinçi” qəzetinin yaradılması ilə qoyulub. Bu qəzet o dövr üçün mühüm bir missiyanı yerinə yetirib. Həmin dövrdə “Əkinçi” qəzeti Azərbaycan xalqının milli oyanışında, maarifçilik ideyalarının təbliğində, tərəqqipərvər maarifçilərin bir araya toplaşması işində əvəzsiz rol oynayıb. Həmin dövr üçün əlbəttə ki bu çətin bir missiya idi. Təsadüfi deyildi ki, o zamankı hakim dairələr məhz bu səbəbdən “Əkinçi” qəzetinin fəaliyyətinə icazə vermədilər.

Bu gün Azərbaycan mətbuatı növbəti yaranış gününə böyük bir missiya və uğurlarla gedir. Mətbuat cəmiyyətin aynası olaraq ölkəmizdə ictimai-siyasi proseslərin işıqlandırılmasında yaxından iştirak edir. Xüsusilə də Vətən müharibəsi dövründə jurnalistlər öz qələmini süngüyə çevirərək Azərbaycan həqiqətlərinin təbliği işində mühüm əhəmiyyət kəsb etdilər. Bu gün Azərbaycan mediası 149 yaşına keyfiyyətcə yeni bir mərhələdə daxil olur. Ölkəmizdə Medianın İnkişafı Agentliyinin yaradılması ilə müasir mətbuatın həyatında yeni bir mərhələ başlayıb. Milli mətbuatımız fəaliyyətini müasir tələblərə uyğun qurmaq üçün zəruri addımlar atır. Bugünkü gündə milli mətbuatımız Azərbaycan dövlətinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev ölkə mediasının azad fəaliyyət göstərməsində, fikir və söz azadlığının mövcudluğunda Azərbaycan mətbuatına yaxından və prinsipial şəkildə dəstək göstərir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə